İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə müxalifəti geniş konfrans keçirdi və demokratiyanı müzakirə etdi

3940 18.09.2014 08:55 Siyasət A A


Musavat.com-un tədbirdə olan əməkdaşının verdiyi xəbərə görə, KXCP sədri Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlanıb. Bundan sonra Xalq Cümhuriyyətinin qurucuları bir dəqiqəlik sükutla yad edilib. 

M.Mirəlioğlu çıxış edərək bildirib ki, tədbirə parlamentdə təmsil olunan partiyalar, həmçinin hakim partiya olan YAP da dəvət olunub. Onun sözlərinə görə, tədbirə bütün siyasi partiya rəhbərləri, nümayəndələri dəvət olunsa da, müəyyən şəxslər iştirak etmir. O qeyd edib ki, ölkədəki son həbslər siyasi partiyaları bir araya gəlməyə və durumu dəyərləndirməyə məcbur edir.

Geniş məruzə ilə çıxış edən Müsavat başqanı İsa Qəmbər bildirib ki, mövcud rejim ölkədə demokratiyanı məhdudlaşdırmaq yolunu tutub. O, fakt kimi sadəcə konstitusiyanın dəyişdirilməsini, iki dəfə keçirilən referendumu göstərib. O qeyd edib ki, demokratiyanın məhdudlaşdırılması ölkəmizin çağdaş dünyada layiq olduğu yeri tutmasına imkan vermir. Demokratik inkişaf Qarabağ münaqişəsinin inkişafına da imkanlar yaradacaq. Ölkənin müstəqilliyinin təhdid altında olduğunu vurğulayan İ.Qəmbər insanların mühacirətindən də təəssüflə danışıb: “Biz nə edəcəyimizi müzakirə etməliyik. Demokratiyanın qarşısının alınması rejimin seçimidir, özünün rəva gördüyü yanaşmadır. Günahı ilk növbədə rejimdə görməliyik. Həmçinin daxili və xarici amillər var”.


 İ.Qəmbər beynəlxalq təşkilatları da bu məsələdə qınayıb. O, həmçinin deyib ki, yaranmış vəziyyət hakimiyyətlə yanaşı, daxili və xarici amillərlə də bağlıdır: “Bəzi qüvvələr ölkədəki vəziyyətin dəyişməsi üçün müxalifətin dəyişməsini istəyir. Bu yanaşmalar məntiqsizdir”. “Bizim tərəfdarlarımız bütün xalqdır. Xalq ölkədə dəyişiklik istəyir, xalqın demokratik dəyişikliklərə inamsızlığı var, bunu dəyişməliyik. Azərbaycanda demokratiyanın inkişafı üçün yenidən bir başlanğıc edəcəyik”,- deyə Müsavat başqanı dəyişikliklərin yaxında olduğunu vurğulayıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə çıxışında bildirib ki, “nə etməli” sualına cavab axtarmaq lazımdır: “Cəmiyyətə açıq olmalıyıq. Xalq bu prosesə cəlb olunmalıdır. Kim nə qədər mübarizə apara bilirsə, o siyasi təşkilatlarla o qədər irəliləmək lazımdır. Xalq prosesin içinə alınmayacaqsa, məğlubiyyət qaçılmazdır. Funksional əməkdaşlıq üçün bizə heç nə mane olmamalıdır”. Onun sözlərinə görə, cəmiyyətdə bir siyasət qorxusu var: “Bu qorxu götürülməlidir və daha çox insan bizim sıralarımıza cəlb olunmalıdır”.  
Azadlıq Partiyasının sədri Əhməd Oruc da bildirib ki, demokratik inkişafı təmin etmək üçün ilk öncə polemikalara açıq olmaq lazımdır: “Bu məsələləri müzakirə etməliyik, bundan çəkinməli deyilik”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qeyd edib ki, heç kim bizim əvəzimizə gəlib demokratik mühit yaratmayacaq: “Vuruşuruq, biz vuruşacağıq. Sıradan çıxanlar var, ağırdır, bunu bilirik. Amma bu yolda yürümək lazımdır”.

ADP sədri Sərdar Cəlaloğlu isə bildirib ki, demokratiya hakimiyyəti dəyişmək üçün yox, ilk növbədə insan kimi yaşamaq üçün lazımdır. Onun sözlərinə görə, mübarizənin gedişində beynəlxalq təşkilatların rəyini nəzərə almaq lazımdır: “Biz indiyədək bu rəyi nəzərə almamışıq”. O həmçinin deyib ki, ölkədə demokratikləşmənin baş verməsi üçün iqtidarla müxalifətin təması, dialoqu vacibdir. S.Cəlaloğlu prosesin yanlış gedişində məsuliyyəti bölüşdürməyin vacibliyini də qeyd edib.  

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirib ki, müxalifət daxili yarışdan imtina etməlidir. Həmçinin hakimiyyətlə dialoq və əməkdaşlıq yolunu hər zaman vurğulamaq lazımdır.  

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə müxalifəti qabiliyyətsizlikdə ittiham edib. “Niyə xalq sizi dəstəkləmir? Ya xalq müdrik deyil, ya da müdrikdirsə, niyə sizi dəstəkləmir? Niyə indiyədək heç bir lider demir ki, mən hakimiyyətə gəlsəm, siyasi sabitliyi bərpa edəcəm. İsa Qəmbər və Əli Kərimli hakimiyyətə gələcəkləri təqdirdə, ölkədə sabitlik yaradacaqlarını deməyiblər. Çünki onlar anlayırlar ki, ölkədəki bu sabitliyi qoruyub saxlaya bilməyəcəklər. Niyə boyun olmurlar? Hərdən çaşıb mən də özümü müxalifətə aid edirəm. Məni iqtidarın adamı adlandırırlar. Buna görə qorxumdan ”feysbuk"a girə bilmirəm",- deyə müxalifətçiləri tənqid edib.

T.Kərimli bildirib ki, hazırda Azərbaycanda müxalifətin durumu ağır vəziyyətdədir: “Müxalifət hakimiyyətlə dialoqa getməlidir. Müxalifət bu gün hədsiz dərəcədə zəifləyib. İsa Qəmbərin də dediyi kimi, xalq müxalifətə inamını itirib. Bunun da səbəbi özümüzdədir. Mən hesab edirəm ki, biz ölkədəki vəziyyəti dəyişmək üçün hakimiyyət nümayəndələri ilə danışıqlar aparmalıyıq. Əgər buna cəhd olacaqsa, səmərə verəcəyinə ümid edirəm”.
Bu isə tədbirdə bir qədər gərginlik yaradıb. Müsavat başqanı İ.Qəmbər yenidən söz alaraq etiraz edib və deyib ki, xalq müxalifəti dəstəkləyir və elə ilk demokratik seçkidə buna şahid olmaq olar: “Cəmiyyət dinc yolla dəyişikliyə etimadı itirib, buna görə proseslərə qoşulmur”. 

 O bildirib ki, xalqın müxalifətə inamını itirməsi haqda fikir səsləndirməyib, onun dedikləri yanlış anlaşılıb: “Görünür, mənim fikrim yanlış anlaşılıb. Mən dedim ki, cəmiyyət hakimiyyətin dinc yolla dəyişməsinə etimadını itirib. Azərbaycan xalqı zorakı yox, dinc yolla dəyişiklik istəyir. Ona görə də xalq proseslərə fəal qoşulmur. Mən bu tezisi yəqin düzgün izah etməmişəm ki, bəziləri bunu səhv anlayıb. Bu gün xalqın müxalifətə inamı var. Bütün seçkilərdə xalq demokratik qüvvələrin namizədini dəstəkləyib”. O, qeyd edib ki, müxalifətdə təmsil olunan siyasətçilərin hamısı hakimiyyətlə dialoqa getməyə hazırdır: “Azərbaycan müxalifətində demokratiya və məmləkət məsələlərində hakimiyyətlə dialoqa etiraz edən bir nəfər də olsun siyasətçi yoxdur. İstər bu konfransda iştirak edən, istərsə də etməyən Azərbaycan müxalifəti radikal deyil”. Müsavat başqanının sözlərinə görə, Azərbaycanda demokratiyanın olmasını istəyirlərsə, bu işə birinci siyasi partiyalardan başlamaq lazımdır.

AXP sədri Pənah Hüseyn isə bildirib ki, güclənmək lazımdır: “Bu, siyasi partiyaların fəallığından keçir. Hesab edirəm ki, kütlənin passivliyi siyasətçilərin passivliyindən keçir. Bu gün bu fəallaşmanın proqramı verilir”. O, həmçinin kütləvi aksiyaların keçirilməsinin müzakirə edilməsini də təklif edib.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirib ki, demokratiyanın vəziyyətini, Azərbaycan cəmiyyətindəki vəziyyəti bilməyən yoxdur. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti 2009-ci ildə bir nəfərin iki dəfə prezident seçilməsi qadağasını ləğv etdikdən sonra Azərbayacan cəmiyyəti ilə əlaqədar siyasi baxışlarını dəyişib: “İmitasiyaya ehtiyac görmür artıq”. Digər çıxış edənlər də ölkədəki vəziyyətlə bağlı fikirlərini bildiriblər.

Yekunda sözügedən mərkəz vətəndaş cəmiyyəti təşkilatları, media quruluşları  nümayəndələrinə qarşı repressiyalarla bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, son dövrdə ölkədə onlarla hüquq müdafiəçisi, jurnaist və gənclik hərəkatı fəalları həbsə atılıb: “Avropa Şurasının üzvü olan bir ölkədə 50-yə qədəri vicdan məhbusu olmaqla hazırda həbsdə olan siyasi məhbus sayı 100 nəfəri keçib. Fərqli düşünən, müxalif mövqe nümayiş etdirən şəxslərə və  onların yaxınlarına qarşı nümayişkaranə şəkildə psixoloji təzyiq, təhdid, hədələmə, ayrı-seçkilik, şantaj, təxribatlar tətbiq edilir. Hakimiyyətə və onun başçısı İlham Əliyevin siyasətinə tənqidi mövqe tutan tanınmış hüquq müdafiəçiləri, media nümayəndələrinin sosial şəbəkə fəallarının, gənclik hərəkatı fəallarının həbsi, barələrində xüsusi ittiham qaydasında iddia qaldırılması, bir sıra müxalifyönümlü şəxslərin qohumlarının şərlənərək həbs edilməsi birbaşa və ya dolayısı şəkildə bu kampaniyanın tərkib hisssəsidir. Eyni zamanda bu həbslər Avropa Şurası və bütövlükdə beynəlxalq aləmin Azərbaycanda insan hüquq və azadlıqları sahəsində vəziyyəti yaxşılaşdırmaq və xüsusilə siyasi məhbus problemini həll etmək tələblərinə iqtidarın özünəməxsus cavabıdır. Faktlar göstərir ki, ölkədə fəaliyyət göstərən  vətəndaş cəmiyyəti qurumlarını  məhv etmək barədə siyasi qərar qəbul edilmiş, vergi, prokurorluq, maliyyə, ədliyyə, təhlükəsizlik  orqanlarının müstəqil QHT - lər və onların rəhbərlərinə qarşı kütləvi  yoxlama və repressiyaların yeni dalğası başlayıb”.

Konfrans iştirakçıları vətəndaş cəmiyyəti və media quruluşlarına və onların nümayəndələrinə qarşı təqib və repressiyaları qətiyyətlə pisləyib, bu hallara son qoyulmasını, həbs olunmuş şəxslərin azad edilməsini tələb edib.  

Həmçinin Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin konfransında qətnamə də qəbul edilib. Qətnamədə ölkədə demokratiya göstəricilərinin bütün parametrlər üzrə - əsas insan hüquq və azadlıqlarına əməl olunması, hakimiyyətin azad və ədalətli seçkilər vasitəsilə formalaşması, məhkəmələrin müstəqilliyi, ifadə azadlığı, hakimiyyət üzərində ictimai nəzarət,  icra hakimiyyəti üzərində parlament  nəzarəti, vətəndaş cəmiyyətinin inkişafı, hüquqi dövlət quruculuğu və digər sahələrdə  vəziyyətin  praktikasının və qanunvericilik bazasının sistemli, davamlı şəkildə pisləşdiyi qeyd olunub.

Qeyd edək ki, AXCP və VHP təmsilçiləri, eləcə də Milli Şuranın sədri Cəmil Həsənli tədbirə qatılmayıb.

Röya RƏFİYEVA
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR