İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bunlar hamısı uydurmadır, yalandır”

7227 21.05.2013 09:29 Ölkə A A

- Aslan bəy, ötən müddətdə aydınlaşdıra bildinizmi ki, hansı fəaliyyətiniz, hansı sözünüz “yuxarıdakılar”ın xətrinə dəyib və sizə qarşı belə sərt qərar verilib? Siz də iddia olunduğu kimi, hesab edirsinizmi ki, vəkillikdən çox siyasi çıxışlar etməyiniz şəxsinizə problem yaradıb?

- Yox. Mənim ətrafımda baş verən hadisələr heç bir siyasi fəaliyyətlə bağlı ola bilməz. Ona görə ki, mən heç bir siyasi fəaliyyətlə məşğul olmuram. Mənim heç bir siyasi fəaliyyətim yoxdur və belə bir fikrim də yoxdur. Sadəcə, mən vətəndaşam, haqqımı bilirəm, haqqımı tələb edirəm və cəmiyyətdə baş verənləri görüb onları deyirəm. Bu gün isə baş verənlər ona dəlalət edir ki, deyənin dilini kəsmək, görənin gözünü çıxartmaq, eşidənin qulağını tıxamaq istəyirlər, başqa bir şey yoxdur. Bu təzyiqlər ancaq mənim aktiv vətəndaş mövqeyimlə bağlıdır.

- Bunun qarşılığında sizi Vəkillər Kollegiyasından azad etmək olduqca sərt cəza deyilmi?

- Əlbəttə ki, sərtdir. Amma hələ azad etməyiblər. Vəkillər Kollegiyası qərar qəbul edib ki, məhkəməyə müraciət eləsin. Mənə müraciət olunub ki, vəkillik fəaliyyətimi dərhal dayandırım. Həmçinin “Aslan İsmayılov və portnyorları” Vəkil Bürosunun fəaliyyəti dərhal dayandırılıb və məhkəməyə müraciət edilib ki, mənim fəaliyyətimə xitam verilsin. Amma mayın 8-dən artıq 13 gün keçib. Bu günə qədər hər gün zəng etsəm də, mən haqqımda qəbul olunmuş qərarı ala bilmirəm. Hərçənd ki, müttəhimə də hökm elan olunandan üç gün sonra tanış olub şikayət vermək üçün hökmü verirlər. 

- Vəkil həmkarınız Ramiz Zeynalov haqqin.az saytında sizinlə bağlı ciddi ittihamlar səsləndirib, sizi hətta dövlət çevrilişinə cəhddə suçlayıb. Bu barədə nə deyə bilərsiniz? 

- O vəkilin mənə qarşı hərəkəti vəkilin öz hərəkəti deyil. O vəkil heç kimdir ki, mənimlə hansısa mübahisəyə girsin. Artıq üç-dörd aydır ki, o, bu mövqeyini davam etdirir. Bundan əvvəl “Təzadlar” qəzetində də yazmışdı, mən cavab vermədim. İndi də onun sahibləridir onu danışdıran, o özü deyil. Mən də bunun arxasında kimlərin durduğunu bilirəm. İndi deyəcəyəm, siz verməyəcəksiniz. Verəcəksinizmi?

- Siz əvvəlcə sözünüzü deyin, Aslan bəy...

- Bütün mənimlə baş verənlərin arxasında dayanan Ramiz Mehdiyevdir. Bu da onunla bağlıdır ki, mən son iki-üç ildə daim Zülfüqarlı qardaşlarının əmlaklarının əlindən alınmasının arxasında Ramiz Mehdiyevin dayandığını açıq-aşkar deyirəm. Söhbət ancaq bundan gedir. 

- Siz hüquqşünas və vəkilsiniz. Nə qədər ciddi arqumentlərə, məlumatlara maliksiniz ki, bir iş adamına qarşı təqib kampaniyasının başında dövlət rəsmisinin dayandığını söyləyirsiniz? Bəlkə siz özünüz özünüzə qarşı təzyiqlərə əsas veribsiniz?

- Yox. Mən tam ciddiyəm. Ona görə ki, tək Zülfüqarlı qardaşları deyil. Metal sənayesində olanların hər birinə qarşı Rasim Məmmədov adlı birisi hücum çəkir. Onun haqqında olan onlarla, yüzlərlə şikayətlərə isə heç kim cavab vermir. Rasim Məmmədov isə hamının bildiyi kimi, Ramiz Mehdiyevə çox yaxın olan bir adamdır, onun biznesini idarə edən birisidir.

- Vəkillər Kollegiyasının müraciətindən əvvəl sizə iqtidar düşərgəsindən hansısa mesaj, xəbərdarlıq gəlmişdimi ki, hakimiyyətə qarşı çıxışlarınızı dayandırasınız?

- Yox. Hakimiyyət düşərgəsində təmsil olunanların hamısı məni çox gözəl tanıyır. Bilirlər ki, məni hansısa hədə və mesajla işimdən çəkindirmək olmaz. Ona görə ki, mən hansı işi götürürəmsə də, həyatım boyu yalan danışmamışam, haqsız-ədalətsiz addım atmamışam. Bundan sonra da yalan danışıb haqsız-ədalətsiz addım atmaq fikrim yoxdur.

- Ramiz Zeynalov deyib ki, sizin Səbayel Məhkəməsinin hakimi Elnur Həsənovla mübahisəniz olub və siz onu təhqir edibsiniz, əl qaldırıbsınız...

- Elnur Həsənovun yazdığına görə, guya mən onu təhqir etmişəm. Artıq Vəkillər Kollegiyasının protokollarına görə, guya mən ona 1000 manat rüşvət təklif etmişəm. Ramiz Zeynalovun dediyinə görə isə mən artıq onu döymüşəm də. Mən birmənalı deyərəm, bunlar hamısı uydurmadır, yalandır. Mən bilsəm ki, bu sözlər Ramiz Zeynalova məxsusdur, mən heç buna  reaksiya verməzdim. Əvvəllər də “Təzadlar”da eyni mahiyyətli müsahibə verib. Müsahibələrindən başqa da biz bir prosesə çıxırıq. “AzərRos” işində mən öldürüləni, zərərçəkəni müdafiə edirəm, bu isə qətli sifariş verəni. Mənim məhkəmədə verilən istənilən vəsatətimə dərhal sərt reaksiya verir və yerindən çığırmağa başlayır ki, Aslan İsmayılov prezidentin əleyhinə danışır. Mən bir neçə dəfə məhkəmədə də demişəm ki, bilmək istəyərdim ki, bu məhkəmənin mənim müsahibələrimə nə aidiyyəti var. Mən hələ şəxsən prezidentin özünün əleyhinə danışmamışam, hakimiyyəti dəfələrlə çox sərt tənqid etmişəm, onun bu işə nə aidiyyəti var.  

- Həmkarınızın digər bir sıra ittihamları da var, onlarla bağlı nə deyə bilərsiniz?

“Bir daha qətiyyətlə bəyan edirəm ki,
əgər mənim hansısa siyasi ambisiyam olsaydı,
heç kimdən qorxmadan elan edərdim”

- Dediyim kimi eyni tipli ittihamlarla Ramiz Zeynalov əvvəllər də çıxış edib, ancaq reaksiya vermədim. O fikirləri mənə qarşı söylədənlərə isə deyəcəyim çox şey var. Birincisi mən heç vaxt nəinki dövlət çevrilişinə çağırış etməmişəm, dövlət çevrilişi edənlərə bu gün də susmaram, etirazımı bildirərəm. Ona görə ki, mənim daim bir amalım olub, islahat yolu ilə irəliləmək. Mən çox gözəl bilirəm ki, istənilən inqilablar, təlatümlər ölkəyə ziyan verir. Mənimçün önəmli olan keçən əsrin əvvəllərində yaşamış Rusiyanın dahi şəxsiyyəti Stolıpinin fikridir.  O bolşeviklərə xitabən deyib ki: “sizlərə böyük təlatümlər, mənə isə böyük Rusiya lazımdır”. Mən də deyirəm ki, kimlərəsə bəlkə böyük təlatümlər, mənə Böyük Azərbaycan lazımdır. İkincisi, bir daha qətiyyətlə bəyan edirəm ki, əgər mənim hansısa siyasi ambisiyam olsaydı, heç kimdən qorxmadan elan edərdim. Ona görə ki, bu, mənim hüququmdur. Bunu da mənə heç kim qadağan edə bilməz. Sadəcə, mənim belə bir fikrim heç vaxt olmayıb, inanmıram ki, nə vaxtsa ola. Başqa məsələdir ki, mənim aktiv vətəndaş mövqeyim var. Bu sahədə məni yeganə başa düşən rəhmətlik Elmar Hüseynov olmuşdu. Bizim fikrimiz var idi ki, elə bir qurum yaradaq ki, o, heç vaxt hakimiyyətə can atmasın. Amma həmişə həm hakimiyyətə, həm müxalifətə tənqidi sözünü deməyi bacarsın. Üçüncüsü, Ramiz Zeynalov mənim uşaqlarımla bağlı deyir ki, guya mən uşaqlarımla bağlı kiməsə ağız açmışam. Mən nə özüm, nə uşaqlarımla bağlı heç kimə ağız açmamışam. Mənim oğlum Vaqif 10-cu sinifdən məktəbdən gedib Amerikada bir ailə proqramı əsasında oxuyub. Ondan sonra Kaliforniya Dövlət Universitetinə qəbul olunub, universitetin tələbə təşkilatının prezidenti olub. Ondan sonra da Azərbaycanda əsgəri xidmətini başa vurub. İndi də Dubay və  Afrikada bizneslə məşğuldur. Bu gün də mənim 7 ildir tikib başa çatdıra bilmədiyim həyət evinin tikintisinə kömək edir. Kiçik oğlum Ziyəddin BDU-nu yaxşı qiymətlərlə bitirib, hərbi xidmətini çəkib. İndi də Avropanın ən seçilən universitetlərindən biri olan Lüdviq Maksimilian Universiteinin hüquq fakültəsində magistr oxuyur. Qızım Konstitusiya Məhkəməsində ən aşağı vəzifədədir. Hərçənd ki, onun savadı çox şeyə imkan verir, bu barədə elə Konstitusiya Məhkəməsinin əməkdaşlarından maraqlanmaq olar.

“İstərdim ki, Ramiz Zeynalov da
öz övladları barəsində mən hesabat verdiyim kimi cəmiyyətə hesabat versin”

Əgər onu da işdən çıxartmağa bəhanə axtarırlarsa da, baş üstə, mən də buna hazıram, qızım da. O, işsiz qalan deyil. Amma mən istərdim ki, Ramiz Zeynalov öz övladları barəsində mən hesabat verdiyim kimi cəmiyyətə hesabat versin. Ondan başqa deyir ki, mən hansısa məmurdan bacımın həyat yoldaşının həbsdən azad edilməsini xahiş etmişəm. O, üstüörtülü deyir, mən sizə tam açıq deyirəm: 2001-ci ildə Elmar Hüseynovla Şahbaz Xuduoğlu həbs olunanda mətbəədə mühəndis işləyən mənim bacımın həyat yoldaşı Şahlar Məmmədov da mənə görə həbs olunmuşdu. Onlarla bağlı mən bütün beynəlxalq təşkilatlara müraciət etmişdim. O cümlədən Strasburqda Avropa Parlamentinin sədri Ser Rassel Consonla, digər rəsmilərlə görüşmüşdüm. Mən görüşlərimin birində ikinci mərtəbədə foyedə gözləyəndə o dövrdə bizim parlament nümayəndə heyətinin rəhbəri olan İlham Əliyevlə təsadüfən görüşmüşəm. O görüşdə mən İlham Əliyevə baş verən özbaşınalıqları demişəm, amma xahiş etməmişəm. Orda bacımın həyat yoldaşının adını da çəkməmişəm, Şahbaz Xuduoğlu, Elmar Hüseynov haqqında demişəm. O isə mənə deyib ki, mənim xəbərim yoxdur, çünki Amerikadan birbaşa bura gəlmişəm. Amma qayıdan kimi bu məsələni araşdıracağam. O, qayıdandan sonra da mən Cenevrəyə, İnsan Haqları Komitəsinin sədri Meri Robinsonla görüşə getmişəm. Orada olanda mənə zəng olub ki, Şahları, Elmarı, Şahbazı azad ediblər. Məsələ bu qədər bəsitdir... Sonda o məni xuliqanlıqda suçlayır. Belə bir şey olmayıb. Onun özü isə iki dəfə məhkum olunub, həbsdə yatıb, bir dəfə isə xuliqanlığa görə.

- Siz 2005-ci ildə prezidentlə görüşmüşdünüz və hələ ki yeganə vəkilsiniz ki, ölkə başçısı tərəfindən qəbul olunubsunuz, bundan sonra haqqınız bərpa edilib. Həmin görüşdə vasitəçi kim olmuşdu, necə oldu baş tutdu?

- Heç bir vasitəçi olmayıb və mən də prezidentə görüş üçün müraciət edəndə heç görüşəcəyimə ümidli olmamışam. Sadəcə, o dövrü xatırlayanlar qəşəng bilirlər ki, mən həm Əli İnsanov, həm Fərhad Əliyevin və bir çox birinci şəxslərin əleyhinə müsahibələr verib onları ittiham edirdim. Bu, yəqin ki, inandırıcı görünməz, amma həqiqət budur. Mən Prezident Aparatında işləmişəm deyə, məndə oranın məlumat kitabçası var. Götürüb kitabçaya baxdım, prezidentin köməkçisi Tariyel Ağayev var. Onun nömrəsini yığmışam ki, onunla danışam. Bir xanım götürdü dəstəyi, dedim ki, vəkil Aslan İsmayılovdur, prezidentlə görüşmək istəyirəm. Telefonumu istəyib, vermişəm. Mən heç o xanımın prezidentin köməkçisini olduğunu bilməmişəm. İki gün sonra mənə zəng olunub və görüşə getmişəm. Bax, bu qədər bəsit. Hərçənd ki, ona qədər mənim İlham Əliyevlə bir neçə dəfə beynəlxalq təşkilatlarda görüşüm olmuşdu. Amma onda prezident deyildi, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri idi.

- Hər halda, o vaxt ölkə başçısının məsələyə müdaxiləsindən sonra siz Vəkillər Kollegiyasına bərpa olunmuşdunuz. İndi proseslər yenə də sıfır nöqtəsinə qaytarılmaq üzrədir. Sizcə, bu dəfə prezidentin iradəsi nəzərə alınıbmı?

- Faktım olmadığı üçün konkret deyə bilmərəm. Əgər məhkəməyə müraciət olunaraq vəkillikdən xaric ediləcəyəmsə, bu barədə məhkəmə qərarı olacaqsa, demək prezidentlə razılaşdırılıb. Olmayacaqsa, demək, bu, kimlərinsə özbaşınalığıdır.

- Növbəti dəfə prezidentə şikayət etmək niyyətiniz varmı?

- Mən 2008-ci ilədək daim məktubla müraciətlər edirdim və o məktubların da faydası olurdu. Özümlə, balalarım, qohumlarımla bağlı heç vaxt heç kimə müraciət etməmişəm. Yəni şəxsi maraqlardan heç vaxt heç yerə zəng etməmişəm. İctimai maraqlarla bağlı bir neçə dəfə müraciət etmişəm. Azərbaycan dövləti üçün böyük işlər görmüş bir alimə mənzil verilib, bir xalq artistinin maddi durumu çox ağır olduğuna görə yanıma gəlib, müraciət etmişəm, prezident təqaüdü verilib. Amma şəxsi maraqlarımla bağlı müraciət olmayıb. Elə mənim problemlərim də ordan gəlir ki, bu ölkədə heç kimə şəxsi məsələlərlə bağlı müraciət etməmişəm, kiminsə yanında gözükölgəli deyiləm və bundan sonra da müraciət etmək fikrim də yoxdur.  

- Hətta bu dəfə ən ağır vəziyyətlə üzləşsəniz belə?

- Yox. Heç kimə müraciət etməyəcəyəm. Ona görə ki, mən hansısa bir addımımı şəxsi marağıma görə atmamışam, etdiyim hərəkətlərdə də ancaq özümə güvənmişəm. Amma hüquqi müstəvidə əlbəttə ki, mübarizəmi aparacağam. Kömək etməyənlərdən incimirəm, hər kömək edənə, dəstək olana isə təşəkkür edərəm. Çünki bu addımı mən özüm atıram və kimdənsə umacağım yoxdur.

- Məlumata görə, sizin rəhbərlik etdiyiniz “Aslan İsmayılov və portnyorları” Vəkil Bürosu və “Viza” Hüquq Firmasının geniş fəaliyyəti hüquq sektorunu monopoliyaya götürmək niyyətində olan bir nazir oğlunun maraqları ilə toqquşduğundan təzyiqlərə tuş gəlmisiniz. Bu, nə dərəcədə əsaslı iddiadır?

- Mən hər şeydə ədalətli olmuşam, heç vaxt rəngləri tündləşdirmək fikrim olmayıb. Əsla elə deyil. Ona görə ki, birincisi, mənim fəaliyyətimdən əldə etdiyim mənfəət o qədər deyil ki, ora göz diksinlər. İkincisi, ədliyyə naziri Fikrət Məmmədovun oğlunun belə bir hüquq şirkəti var. Mənim Fikrət Məmmədova mənfi münasibətimin olduğu hamıya bəllidir. Yəni məndən şikayət edən hakim də inanmıram ki, ədliyyə naziri ilə razılaşdırılmamış o müraciəti etsin. Amma bütün bunlara baxmayaraq, onun oğlu bacarıqlı şəxsdir, həqiqətən də başqalarından fərqli olaraq monopoliya əsasında iş görən deyil.
Sadəcə, imkanlarından istifadə edib savadlı cavanları ora yığıb işini görür. Bizim işlərimizin də toqquşmasından danışmağa əsas yoxdur. Ona görə ki, bizim müştərilər ayrı-ayrıdır. Əgər orda varlılar təbəqəsidirsə də, məndə yoxsullar təbəqəsidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR