Oliqarxların saatlarının qiyməti, tanınmışların xəsisliyi… - Saatı tərs işləyən saatsazla MÜSAHİBƏ, FOTOLAR
Saniyəsi geri, əqrəbi isə irəli işləyən saatı ixtira edən azərbaycanlı saatsaz Hacı Fətəliyevin çalışdığı ünvanda olub, onunla söhbət etdik.
Saatsaz musavat.com-a peşəsində, cəmiyyətdə və ictimai həyatda baş verən bir çox məqamlara toxunub, münasibətini bildirdi.
Öncə qeyd edək ki, Hacı Fətəliyevi ictimaiyyətdə həm də prezidentin dostu kimi tanıyırlar. O, ölkədə vəzifəli şəxslərin, tanınmış ictimaiyyət nümayəndələrinin saatlarını təmir edib. Elə onun fəaliyyət göstərdiyi dar, çox kiçik olan məkanın divarlarında onlarla məşhurla çəkdirdiyi fotoşəkillərin olduğunu müşahidə etdik.
Ona ilk olaraq “Hacı, saniyəni geri fırlatmağı bacardınız, bəs işinizi necə, devalvasiyadan sonra irəli apara bilirsinizmi?” – deyə soruşduq. Cavabı aşağıdakı kimi oldu:
- Bir gün görürsən işlər irəli gedir, bir gün də görürsən getmir. Hərdən deyirəm ki, iş olanda yaxşıdır, olmayanda bikefləyirsiz? Sənətdir də… Biz insanlarla işləyirik. Ona görə də əgər camaatın imkanı zəifdirsə, bu, bizə də təsir edir. Hazırda əlimdə hazır olan saatlar var, ancaq müştərinin gəlib, aparmaq üçün pulu yoxdur. Deməli, az da olsa, devalvasiya bizim işimizə də təsir edib. Əvvəllər günə 40-60 manat qazanırdım. Ancaq elə vaxt da olur ki, 3 gün iş olmur. Misal üçün dünən 6 manatlıq iş görmüşəm.
- Necə hesab edirsiz, sizi mətbuat məşhur etdi, yoxsa saniyəsi geri fırlanan saatınız?
- Mətbuat da mənə tanınmağım üçün çox köməklik etdi. Sağ olsunlar. Ancaq belədir ki, saniyəsi geri fırlanan saatlardan da güclü, ondan da maraqlı olan saat düzəldə bilərəm. İlk dəfə Bakıya gələndə buranın saatsazları mənə paxıllıq edirdilər. Mən də əsəbiləşib, deyirdim ki, 25 ilin saatsazıyam necə olar bunlar mənə nağıl oxuyurlar. Bir söz deyim, sizə... Bir də görürsən mənə saat gətirirlər qiyməti 5-10 min avro olur. Baxıram ki, saatın əqrəbi yerindən tərpənib və onu yerinə qoymaq lazımdır. Müştəriyə deyirəm ki, bunu 10 manata edərəm. Deyirlər ki, əşi burada 10 manatlıq iş yoxdur. Götürüb gedirlər. Sonra görürəm ki, bir neçə gün sonra yenidən saatı gətirir, yanıma... Deyir apardım saatsaza heç saatın arxasını aça bilmədi.
- Heç olubmu ki, gəlib emalatxananızda kimsə dava salsın, saatı pis düzəltməyinizdən şikayətlənsin?
- Xeyr, hələ indiyə qədər heç bir düzəltdiyim saat xarab olmayıb. Belə şey ola da bilməz. Mən işimdə dəqiq adamam. Arzu edirəm ki, insanlarımız da saat kimi dəqiq olsunlar.
- Bəs, olubmu ki, iş görən zaman “işə düşəsiz”? Yəni saatdakı problemin nə olduğunu tapa bilməyəsiz?
- Bəli, bir də görürsən saatı açıram, görürəm ki, elə bir problemi var, aradan qaldıra bilmirəm.
- Nə edirsiz, o zaman?
- İnternetdə müəyyən forumlar var ki, orada dünyanın bütün saatsazlar bir-biriləri ilə yazışırlar. Orada problemlə bağlı məlumat paylaşıram. Saatsazlar da deyirlər ki, bəli, bu iş mənim də başıma gəlib. Problem filan hissədədir. Yəni bu forumların köməkliyi ilə problemin daha tez həllini tapırıq. Rusiya, Ukrayna, Belarus saatsazları ilə demək olar ki, daim internet vasitəsi ilə əlaqə saxlayıram. Həmçinin onlar da problem olduğu zaman mənə bildirirlər, öz köməkliyimi göstərirəm. Bundan başqa hər il yeni çıxan saat kataloqlarına baxıram. Öz üzərimdə işləyirəm. İnsan gərək hər zaman öz üzərində işləsin, bacarığını daha da dərinləşdirsin.
- Sizdən sonra saniyəsi geri fırlanan saat düzəldən olub?
- İndi deyirlər ki, Çində belə bir şey düzəldirlər. Ancaq ilk dəfə bu saatı mən ixtira etmişəm. Dünyanın da hər bir ölkəsində satılıb. Bu sənət elə bir şeydir ki, burada gərək zehin işlədəsən. Bayaq bir saatsaz kiçik bir problemi olan saatı yanıma gətirib. Baxıram ki, bu çox sadə bir şeydir. Halbuki, saatsaz bunu düzəldə bilmir. Mənə deyir ki, öyrət necə düzəltdiyini. Deyirəm ki, niyə öyrətməliyəm, zehnini işlət öyrən də...
- Onda belə çıxır ki, sizin davamçınız da yoxdur? Bildiklərinizi kimə öyrədirsiz?
- Yox, peşəmi davam etdirən oğlum var. Ancaq problemlərimiz var.
- Nədir, problem..?
- Bu yaxınlarda Bakı meri Hacıbala Abutalıbovun yanında oldum. Ona dedim ki, hazırda işlədiyim məkan oğlumun adınadır. Oğlum da sənətkardır. Bu işi məndən sonra o davam etdirəcək. Metronun “28 May” stansiyasının yaxınlığında bir boş yer var. Oranı mənə verin balaca bir yer düzəldim, işlədim. Sovetin dövründə həmin yerdə elə saatsaz emalatxanası olub. Ancaq Hacıbala Abutalıbov mənə rədd cavabı verdi. Azərbaycanda yeganə ustayam ki, haqqımda sənədli filmlər çəkilib. İtaliyanın Milan şəhərində keçirilən sərgidə mənim də əl işlərim sərgilənib. Eyni zamanda italyanlar gəlib, bu kiçik emalatxanamı çəkiblər. Bəs öz ölkəmdə məni nə üçün qiymətləndirmirlər. Azərbaycanda artıq bu kimi peşələr itib gedir. Bir papaqçı axtarırsan, tapa bilmirsən. Eləcə də yaxşı saatsazlar yetişmir. Bəs bu peşələrin axırı necə olacaq? Nə üçün bizə şərait yaradılmır. Dünyanın demək olar ki, hər yerində saatlarım satılıb, nə qədər məşhur adamın saatını düzəltmişəm, ancaq mənim işlədiyim yerə bir baxın. Adımı eşidib xaricdən yanıma gələnlər baxıb gülürlər ki, məşhur ustanın işlədiyi yerə bax. Cənab prezidentlə görüşdüyüm zaman o mənə bildirdi ki, sənin adın prezident aparatını götürüb. Deyirlər ki, ən bahalı saatları Azərbaycanda Hacı düzəldir. Ancaq Bakı meri mənə 3 kvadratlıq yeri vermir. Kanada, Türkiyə, İran, Fransa, Amerikadan məni müqavilə ilə işə çağırıblar. Ancaq getməmişəm ki, öz vətəndaşlarımıza xidmət edim. Burada isə kiçik yeri vermirlər ki, emalatxana yaradam. Bundan əlavə bütün günü tanınmayan müğənniləri efirlərə çağırırlar, bir dənə peşə sahibin çağırıb peşəni təbliğ etmirlər ki, bu sahələr itib batmasın”.
- Hacı, müğənnilərdən söhbət düşmüşkən, son günlər ictimaiyyətdə ən çox müzakirə edilən mövzu mərhum İlhamə Quliyeva ilə bağlıdır. O necə, sizə saatını düzəltdirib?
- Yox, onunla şəxsi tanışlığım yoxdur. Ancaq hesab edirəm ki, özünə görə hörməti olan müğənnimiz idi. Bu insan o qədər mükafatlar almışdı. Onları da almaq asan iş deyil. Allah rəhmət eləsin.
- Qolunuzdakı saatın qiyməti nə qədərdir?
- 2 min avro olar. Bu saat Cahangir Müslümzadənin saatıdır. Demək, o, bu saatı özü bura gətirib. Mən də burada olmadığım üçün oğlum götürüb. Həmin zaman heç bilmədim saat kimindir. Baxdım ki, bahalı saatdır. Detalları da bahadır. Ona görə təmirə 150 manat istədim. Sonra onun Tamerlan adlı dostu var, o dedi ki, bu saat, Cahangir Müslümzadənindir. O, elə deyəndə mən durdum ayağa. Dedim a kişi, Cahangir müəllimə hörmətim var. Bunun detalı 53 manatadır. 20 manat da əl haqqı verər düzəldərəm. Zəng elədik, Cahangir müəllim dedi ki, yox, mən ona pul vermirəm. Pulu Tamerlan verər. Bax o gündən bir aydan çox vaxt keçib, hələ də 73 manata görə gəlib saatı aparmırlar. Axırda dedim ki, ehtiyat hissənin pulunu verin gəlin aparın. Pul istəmirəm sizdən. Yenə də saatı gəlib aparan yoxdur. Bu saatı VMF-ə aparsa, orada bunu 250 manata düzəldərlər.
Hacı Fətəliyev söhbət zamanı bildirdi ki, ona tanınmış ictimai şəxslərlə yanaşı, milyonçular da gətirib saatlarını düzəltdirirlər. Ancaq o, çoxlarının kim olduğunu sonradan bilir. Hacı dedi ki, elə Nizami Piriyevin də saatlarını düzəltsə də onun kim olduğunu həbs olunandan sonra bilib:
- Nizami də mənim müştərimdir. Əvvəllər bilmirdim, kimdir. Elə bilirdim haradasa rəisdir. Həbs ediləndən sonra şəkillərindən tanıdım ki, Nizami Piriyevdir. Onun da saatları bahalı olur. Hardasa 10-15 min manat qiyməti olar. Artıq yanıma gec-gec gəlir. Bu yaxınlarda görüb soruşdum ki, Nizami müəllim nə üçün daha saat gətirmirsiz? Dedi ki, Hacı düzəltdiyin saatlar xarab olmur. Ona görə də gətirmirəm (gülür).
- Necə hesab edirsiz, mobil telefonlar insanları qol saatından uzaqlaşdırdımı?
- Xeyr, indi də Bakıda onlarla saat mağazası fəaliyyət göstərir. Hesab edirəm ki, saat satışı azalmayıb.
- Son olaraq bir şeyi də soruşaq sizdən... Vətəndaşlar saat alarkən, orijinal olub, olmadığın necə bilsinlər?
- Saatın orijinallığını ilk olaraq onun ağır və yüngül olması ilə bilmək olar. Orijinal saatlar adətən ağır olur. Saatın korpusu poladdan olmalıdır. Onu bir qədər sürtəndə dəmirin altından sarı rəng çıxmamalıdır. Qısası orijinal saat satan mağazalara müraciət etmək lazımdır.
Əli Rais,
Musavat.com






