İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə üçün yeni tarix başlayır - 7 fevraldan sonrakı Azərbaycan və region...

1739 08.02.2024 11:30 Siyasət A A

7 fevraldan sonra ölkəmizdə və regionda yeni bir dönəm başlayacaq. Azərbaycan regionun lider dövlətidir. Zəfər seçkisindən sonra təbii ki, çox mühüm proseslər həyata keçiriləcək. Bunlar təkcə ölkəmizin daxilini yox, həm regionu, daha böyük anlamda dünya ilə bağlı iştirakımız olan siyasi, geosiyasi, geostrateji və iqtisadi sferaları, nöqtələri də əhatə edəcək. 

Habelə Qərbə, Avropaya yönəlik siyasətimiz də heç şübhəsiz ki, fərqli və onların münasibətinə adekvat olacaq. 

Ölkə daxilində radikal islahatlar həyata keçiriləcək. Bölgəsəl olaraq ən vacib məsələ isə Ermənistanla sülh müqaviləsi, sərhədlərin delimitasiyası və demarkasiyasıdır. 

Yeni dönəmdə biz bu qeyd edilənlər kontekstində nələrin şahidi olacağıq? Siyasi təhlilçilər 7 fevraldan sonrakı mərhələni necə görür? Çətin, yoxsa asan bir dövrə qədəm qoyuruq?

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına  qaçma”

Elşən Musayev: “Kim yerində deyilsə, gedəcək”

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev hesab edir ki, prezident seçkisi bəzi məmurların gedişini ertələyib: “Əlbəttə ki, 7 fevral seçkisindən sonra çox şey dəyişəcək. Yaxşılığa doğru. Çünki bizim bütövlüyümüz, resurslarımız, xalqımızın birliyi, iradəsi, düzgün seçimi və nəhayət, yürüdülən müdrik siyasət bu dediyimi şərtləndirir. Təbii ki, ən böyük arzumuz tezliklə sülh müqaviləsinin bağlanmasıdır. Əminəm ki, bu məsələ çox yaxın vaxtlarda reallaşacaq. Əsas da Azərbaycanın daha da güclənməsinin, bölgədəki proseslərə tam nəzarətinin, Paşinyanın məcburiyyətinin, hətta deyərdim məhkumiyyətinin fonunda reallaşacaq. Ölkədə ciddi kadr dəyişikliyi olacaqmı? Bunu zaman göstərəcək. Fəqət, bir məsələni dəqiq söyləmək olar: kim yerində deyilsə, gedəcək. Hətta bəlkə də daha tez gedəcəkdi və sadəcə, məlum seçki həmin gedişi ertələyib. Amma bir daha deyirəm: cənab Prezidentin yürütdüyü azərbaycançılıq siyasətinə, milli siyasətə, xalqın rifahına və maraqlarına yönəlik siyasətə uyğun olmayan məmurlar bu komandada ola bilməz, qala bilməz, qərarlaşa bilməz.

Düşünürəm ki, artıq xarici siyasətimizdə də müəyyən korrektələr olacaq. Bizə ən çətin günlərdə namərdlik edənlərə, arxamızdan iş çevirənlərə, zərbə vuranlara öz layiq olduqları yeri ən sərt formada göstərməyin zamanıdır. Heç bir təşkilat, dövlət, şəxs Azərbaycanla hədə və diktə dilində danışa bilməz. Belələri bizim tərəfimizdən ən kiçik güzəşt belə görməməlidir. Qısası, bundan sonrakı 7 ildə əsas işlərimizdən biri də həmin nankor qüvvələrin, demokratiya adı altında yüz oyundan çıxanların cavabını vermək olmalıdır. İlham Əliyev Azərbaycanı son 5-6 ildə azı 2 əsr irəli aparıb. Ona görə də kimsə şübhə etməsin ki, qarşımızdakı növbəti 7 ildə də xalqımız, dövlətimiz Müzəffər Ali Baş Komandanı və Lideri ilə bərabər öz tarixinin ən möhtəşəm uğurlarına, ən sürətli inkişafına imza atacaq".

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov: “İlham Əliyev yerli telekanallara müsahibəsində bəyan etmişdi ki...”

Deputat Bəhruz Məhərrəmov ölkə başçısının verdiyi dəyişiklik anonslarını önə çəkdi: “Bu il yanvarın 10-da Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bəyan etmişdi ki, seçkilər bir dövrə yekun vurur. Bu, kifayət qədər ciddi bir anons idi və özündə dövlətçilik tariximizin mahiyyətcə tamamilə yeni dövrə qədəm qoyması kimi ciddi bir reallığı ehtiva edirdi. Öncə ondan başlayaq ki, yeni period tarixi proseslərin təbii axarının, yaxud inqilablar kimi radikal siyasi transformasiyaların  nəticəsi deyil. Yeni dövr təqribən 30 il davam etmiş, siyasi və iqtisadi müstəqilliyin, ərazi bütövlüyünün və bütün ərazilərimizdə konstitusiya quruluşunun tam bərqərar olunması, sərhəd bütövlüyümüzün təmin olunması, güclü ordu, müdafiə sənayesi və vətəndaş cəmiyyəti quruculuğu ilə yekunlaşan Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsidir. Həm də yeni milli prioritetlər, yeni ali konstitusion niyyətlər dövlət qarşısında yeni məqsədlərdə ehtiva olunacaq. Nəzəri olaraq yanaşsaq, Azərbaycan Konstitusiyasının preambulasında ifadə olunan ali konstitusion niyyətimizin demək olar ki, hamısı reallaşıb, Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, konstitusiya çərçivəsində demokratik quruluş təmin olunub, vətəndaş cəmiyyəti bərqərar edilib, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurulub, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinə nail olmaq və ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək istiqamətində ciddi addımlar atılır. Praktik müstəvidə isə artıq Azərbaycanın işğalda qalan torpağı yoxdur. Ölkəmiz yalnız Cənubi Qafqazda yox, bütünlükdə ətraf regionda əsas söz sahiblərindən biridir. Azərbaycan faktiki olaraq son bir əsr ərzində separatizmə hərbi-siyasi yolla son qoymağı bacaran yeganə dövlətdir. Əlbəttə, bunlar böyük uğurlardır, lakin yeni reallıq özlüyündə yeni təhdidlər meydana çıxarır. Əgər əvvəllər Azərbaycan üçün əsas təhdid işğal, təcavüz və soyqırımda ehtiva olunurdusa, bu gün qarşımızda problem qismində qəbul edə biləcəyimiz məsələlər yeni reallıqla barışmaq istəməyən beynəlxalq subyektlərin neoimperialist niyyətləridir. Lakin Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının üzvü və nüvə gücü olan Fransanı dəfələrlə fiaskoya uğratmaqla dünyaya nümayiş etdirdi ki, biz ölkəmizə yönəlik istənilən təhdidi zərərsizləşdirmək imkanındayıq. Lakin bildiyiniz kimi, dünyanın çoxsaylı təsisatları anti-Azərbaycan kampaniyasında mexanizmə çevrilib, bu mənada yeni dövrdə həm də bu riyakarlıqlarla mübarizə xarici siyasətimizin əsas istiqamətlərindən biri olacaq. Proseslərin gedişatı isə göstərir ki, Azərbaycan bu istiqamətdə əsas gərgin mərhələni arxada qoyub.

Eyni zamanda yeni dövrdə Ermənistanla məhz Azərbaycanın şərtlərinə əsaslanan sülh müqaviləsi artıq qaçılmazdır. Bu, bütövlükdə bölgəmizin taleyini dəyişəcək nüansdır. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa, o torpaqların əsl sahiblərinin təhlükəsiz və ləyaqətli qayıdışını başa çatdırmaq mümkün olacaq. Habelə, cənab İlham Əliyevin Qərbi Azərbaycan siyasətinin də praktik mərhələdə öz nəticələrini məhz yeni dövrdə verməsi gözləniləndir. Qərbi azərbaycanlılar öz doğma yurdlarına sülh və dinclik şəraitində qayıdışı regionda sülh və sabitliyin təməl şərtlərindən birinə çevriləcək. Əlbəttə, ölkədə bütün səviyyələrdə islahatların daha da güclənməsi gözlənilir. Əslində cənab İlham Əliyev bütün sferaları əhatələyən islahatlara çoxdan start verib və yeni dövr də məhz bu islahatların məhsuludur. Lakin inkişafımızın keyfiyyətcə yeni mərhələsi - 7 fevral seçkilərindən sonra islahatlar da mahiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Göründüyü kimi, növbədənkənar prezident seçkisi nəinki Azərbaycan üçün bütövlükdə bölgənin həyatında yeni mərhələ deməkdir. Həm yeni mərhələyə keçidin təmin olunması, eyni zamanda böyük Zəfərin nəticələrinin qorunması isə mövcud siyasi kursun davamlılığı ilə şərtlənir. Daha dəqiq desək, inkişaf və tərəqqinin dayanıqlığı Heydər Əliyev siyasi kursunun davamlılığı ilə birbaşa bağlıdır".

Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti  yaxşılaşacaq”

Sona Əliyeva: “Daxili siyasətdə mühüm gedişlərin şahidi olacağıq”

Sabiq deputat, siyasi şərhçi Sona Əliyeva növbəti yeddi ildə çata biləcəyimiz hədəfləri açıqladı: “7 fevral seçkilərindən sonra Azərbaycan hücum diplomatiyasını davam etdirəcək. Ölkə başçısının növbəti yeddiillikdə həyata keçirəcəyi layihələrin bir çoxunun konturları bəllidir. İlk növbədə ilin sonunadək rus qoşunlarının Azərbaycandan çıxarılmasının şahidi olacağıq. Daha sonra Ermənistanla delimitasiya və demarkasiya məsələlərinin həlli istiqamətində mühüm irəliləyişlər baş verəcək. Düşünürəm ki, işğalçı ölkə ilə növbəti yeddiillikdə sülh sazişinin imzalanmasına da şahidlik edə biləcəyik. Türk Birliyinin açarı hesab edilən Azərbaycan Turan coğrafiyasının inkişafı üçün həlledici addımlar atacaq. Söhbət ilk növbədə dünyamiqyaslı iqtisadi layihələrin gerçəkləşdirilməsindən gedir. Bu iqtisadi layihələrlə Orta Asiyadakı türk dövlətləri Turan Birliyinin daha da  möhkəmləndirilməsinə mühüm töhfələr verəcək. Bu, rəsmi Bakının Orta Asiyadakı mövqelərinin möhkəmlənməsi baxımından da önəmlidir. "Bir kəmər-bir yol" layihəsinin icrası növbəti yeddiillikdə daha da sürətlənəcək. Fikrimcə, imperialist Qərbin dayaqları da Azərbaycan və Türkiyənin birgə addımları sayəsində regionda daha da zəifləyəcək. Düşünürəm ki, daxili siyasətdə də mühüm gedişlərin şahidi olacağıq. İdarəetmə institutunda islahatlar reallaşacaq. İcra hakimiyyəti institutunun vilayət institutu ilə əvəzlənməsi ehtimalı böyükdür. İri sosial layihələrin icrası da baş verə bilər. Maaşların və pensiyaların artımını növbəti illərdə də görəcəyik. Çünki ölkə iqtisadiyyatı günü-gündən inkişaf edir. Ordumuzun gücləndirilməsi istiqamətində əməli addımlar atılacaq. Hərbi büdcənin artırılması gözləniləndir. Ən əsası, Böyük Qayıdış layihəsi çərçivəsində on minlərlə keçmiş məcburi köçkünün işğaldan azad olunan ərazilərə qayıdışı baş tutacaq. Bir sözlə, biz növbəti yeddiillikdə daha güclü Azərbaycan görəcəyik. Bu, xalq-iqtidar birliyinin sarsılmaz dayaqları sayəsində mümkün olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR