İnsanlara hürriyət, millətlərə istiqlal!

Öldürülən məhkumun qətlinə etiraz edən məhbuslar Qobustan həbsxanasına göndərildi

1315 10.02.2015 16:06 Son xəbər A A
Məhkum Elşad Babayevin saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsində öldürülməsinə etiraz edən  məhkumların bir qisminə məhkəmə qurulub.  Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, məhkum yoldaşlarının vəhşicəsinə döyülərək öldürülməsinə etiraz edən 10-a yaxın məhkum cəzaçəkmə müəssisəsində hakim qarşısına çıxarılıb. Məhkumların prosesin ərazi üzrə Qaradağ Rayon Məhkəməsində baxılması ilə bağlı vəsatətlərinə baxılmayıb. Cəzaçəkmə müəssisəsində baş tutan məhkəmədə məhkumların cəza müddəti artırılıb. Məhkumları növbəti dəfə məhkum edən məhkəmə hökmünə görə onlar təyin olunan cəzanı Qobustan qapalı həbsxanasında çəkəcəklər . Qobustana göndərilən məhkumlardan 2-nin adını dəqiqləşdirə bilmişik - İlham Həsənov və Rza Ağalı. 
E.Babayevin öldürülməsindən sonra 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların etiraz aksiyası olub. Bundan sonra müəssisəyə qara maskalılar daxil olaraq məhkumlara divan tutublar. 11 məhkum Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə (“Tubzon”) köçürülüb. Məhkumların ailələri yaxınlarının “Tubzon”a köçürülməsinin Elşad Babayevin öldürülməsinin gizlədilməsinə, ört-basdır olunmasına xidmət etdiyini bildiriblər.
 
Yada salaq ki, ötən il dekabrın 22-də məhkum Elşad Babayev 14 saylı Cəzaçəkmə Müəssisəsində döyülərək öldürülüb. Bundan sonra məhkumun meyiti Qaradağ rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Bacısı S.Babayeva orada qardaşının fotolarını çəkib və ictimailəşdirib. İş üzrə araşdırma aparmalı olan istintaq orqanına də həmin fotoları təqdim edib. Qətldən 1 ay sonra Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq orqanının bir məhkumun döyülərək, işgəncə verilərək öldürülməsinə yanaşması obyektiv araşdırmanın aparılacağını bəri başdan şübhə altına alır. 

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR