Ölkə müxalifəti Müsavatda toplaşdı- Fotolar, bəyanat
İlk olaraq çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu qətnamə və ölkədəki siyasi durum barədə qısaca danışıb və bildirib ki, tədbirin yekununda müxalifətin bəyanatı gözlənilir.
“Ümid” Partiyasının sədri İqbal Ağazadə isə məruzə ilə çıxış edib. O, bildirib ki, ölkədə insan hüquqları sahəsində vəziyyət aramsız olaraq pisləşir. Onun sözlərinə görə, sözügedən qətnamə bir neçə istiqamətdə təhlil oluna bilər: “İlk növbədə indiyə qədər Azərbaycan ictimaiyyətinin və ayrı-ayrı beynəlxalq institutların, hüquq müdafiə təşkilatlarının, insan haqqları evlərinin verdiyi bəyanatlar nəhayət ki, Avropa Birliyi qətnaməsində öz əksini tapdı. Bunu biz daxildə dəfələrlə qeyd edirdik. Müxtəlif bəyanatlar, mövqelər səsləndirirdik, təəssüflər olsun ki, hakimiyyət bunu bizim fərdi və qərəzli yanaşmamız hesab edirdi. Bu proses hətta insan haqqları evləri, təşkilatları ilə münasibətdə belə sanki Azərbaycan müxalifəti ilə davranırmış kimi mövqe sərgiləyirdi. Amma Avropa Birliyinin qətnaməsi kifayət qədər ciddi qətnamə oldu və Azərbaycan hökumətini düşünməyə məcbur edən bir qətnamə halında ictimaiyyətə təqdim olundu. Burada bir neçə aspektdə Avropa Birliyi öz tövsiyyələrini verib və Azərbaycan hökuməti qarşısında şərtlər qoyub. Birincisi, bizim, o cümlədən beynəlxalq təşkilatların da vicdan və siyasi məhbus hesab etdikləri şəxslərin dərhal azadlığa buraxılmasıdır. İkinci aspekt siyasi institutlara olan münasibətdir. Sərbəst toplaşmaq azadlığının, internet azadlığının, kütləvi informasiya vasitələri azadlığının qorunması və hakimiyyəti bu istiqamətdə ciddi addımlar atmağa səsləyən çağırış olduqca önəmlidir. Bu, zaman-zaman Azərbaycanda fərqli fikrin, müxalif düşərgənin tələb etdiyi məsələlərdir. Şəhər mərkəzində artıq mitinqlər keçirmək üçün yer yoxdur, məhsul statdionu istisna olarsa, onu da şəhərin mərkəzi hesab etmək mümkün deyil. Regionda da vəziyyət bu şəkildədir. İfadə azadlığı istiqamətində də Azərbaycanda ciddi problem var. Üçüncü istiqamət Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın xüsusi qeyd olunmasıdır. Hesab edirəm ki, bu, bizim üçün də vacibdir. Biz hesab edirik ki, Azərbaycanın yeri Avropa siyasi coğrafiyasıdır. Biz Avropaya inteqrasiya etməliyik. Avropa Birliyinin öz qətnaməsində bunu xüsusi qeyd etməsi olduqca diqqətəlayiqdir. Biz bunu israrla dəstəkləyirik və Azərbaycan hakimiyyətindən də bunu dəfələrlə tələb etmişik”. İ.Ağazadə QHT-lərlə bağlı qanuna edilən mürtəce dəyişikliklərlə bağlı səsləndirilən fikirləri də dəstəkləyib.
O qeyd edib ki, Azərbaycan hakimiyyəti bir çox beynəlxalq təşkilatlar qarşısında üzərinə demokratikləşmə ilə bağlı öhdəliklər götürüb: “Dünyanın heç bir yerində demokratikləşmə ölkənin iç problemi deyil”. İ.Ağazadənin sözlərinə görə, israrla, daha geniş tərkibdə proses aparılmalıdır, bu, tədbirlərdən tutmuş aksiyalara qədər ola bilər: “Azərbaycanın yeri demokratik dünyadır. Demokratik dünyada yer almağımız üçün də üzərimizə, iqtidarın üzərinə çox böyük məsuliyyət düşür. Ölkədə barış, dialoq mühiti yaradılmalıdır”.
“Azadlıq” Partiyasının sədri Əhməd Oruc isə bildirib ki, ölkədəki partiyalara sərbəst fəaliyyət göstərməyə imkan verilmir, media sıxışdırılır, vətəndaş cəmiyyətinə basqı edilir. O qeyd edib ki, mübarizə aparmaq üçün bütün müxalifət düşərgəsi bir araya gəlməli, birlikdə hərəkət etməlidir. Onun sözlərinə görə, müxalifətdaxili intriqalar vəziyyəti daha da ciddiləşdirir.
AXP sədri Pənah Hüseyn isə bildirib ki, tədbirdə 11 siyasi partiyanın təmsilçiləri, QHT təmsilçiləri və ziyalılar iştirak edir. Onun sözlərinə görə, Avropaya meyl bizim fundamental dəyərlərimizdəndir: “Bu səbəbdən baş verən dəyişiklikləri dəstəkləyirik. Biz nə üçün Avropa istiqamətini üstün tuturuq? Avropaya getmək, Avropa Birliyi istiqamətində addımlar atmaq demokratikləşmə yolunda addımlar atmaqdır. Bəs Rusiya nə təklif edir Avrasiya İttifaqına qoşulmaq üçün? Heç nə tələb etmir”. Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin yürütdüyü antidemokratik siyasət xalqın başında çatlayacaq: “Hər halda, bütün imkanlar tükənməyib. Bizim ciddi təkliflərimiz var. Siyasi partiyaların əməkdaşlıq mərkəzi 2018-ci ilə qədər demokratikləşməni nəzərdə tutan konsepsiyanın üzərində işə başlayıb”.
VİP sədri Əli Əliyev isə qeyd edib ki, bir müddət əvvəl ABŞ prezidentinin çıxışında Azərbaycanın adını çəkməsi, həmçinin Avropa Parlamentinin qətnaməsi Azərbaycan hökumətinin tədricən beynəlxalq dəstəkdən məhrum olmasına işarədir. Onun sözlərinə görə, 2015-ci ildə ölkədə keçiriləcək parlament seçkisi müxalifət üçün ciddi sınaqdır: “Bu, bizim üçün hədəf seçkisi olmalıdır. Həlledici seçkilər olmalıdır. Müxalifət fraksiya yaratmaq gücündə olmalıdır”.
BAP sədri Elşad Musayev isə bildirib ki, mövcud vəziyyətdən çıxış yolu Avropaya meyl edən siyasi təşkilatların birliyindən keçir.
ADP sədri Sərdar Cəlaloğlu deyib ki, Azərbaycanda son 11 ildə insan hüquq və azadlıqları sahəsində heç bir pozitiv dəyişiklik olmayıb: “Artıq repressiya vətəndaş cəmiyyətini içərilərinə doğru gedir”.
Müsavat başqanı Arif Hacılı isə bildirib ki, Müsavat Partiyası üçün Avropinteqrasiyanın alternativi yoxdur. “Biz çıxış yolunu demokratiyanın, insan haqqlarının bərqərar olmasında görürük. Azərbaycanda assosiasiya sazişinin imzalanması tələbi ilə böyük bir hərəkatın başlanması barədə düşünək”.
Müsavatın sabiq başqanı İsa Qəmbər isə bildirib ki, hazırda ölkədə siyasi həbslər nisbətən səngiyib: “Artıq siyasi məhbusların azad edilməsinin zərurəti cəmiyyətdə möhkəmlənib. Siyasi partiyaların əməkdaşlıq mərkəzinin də burada rolu olub”. O qeyd edib ki, siyasi məhbus ailələrinə də diqqəti artırmaq lazımdır. Digər çıxış edənlər də ölkədəki vəziyyətdən narahatlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları adından imzalanan bəyanat səsləndirilib. Bəyanatda bildirilir: “Dəyirmi Masa iştirakçıları Avropa Parlamentinin Azərbaycanda demokratiyanın və insan haqlarının vəziyyətinə dair sentyabr 2014- cü il tarixli Qətnaməsini müzakirə edərək qeyd edir ki, həmin sənəddə Azərbaycanda əsas insan hüquq və azadlıqlarına əməl olunması sahəsində vəziyyətin təsviri və faktiki halları real situasiyaya adekvatdır və gerçəkliyi əks etdirir”.
Qətnamənin tövsiyələrinə gəldikdə isə, bildirilir ki, onlar Azərbaycanın demokratik ictimaiyyətinin, o cümlədən siyasi müxalifətin irəli sürdüyü tələblərlə səsləşir: “Dəyirmi masa iştirakçıları Azərbaycan hakimiyyətindən tələb edir ki, ölkənin strateji maraqlarını nəzərə alaraq həmin tövsiyələrə diqqətlə yanaşsın, ilk növbədə siyasi və vicdan məhbuslarını dərhal və qeydsiz – şərtsiz azad etsin. Bu zaman Dəyirmi Masa İştirakçıları diqqəti ona cəlb edirlər ki, analoji məzmunlu tələb və tövsiyələr Azərbaycanın müqavilə öhdəlikləri ilə bağlı olduğu ATƏT, AŞ, AHİM, BMT- nin İnsan Haqları Komissiyası, habelə sivilizasiyalı xalq və cəmiyyətlərdə böyük nüfuza malik hüquq müdafiə təşkilatları- Amnesty İnternational, Human Rights Watch, Freedom House və digərləri tərəfindən də qəbul edilib”.
Bəyanatda həmçinin vurğulanır ki, dəyirmi masa iştirakçıları beynəlxalq qurum və təşkilatların, bölgə problemlərinə ciddi təsir imkanları olan dövlətlərin demokratiyanın və insan hüquqlarının müdafiəsinə aid çağrış və tovsiyələrinin görməzlikdən və eşitməzlikdən gəlinməsini milli təhlükəsizliyimiz baxımından yanlış hesab edir: “Belə çağırış, tələb və tövsiyələrin birmənalı şəkildə daxili işlərə qarışmaq kimi dəyərləndirilməsi, Azərbaycana düşmən qüvvələrin səylərinin nəticəsi kimi qələmə verilməsi problemin həlli olmayıb dövlətimizi təcrid vəziyyətinə aparıb çıxara bilər ki, məhz bu Azərbaycana dost olmayan dairələrin əsas hədəflərindəndir”.
Eyni zamanda dəyirmi masa iştirakçıları Avropa İttifaqı ilə Assosasiya sazişinintezliklə imzalanması və bunun üçün tələb edilən islahatlaın aparılması istiqamətində addımlar atılmasını zəruri hesab edir. Avrointeqrasiya naminə ümummilli hərəkatın yaradılması təklifinin müzakirəyə çıxarılması da lazım bilinir.
Qeyd edək ki, sentyabrın 18-də Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə edilərək səsvermədən keçib. Müzakirələr zamanı avropalı parlamentarilər Azərbaycanda vəziyyəti tənqid ediblər. Müzakirələrin yekunu barədə Avropa Parlamentinin saytında yerləşdirilən qısa məlumatda deyilir: “Avropa Parlamentinin üzvləri Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində ciddi islahatlar aparmağa, vətəndaş cəmiyyəti təşkilatlarına, müxalifət partiyalarına, müstəqil jurnalistlər hücumları dayandırmağa, sərbəst toplaşma ilə bağlı qadağanı aradan qaldırmağa çağırır". Sənəddə müqəddimədən sonra Azərbaycandakı mövcud vəziyyət bənd-bənd təsvir olunur, yekunda isə tövsiyə və tələblər sadalanır. Bu sənədlə Avropa Parlamenti Azərbaycanla bağlı sanksiya qərarını verib.
Röya RƏFİYEVA
Fotolar müəllifindir






