İnsanlara hürriyət, millətlərə istiqlal!

78 ŞƏHİDƏ BİR ABİDƏNİ ÇOX GÖRÜRLƏR

Azərbaycanla Ermənistan arasında münaqişənin ciddi xarakter almasına, minlərlə soydaşımız tarixi dədə-baba yurdlarından didərgin salınmasına baxmayaraq, Azərbaycan xoş məram nümayiş etdirərək qonşu ölkəyə yardıma getdi. Hansı ki, hələ 1988-ci ilin 22 fevralında ermənilər Ağdamdan olan 2 gənci, fevralın 25-də isə Əsgəranda daha 2 azərbaycanlını qətlə yetirmişdilər. Spitakda baş verən zəlzələdən 35-40 gün əvvəl - noyabrın 3-də məhz bu şəhərdə azərbaycanlılara qarşı kütləvi qətliamlar həyata keçirilmişdi. Spitak rayonu rəhbərliyinin bilavasitə iştirakı ilə erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqınlar etmiş, nəticədə 40-dan çox azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq rayonu tərk etməyə məcbur qalmışdı.
Köməyə gedən 11923 saylı hərbi hissənin heyət üzvləri arasında Vaqif Əhmədov da olub. ANS-in məlumatına görə, o vaxt ümumi səfərbərliyə 1300 nəfər cəlb olunubmuş. “İlk təyyarədə 80-dən artıq adam var idi. Aeroportda onları qarşılayan mülki geyimli erməni təmiz Azərbaycan dilində onlara belə deyir: ”Təəssüf, biz heç sizi gözləmirdik". Dekabrın 11-də yardıma gedən “İl 76" təyyarəsini Gümrü aeroportunda qəbul etmirlər və təyyarə qəzaya uğrayır, yaxud vurulur, 69 nəfər xilasedici, ehtiyatda olan hərbçi və 9 ekipaj üzvü həlak olur. Bəzi məlumatlara görə, Leninakanın hava limanında dispetçerlər tərəfindən yanlış istiqamətləndirilən ”İl 76" təyyarəsi dağa dəyərək partlayır. Bəzi ehtimallara görə, təyyarə ermənilər tərəfindən vurulub. Sonradan qara qutunun Moskvaya aparılması və it-bata düşməsi də müəmmaları artırdı. O zaman möcüzə nəticəsində tək bir nəfər-Fəxrəddin Balayev sağ qalır. Ancaq ötən il F.Balayev də dünyasını dəyişdi. Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilib.
Ancaq həlak olanların xatirəsinin əbədiləşdirilməsi barədə prezident sərəncamı indiyə qədər yerinə yetirilməmiş qalıb. Belə ki, paytaxt rəhbərliyi şəhidlərə bir abidəni də çox görür. Bakının Xətai rayonunda, Cavanşir körpüsünün yaxınlığındakı parkın baş tərəfində bir daş lövhə var. Bu lövhənin üzərində “Burada 1988-ci ilin 11 dekabr tarixində zəlzələdən zərər çəkənlərə kömək məqsədi ilə Leninakanda qəzaya uğramış ”İl 76" təyyarəsində həlak olanlara abidə qoyulacaq" yazılıb. Ancaq artıq 20 ildən çoxdur ki, 78 nəfərin ölümünün əbədiləşdirilməsi müşkülə dönüb.
Bu məsələnin nə zaman həll olunacağını öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla danışmaq istəsək də, bu, mümkün olmadı. İH-nın mətbuat xidmətinin xanım əməkdaşı isə səbəbi bizə bəlli olmayan aqressivliklə “mən hardan bilim heykəl məsələsi nə vaxt həll olunacaq. Siz Mədəniyyət Nazirliyinə müraciət edin” deyib telefonu üzümüzə qapatdı.
Mədəniyyət Nazirliyindən suallarımıza cavab verən olmadı.
Nazirlər Kabinetinin mətbuat xidmətindən isə dedilər ki, onlarda bu barədə məlumat yoxdur.
Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR