İnsanlara hürriyət, millətlərə istiqlal!

OLİQARXLARMIZIN RUSİYADA TUTULAN PULDAŞIYANLARI BARƏDƏ ŞOK TƏFƏRRÜATLAR

12322 18.02.2012 09:59 Gündəm A A

Bildirilir ki, Moskvanın Savelyev rayon məhkəməsində “Ticarət-Tikinti Bankı”nın iki əməkdaşının və bir qrup Azərbaycan vətəndaşının işi üzrə məhkəmə prosesi başa çatıb. Həmin şəxslər böyük məbləğlərdə pulları qanunsuz yollarla nəğdləşdirmək və digər ittihamlar üzrə təqsirli biliniblər. Məlum olub ki, qruplaşma üzvləri iki il ərzində hər həftə Bakı aerportundan Bakı-Moskva aviareysi ilə kisələrə doldurulmuş vəziyyətdə 22-25 milyon dollar arası nəğd pul daşıyıblar. Pullar Azərbaycan və Türkiyədən olan zənginlərə məxsus olub, çirkli pulların yuyulmasını həyata keçirənlər özlərini ərəb şeyxlərinin adamları kimi təqdim edirlər.
Rusiya DİN-in İstintaq departamentinin əməkdaşlarının bildirdiyinə görə, şəbəkənin əsas ofisi Moskvanın Leninqrad prospektində, “Ticarət-Tikinti Bankı”nın valyuta dəyişmə məntəqəsində yerləşib. 2008-ci ildə həmin məntəqənin baş kassirləri Vüqar Nuriyev və xəbərdə adı Matkərim Musayev (Azərbaycanda bu cür ad olmadığından, çox güman ki, xəbərdə həmin şəxsin adı rus dilində tələffüzlə bağlı yaranmış yanlışlıqla verilib-red.) öz tanışları vasitəsilə kimliyi istintaqa məlum olmayan Aleksandr adlı şəxslə əlaqə qurublar.
Maraqlıdır ki, şəbəkənin fəaliyyəti ərzində hər həftə 22-25 milyon dollar “yuyulsa” da, kuryerlər həmin şəxsin üzünü bir dəfə də görməyiblər, əlaqə İCQ, Skype və elektron poçt üzərindən həyata keçirilib. İstintaq materiallarına görə Aleksandr azərbaycanlı kassirlərə istənilən məbləğdə pulu qara bazar məzənnəsindən aşağı nəğdləşdirmək imkanında olduğunu bildirib. V.Nuriyev və M.Musayev onunla ortaq olublar. Onların vəzifəsi müştərilər tapmaq, Aleksandrın müştərilərindən pul nəğdləşdirmək üzrə sifarişləri qəbul etmək və vəsaitləri işlədikləri valyuta dəyişmə məntəqəsi üzərindən ödəmək olub.
İstintaq materiallarına əsasən, 2008-ci ildən Moskvada faktiki olaraq qeyri-leqal bank qurulub. Nuriyev və Musayev hər səhər Aleksandrdan pulların hansı məzənnəyə nəğdləşdirildiyini öyrəniblər. Bu barədə məlumat potensial müştərilərə ötürülüb. Əgər müştəri məzənə ilə razılaşsa ona pulları köçürmək üçün offşor zonalarda qeydiyyatdan keçirilmiş “birgünlük” firmaların bank hesablarının nömrələri göndərilib. Saxta müqavilələr əsasında pullar həmin çoxsaylı offşor firmaların hesablarına köçürülüb, daha sonra Aleksandrın nəzarətində olan offşor bankların hesablarına ötürülüb.
Beləliklə, pullar Stroy dvor LLS, Boltservice LLC i t.d., Alpha Bank Cyprus Ltd (Kipr) və “Sampo Pank Danske” adlı bankın Estoniya filialının hesablarına köçürülüb,  yunan Kiprindən və Estoniyadan çirkli pullar Azərbaycana qayıdıb. Burada pulların yerbəyer edilməsi ilə Feyzulla Ələkbərov adlı “maliyyəçi” məşğul olub. O da öz növbəsində  məzənnələrin Rusiyaya nisbətən daha aşağı olduğu Azərbaycan banklarında pulları nəğdləşdirib. Yüz  milyonlarla dollar pulu Moskvaya geri qaytarmaq üçün xüsusi kuryerlər qrupundan istifadə edilib. Bakı aerportunda onlara hər dəfə içərisində 2-5 milyon dollar arası məbləğdə pul doldurulmuş kisələr və Moskvaya təyyarə bileti verilib. Hər həftə kuryerlərin 22-25 milyon dollar daşıdığı nəzərə alınarsa, 2010-cu ilə qədər Bakıdan təxminən 1.3 milyard dollara qədər pulun daşındığı təxmin edilir.
Moskvanın “Şeremetyevo-2" və ”Domodedovo" aerportlarında kuryerlər daşıdıqları pulların müsadirə edilməməsi üçün onun məbləğini gömrük bəyannaməsində göstəriblər. Pulların təyinatı kimi hər dəfə “daşınmaz əmlak alınması” bəndi göstərilib. Kuryerlər aerportun gömrük və sərhəd zonasını keçən kimi şəbəkənin Moskvadakı “işçiləri” onları qarşılayıb, pul dolu kisələr götürülüb və inkassator maşınlarında qruplaşmanın “ofisinə” aparılıb. Oradan isə müştərilər nəğd pulları alıblar. Hər kuryer ayda 2-3 reys edib, istintaq müəyyən edib ki, onlardan biri Bakıdan Moskvaya cəmi 3-4 milyard rubl (təxminən 150 milyon dollar) daşıyıb.
İstintaq müəyyən edib ki, qruplaşmanın xidmətindən cəmi 300-ə qədər şirkət istifadə edib, onların arasında neft şirkətləri də yer alır. Həmçinin Rusiyada biznesi olan Azərbaycan və Türkiyə vətəndaşları da onlara tez-tez sifarişlər verib. Nuriyev və Musayev istintaqa verdikləri ifadədə bildiriblər ki, müştərilər bu yolla öz biznes strukturlarının vergidən yayınmasını təmin ediblər. Belə ki, Azərbaycan qanunlarına görə şirkətlər 18 faiz ƏDV ödəməlidir, lakin pulları kağız üzərində olan “birdəfəlik” offşor firmaların hesablarına köçürüldüyündən vergiyə görə də bu saxta şirkətlər məsuliyyət daşımalı idilər. Aleksandrın nəzarətində olan çoxsaylı offşor firmalar isə çirkli pulların yuyulması əməliyyatından sonra yoxa çıxıblar. Müştərilər iri məbləğdə vergidən yayınmağın əvəzində qruplaşma üzvlərinə 5-6 faiz ödəməklə kifayətləniblər. Bu faizdən əsas hissə Aleksandra və Feyzulla Ələkbərova gedib, Nuriyev və Musayev hərəsi 0.1-0.35 faiz alıblar. Pul daşıyan kuryerlərə isə Moskvaya hər reys üçün 200-300 dollar ödənib.
Mafioz qruplaşmanın fəaliyyətindən Rusiya DİN-in İqtisadi Təhlükəsizlik Departamentinin əməkdaşları 2010-cu ilin əvvəllərində xəbər tutublar. Qruplaşma üzvlərinin telefonlarını dinləmək qərara alınıb. Bir neçə əməliyyatçı isə müştəri qismində şəbəkənin “ofisinə” gedib. Onlar görüblər ki, ofisdə divardan baş nazir Vladimir Putinin Birləşmiş Ərəb Əmirliklərinin şeyxləri ilə görüşündən böyük fotoşəkil asılıb. Şəbəkə üzvlərindən biri özünü müştəri kimi göstərən əməliyyatçıya deyib ki, onların biznesinin arxasında həmin ərəb şeyxləri dayanır. Əməliyyatçılar müəyyən ediblər ki, Bakıdan növbəti pul dolu kisələr 2010-cu il aprelin 28-də gələcək. Həmin gün “Şeremetyevo-2" aeroprtunda Məmmədov, Xəlilov, Kərimov və Qambayev adlı Azərbaycan vətəndaşları nəğd pul dolu kisələrlə həbs edilib. Onların daşıdıqları kisələrdə cəmi 213 milyon rubl (təxminən 8 milyon dollar) pul olub. Həmin gün eyni vaxtda Nuriyev və Musayev də həbs ediliblər.
Tezliklə Rusiya DİN-ə müraciət edən Türkiyənin “Daşınmaz əmlak” bürosunun baş direktoru Bahçet Etik bildirib ki, aerportda tutulan pullardan bir hissəsi-500 min avro və 800 min dollar, habelə 16 milyon rubl ona məxsusdur. Pulların digər sahibləri isə üzə çıxmamağa üstünlük veriblər. Belə görünür ki, onlar haqq-hesabı pulların nəğdləşdirilməsi üzrə Bakıda cavabdeh şəxs olan Feyzulla Ələkbərovla çürütmək istəyiblər. İstintaqdakı şahid ifadələrinə əsasən kuryerlərin Moskvada tutulmasından sonra F.Ələkbərov təcili surətdə Azərbaycandan qaçıb, çünki öz həyatından qorxuya düşüb. Bildirilir ki, söhbət kifayət qədər nüfuzlu adamların iri pullarından getdiyi üçün onu aradan götürə bilərdilər. Hər il Bakı-Moskva reysi ilə on milyonlarla dollar və avro nəğd pulun daşınmasını təşkil etmək üçün isə qruplaşmanın kifayət qədər nüfuzlu “krışası”nın olduğu şübhəsizdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR