Olimpiya Oyunları təhlükədədir: Braziliya polisləri üsyan edirlər
Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının başlamasına 31 gün qalıb. Buna rəğmən Olimpiadaya hazırlıqlarla bağlı görülən işlər heç də qənaətbəxş sayılmır.
Musavat.com-un CNN televiziyasına istinadən verdiyi xəbərə görə, burada xüsusilə də turistlərin təhlükəsizliyilə bağlı görülən tədbirlərin yetərsizliyi diqqəti cəlb edir. Rio polisləri hökumətlə münaqişə içindədirlər. Onlar aylardır ki, maaşlarının ödənməməsindən şikayətlənirlər.
Bununla bağlı polislər Rio hava limanında piket belə, keçiriblər. Polislərin gələn turistlərə mesajı qəti olub: “Biz sizi qoruya bilmərik”.
Hava limanında hətta “Cəhənnnəmə xoş gəldiniz” plakatı belə, asılıb. Başqa bir plakatda isə “Polsilərin və yanğınsöndürənlərin maaşları verilmir. Rio de Janeyroya gələn heç kimin həyatı təhlükəsiz deyil” yazılıb.
Polisin bu gərginliyi daxili mühitə də sirayət edib. Braziliya şəhərlərində kütləvi iğtişaşların sayı artıb.
Buna rəğmən rəsmilər polislərin sosial problemlərinin həll ediləcəyini söyləməkdən yorulmurlar. Rio de Janeyronun meri Eduardo Payes polislərin maaşları ilə bağlı bütün məsələlərin həll ediləcəyinə söz verib.
Rio de Janeyronun ştat hökuməti isə bununla bağlı həyəcan təbili çalaraq, federal hökumətdən yardım istəyib. Qubernator Fransisko Dornelles polislərin maaşları və bonuslarının ödənilməsi üçün azı 2,9 milyard Braziliya realına (850 milyon ABŞ dolları) ehtiyac olduğunu bildirib.
Polislər isə rəsmilərin onlarla yalnız rəqəmlərlə danışdığını, ortada isə real heç nə olmadığını söyləyirlər.
Polislərdən biri CNN-ə açıqlamasında “Siz küçədə başdan ayağa silahlanmış bir narkotik alverçisi ilə qarşılaşırsınız və tapançanızda cəmi 20 patron var. Cibdə isə bir quruş belə, yoxdur. Bu, absurd deyilmi?” - deyə bildirib.
Küçələrdə cinayətkar ünsürlərin artması polisləri ehtiyatlı, daha doğrusu, daha amansız davranmağa vadar edir.
Rioda təkcə may ayında 40 nəfərin polislər tərəfindən qətlə yetirildiyi bildirilib. Bir il ərzində polislər tərəfindən öldürülən şəxslərin sayı isə 307 nəfər olub.
Vaqif HÜSEYN,
Musavat.com






