Almaniya kansleri Olaf Şolts Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılması ilə bağlı AB ölkələrindən gələn bütün çağırışları rədd edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Berlində keçirilən mətbuat konfransında bəyan edib.
Almaniya kansleri sanksiyaların "günahsız insanlara zərər verməməli olduğunu" söyləyib.
“Bu, Putinin müharibəsidir”, -deyə Olaf Şolts vurğulayıb. Kanslerin sözlərinə görə, AB sanksiyaları hər şeydən öncə Rusiya prezidenti Vladimir Putinə və Ukrayna ilə müharibəyə görə məsuliyyət daşıyanlara yönəldilməlidir.
“Biz bir çox rusiyalı məmurlara, oliqarxlara və Rusiyadakı güclü qruplara qarşı genişmiqyaslı konkret sanksiyalar qəbul etmişik və şübhəsiz ki, bundan sonra da addımlar atmağa davam edəcəyik. Lakin indi həmin tədbirləri hamıya, o cümlədən tamamilə günahsız insanlara şamil etsək, bu, sanksiyaların effektivliyini azaldacaq", - deyə Şolts əlavə edib.
Musavat.com






