İnsanlara hürriyət, millətlərə istiqlal!

Okeanın o tayından verilən qərar- Bakı ucuz dollar gözləmir

2031 20.09.2019 09:20 Siyasət A A

Vüqar Bayramov: “Ağ Ev ucuz dollar istəyir, amma...”

ABŞ Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin 17-18 sentyabrda keçirilən iclası  baza uçot dərəcəsinin 0,25 faiz azaldılması barədə qərarın qəbul olunması ilə başa çatıb. Qərara əsasən baza faiz dərəcəsi 2-2,5 faizdən 1,75-2 faizə salınıb.

Qeyd edək ki, bu, FED-in cari il ərzində uçot dərəcəsinin endirilməsi ilə bağlı ikinci qərarıdır. Bundan əvvəl qurum iyulun 31-də baza faiz dərəcəsinin 0,25 faiz bəndi aşağı salınmasına dair qərar qəbul etmişdi. Bu, son 10 ildə - 2008-2009-cu illərin maliyyə böhranından bəri ABŞ tənzimləyicisinin uçot dərəcəsi ilə bağlı ilk azalma qərarı idi. Budəfəki endirim qərarını FED-dən beynəlxalq vəziyyətin ABŞ iqtisadiyyatına dair proqnozlara təsiri və aşağı inflyasiya səviyyəsi ilə əsaslandırıblar. Uçot dərəcəsini endirməklə yanaşı, FED ABŞ-da cari ildə gözlənilən Ümumi Daxili Məhsul artımı proqnozunu iyundakı 2,1 faizdən 2,2 faizə qaldırıb.

Gözlənildiyi kimi, qurumun qərarına ilk reaksiya, daha doğrusu, etiraz ABŞ prezidenti Donald Trampdan gəlib. O, twitter  hesabında FED rəhbəri Cerom Pauell və komandasını kəskin tənqid edib: “Cey Pauell və FED yenə ”iflasa uğradı". Nə cəsarət var, nə reallıq hissi, nə də uzaqgörənlik! Dəhşətli kommunikator!"

Xatırladaq ki, Tramp ötən ildən başlayaraq uçot dərəcəsinin radikal şəkildə endirilməsinin zəruriliyi barədə çıxışlar edir, özünün twitter hesabından FED-ə təkliflər yazırdı. FED-in iyuldakı iclası ərəfəsində ABŞ prezidenti azalma qərarının, özü də daha radikal səviyyədə alınmasının gərəkdiyini açıqlamışdı. Bildirmişdi ki, onu 0,5 faizlik endirim qane edir. Buna görə də 0,25 faizlik edirimdən narazı qalmışdı: “Bazar Cey Pauell və Federal Ehtiyat Sistemindən uçot dərəcəsinin Çin, Avropa Birliyi və digər dünya ölkələri ilə ayaqlaşmağa imkan verəcək uzunmüddətli və aqressiv azaldılması qərarını eşitmək istəyirdi”.

ABŞ prezidentinin açıqlaması göstərir ki, Trampla FED arasında gərginlik açıq müstəviyə keçib. Hətta Tramp bir neçə dəfə Cerom Pauelli FED rəhbərliyindən uzaqlaşdıracağına işarə vurub. ABŞ hüquqşünasları isə prezidentin əlində belə imkanların olmadığını bildirirlər. Tramp yalnız vəzifədə qalma müddəti bitdiyi zaman Pauellin səlahiyyət müddətini uzatmaya bilər. C.Pauellin 2018-ci ildə vəzifəsinin icrasına başladığını nəzərə alsaq, bu imkan yalnız 2023-cü ildə yaranacaq. O zamana qədərsə Tramp bu səlahiyyətə malik olmaq üçün yenidən ABŞ prezidenti seçilməlidir.

Onu da bildirək ki, FED-in qərarı dünya fond birjalarında hər hansı dəyişikliyə səbəb olmayıb. Məsələ burasındadır ki, demək olar ki, bütün analitik mərkəzlər bu qərarı proqnozlaşdırmış, bazarlar həmin proqnoza uyğunlaşmışdı.

Vüqar Bayramov ile ilgili görsel sonucu

ABŞ tənzimləyicisinin qərarını şərh edən iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf  Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Ağ Evlə FED arasında dolların məzənnəsi ilə bağlı ciddi fikir ayrılığı var: “Ağ Ev dolların ucuzlaşmasında maraqlıdır. Bunun nəticə etibarilə ABŞ-ın ixrac imkanlarını genişləndirəcəyi düşünülür. Buna görə də prezident Tramp mütəmadi olaraq uçot dərəcəsinin salınmasının əhəmiyyəti ilə bağlı tvitlər paylaşır.FED-in son qərarlarının bir səbəbi Ağ Evdən gələn təzyiqlərdirsə, digər mühüm səbəb başqa mərkəzi bankların uçot dərəcələrini ən aşağı həddə endirməsidir. Bildiyiniz kimi, hətta Avropa Mərkəzi  Bankının uçot dərəcəsi mənfidir. Bu da son nəticədə ABŞ-ın ixrac məhsullarının dəyərinin yüksəlməsinə səbəb olur. Buna görə də FED uçot dərəcəsini endirib”.

Mərkəz rəhbərinin fikrincə, FED-in qərarı dolların məzənnəsində ciddi azalmaya gətirib çıxarmayacaq: “Trampın gözlədiyi ucuz dollar hələlik real deyil. Çünki bir tərəfdən ABŞ iqtisadiyyatının makroiqtisadi göstəriciləri zəmin yaratmır. Digər tərəfdən, səbət valyutalarının məzənnələrində volatillik yüksəkdir. Tramp strateji olaraq dolların məzənnəsini ucuzlaşdırmaq siyasəti yürüdür. Amma yaxınmüddətli dövrdə biz ciddi ucuzlaşma gözləmirik. Əgər FED uçot dərəcəsinin aşağı salınması qərarlarını ardıcıl qəbul edərsə, müəyyən müddətdən sonra ucuzlaşma baş verə bilər. Söhbət səbət valyutalarına qarşı olan məzənnədən gedir. İnkişaf etməkdə olan ölkələrin valyutalarına  münasibətdə məzənnənin dəyişməsinə bu qərarlar təsir göstərmir. Bu baxımdan, FED-in növbəti qərarlarını dolların məzənnəsinə təsir edəcək ən mühüm amil kimi qiymətləndirmək mümkündür”.

Pərviz Heydərov ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, qərar gözlənilən idi. Ekspert bildirir ki, FED-in sonuncu qərarı ilə bağlı qurumun rəhbəri keçirdiyi mətbuat konfransında qeyd edib ki, baza faiz dərəcəsinin hər cür azaldılması davamlı xarakter daşıya bilər: “Lakin bir nüansı qeyd edim ki, FES-in iyul iclasının nəticəsi olaraq uçot dərəcəsini aşağı salması dollara təsir etmədi. Yəni bundan əvvəlki qərar nəticəsində ABŞ valyutası ucuzlaşmadı. Bu isə çox təhlükəli siqnal hesab olundu. Belə ki, hər hansı bir mərkəzi bank tərəfindən uçot dərəcəsi azaldılırsa, bunda məqsəd milli valyutanın dəyərini yumşaltmaqdan ibarətdir. Və bu yolla yerli istehsal məhsulları ixracını stimullaşdırmaq siyasətinə dəstək verilir. Uçot dərəcəsinin endirilməsinin iqtisadi mahiyyəti məhz bundan ibarətdir. FED-in iyul qərarından sonra dolların ucuzlaşmamasını şərtləndirən əsas məqam isə ondan ibarət oldu ki, qlobal iqtisadiyyatda mövcud vəziyyət gərgindir. FED-in iyulda faiz dərəcəsini aşağı salmaqda məqsədi dolların məzənnəsini yumşaltmaqdan ibarət idisə də, iqtisadi cəhətdən bu, baş vermədi. O səbəbdən ki, yalnız FED deyil, həm də başqa bir çox ölkələrin mərkəzi bankları tərəfindən də eyni addım atılmaqdadır. Yəni başqa sözlə desəm, digər ölkələrdə də uçot dərəcəsinin aşağı salınması ABŞ dollarının ucuzlaşmasının - FED-in faiz siyasətindəki son iki dönüşünün təsir və təzyiqlərinin qarşısını alır və görünür, almaqda da davam edəcəkdir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR