İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiya Kompleksində öldürülən 16 yaşlı Turanın yaxınları aksiya keçirdi -qətli törədənə ömürlük cəza TƏLƏBİ

1205 11.04.2023 18:00 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasdan öncə Turan Rüstəmovun 50-yə qədər yaxını, qohumları və dostları Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya keçiriblər.

Onlar ədalətli məhkəmə keçirilməsi, Turanın qatilinə ömürlük cəza verilməsini tələb edib və digər şüarlar səsləndiriblər.

Aprelin 11-də hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda da səs-küy yaranıb. Mərhum Turan Rüstəmovun anası təqsirləndirilən şəxsə qarşı ittihamlar səsləndirib. Hakim zərərçəkmiş tərəfdən zalda sakitliyin yaradılmasını tələb edib. Səs-küy salanlara xəbərdarlıq olunub. Növbəti dəfə belə hala yol verildikdə həmin şəxsin zaldan xaric ediləcəyini deyib.

Daha sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, təqsirləndirilən şəxs hadisəni törədən zaman İdman Akademiyasında təhsil alırmış.

Daha sonra məhkəmə baxış iclasına təyin olunub. Məhkəmə baxışı aprelin 25-də keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR