İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiya Oyunlarına büdcədən 3,5 milyard manat ayrılıb...



“Bir müddət əvvəl Avropa Oyunlarına çəkilən xərclərlə bağlı xarici medianın yaydığı “8 milyard dollar” rəqəmi ətrafında xeyli müzakirə getdi. Açığı, deyə bilmərəm, bu yarışa hansı mənbələrdən vəsait toplanır. Məsələn, sahibkarlardan, dövlət şirkətlərindən də pul alınırmı, yoxsa təkcə dövlət büdcəsi vasitəsilə maliyyələşmə aparılır? Amma dövlət büdcəsi vasitəsilə son 3 ildə, 2015-ci il də daxil olmaqla təxminən 3,7 milyard manat ayrılıb. Köhnə məzənnəni də nəzərə alsaq, bu təxminən 4,2 milyard dollar edir. Bura yalnız dövlət büdcəsindən ayrılan vəsaitlər daxildir”. İqtisadçı ekspert Rövşən Ağayev bu barədə açıqlamasında bildirib. 

Onun təqdim etdiyi siyahıda dövlət başçısının dövlət büdcəsinin təsdiqi haqda fərmanına əsasən, Avropa Oyunlarının təşkili ilə bağlı ayrılan ümumi xərclər göstərilib. Bu rəqəm 2014-cü ildə 1 milyard, 2015-ci ildə isə 1 milyard 350 milyon manat vəsaitdən ibarətdir. O cümlədən, Bakı şəhərində 65000 tamaşaçı tutumu olan futbol stadionunun tikintisinə 2013-cü ildə 200 milyon, 2014-cü ildə 280 milyon, 2015-ci ildə isə 20 milyon manat vəsait ayrılıb. 

Stend atıcılığı üzrə idman kompleksinin sökülərək yenidən qurulmasına 2014-cü ildə 70 milyon, 2015-ci ildə isə 40 milyon manat vəsait ayrılıb. H.Əliyev adına İdman Konsert Kompleksinin əsaslı təmiri üçün 2014-cü ildə 36 milyon 700 min, 2015-ci ildə 3 milyon 774 min manat pul nəzərdə tutulub. Bakı İdman Sarayının (Əl Oyunları Sarayının) əsaslı təmirinə isə müvafiq olaraq 27 milyon və 13 milyon vəsait ayrılıb. 

Gimnastika kompleksinin yanında məşq zalının və köməkçi qurğuların tikintisinə 7 milyon 200 min və 10 milyon ayrılıb. Avropa Oyunları parkının tikintisi, yəni su polosu, çimərlik valeybolu, çimərlik futbolu və basketbol meydançaları üçün 150 milyon və 8 milyon manat vəsait nəzərdə tutulub. I Avropa Oyunları zamanı kamandan oxatma idman növü üzrə yarışların keçirilməsi üçün T.Bəhramov adına stadionda müvəqqəti qurğuların qurulması üçün 7 milyon 600 min və 200 min manat vəsait ayrılıb. Boks, karate, voleybol idman yarışlarının keçirilməsi üçün Bakı Kristal Zalında arakəsmələrin qurulmasına 2014-də 9 milyon 500 min manat ayrılıb. 

Kanoye idman yarışlarının keçirilməsi məqsədi ilə Mingəçevir Kür Olimpiya Tədris İdman Mərkəzində əlavə işlərin yerinə yetirilməsi üçün 9 milyon 500 min və 500 min manat nəzərdə tutulub. BMX-Velosipedi və Dağ velosipedi yarışları üçün veloparkların tikintisi üçün 4 milyon 750 min və 7 milyon 650 min manat nəzərdə tutulub. Bakı şəhərində Su İdmanı Sarayının layihələndirilməsi və tikintisi üçün 2013-cü ildə 40 milyon, 2014-cü ildə 190 milyon, 2015-ci ildə isə 20 milyon 500 min manat vəsait ayrılıb. 

Gimnastika kompleksinin  tikintisi üçün 79 milyon 739 min və 21 milyon 520 min manat ayrılıb. Bakı İdman Sarayının (Əl Oyunları Sarayının) yanında əlavə müvəqqəti zalın quraşdırılması ilə əlaqədar xərclər 870 min manat edib. Triatlon idman yarışları üçün sahə və infrastruktur işlərinin yerinə yetirilməsinə 3 milyon 700 min manat vəsait nəzərdə tutulub. Şəhər velosiped yarışları üçün sahə və infrastruktur işlərinin yerinə yetirilməsi üçün 600 min manat ayrılıb. 

İqtisadçı ekspert Qubad İbadoğlu isə məsələ ilə bağlı bildirib ki, İlk Avropa oyunları Azərbaycana ən azı 3,5 milyard manata başa gələcək: “Bu vəsaitin 72,6 faizini infrastruktur xərcləri, 27,4 faizini isə əməliyyat xərcləri təşkil edir. Aprelin 26-da “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin yandırılması mərasimi keçirildi. Bununla da artıq rəsmi Bakı tədbirə hazır olduğunu nümayiş etdirdi. Birinci Avropa oyunlarında 50 ölkədən 20 idman növü üzrə 6 min idmançının iştirakı gözlənir. Yarışlar Bakı və Mingəçevirdə 21 stadionda və obyektdə keçiriləcək. Bəs görəsən bu tədbir Azərbaycana nə qədər vəsaitə başa gəlir? Azərbaycan Respublikasının 2013, 2014 və 2015-ci il üçün təsdiq olunmuş büdcəsi əsasında apardığımız hesablamalara görə, 1-ci Avropa oyunları Azərbaycana 3 milyard 506 milyon 850 min manata başa gələcək. Son məlumatlara görə, büdcədən ayrılmış vəsaitin 90 faizindən çoxu xərclənib. Yerdə qalan 300 milyon manata qədər vəsaitin də yaxın 2 ayda xərclənməsi gözlənilir. 1-ci Avropa oyunlarının təşkili ilə əlaqədar olaraq birbaşa xərclərin 72,6 faizini və ya 2 milyard 546 milyon 700 min manatını idman infrastrukturunun tikintisi və yeniləşməsi xərcləri, 27,4 faizini və ya 960 milyon 150 min manatını əməliyyat xərcləri təşkil edir”. 

Ekspertin sözlərinə görə, təbii ki, xərclənmiş vəsaitin bir hissəsi Azərbaycanda qalacaq. Amma nəzərə almaq lazımdır ki, bu xərcləmələr hesabına yaradılan idman obyektləri sonrakı illərdə dövlət büdcəsi üçün əlavə xərc mənbəyinə çevriləcək: “Çünki Avropa oyunları bitəndən sonra aylarla boş qalacaq obyektlərin istismar xərcləri ildən-ilə artmaqla yanaşı, hər il büdcədən ən azı 10 milyonlarla vəsaitin bu məqsəd üçün ayrılmasını zəruri edəcək. Digər bir məqama da diqqəti çəkmək istərdim. Hazırda 2000 nəfərə qədər azərbaycanlı bu layihədə çalışır və yüksək əmək haqqı alırlar. Bu da əməliyyat büdcəsinin bir hissəsini təşkil edir. Amma nəzərə alaq ki, 2 aydan sonra həmin işçilərin müqaviləsi başa çatır və onlar da müvəqqəti iş yerlərini itirirlər. Bu da o deməkdir ki, 2 aydan sonra əmək bazarına sayı minlərlə olan yeni və ixtisaslı işsizlər daxil olacaq”. 

Q.İbadoğlu gəlirlərdən də söz açıb: “Gəlirlərə gəlincə, onu qeyd etmək istərdim ki, Avropa oyunlarında satışa 600 min bilet çıxarılacaq. Bu biletlərin qiyməti açılış və bağlanış mərasimi istisna olmaqla, maksimum 5 manatdır. Açılış mərasimində ən bahalı biletlər 200 manat, bağlanış mərasimində isə 100 manat olacaq. Bu biletlərin hamısı satılacağı halda, oyunlardan 30 milyon manata qədər vəsait qazanıla bilər ki, bu da cəmi xərclərin 0,85 faizini örtə bilər. Təqdim etdiyim hesablamalarla bu tədbiri yalnız iqtisadi faydasına görə qiymətləndirmək istəməzdim. Amma unutmayaq ki, hazırda neft gəlirləri hesabına formalaşmış valyuta ehtiyatlarının xərclənməsinə başlanıldığı indiki şəraitdə iqtisadi rasionallıq artıq əvvəlki illərlə müqayisədə Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir”.

Röya



Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR