İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuz-Qəbələ-Bakı kəməri su çatışmazlığını aradan qaldıra bildimi? – Açıqlama

3086 15.10.2021 20:16 Sosial A A

 

Bakının bəzi ərazilərinə suyun fasilələrlə verilməsi ara-sıra insanların narazılığına səbəb olur. Əsasən də “əgər suyun qiyməti iki dəfə artıbsa, nəyə görə biz suyu qram-qram alırıq” deyə, şikayət edənlərə  rast gəlirik. Su verilişinin ölkə üzrə tam verilməməsinin bir səbəbi kimi də bütün dünyada su çatışmazlığının olması ilə əlaqələndirilir. Yəni su çatışmazlığının qlobal quraqlığın və ekoloji problemlərin təsiri  göstərilir. Məsələn, ötən il yayda Kürdə su kəskin azaldı, buna səbəb Kürə axan kiçik çayların ekoloji böhran sayəsində quruması və çay suyunun çay yatağına yaxın təsərrüfatlar və müəssisələr tərəfindən amansızcasına istifadəsi göstərilirdi.

Amma bizimlə söhbətdə ekoloq Telman Zeynalov qeyd edib ki, ölkəmizdə su qıtlığı problemi real deyil:  “2015-2016-ci ilə qədər bu işlə məşğul olmuşam, monitorinqlər aparmışam. Su təchizatı ilə bağlı məlumatları hazırlayırdım. Əvvəllər də bildirirdilər ki, Azərbaycanda su qıtlığı yaranır. Mən də hələ onda demişdim ki, Azərbaycanın bir tərəfi dağ, digər tərəfi də dənizdirsə, Azərbaycan heç vaxt su qıtlığı ilə üzləşə bilməz. Bunu süni olaraq qiyməti qaldırmaq üçün edirdilər. İçməli suyun, hətta mağazalarda satılan suların belə qiyməti qaldırıldı. Səbəb də bildirilirdi ki, su qıtlığı  yaranıb, buna görə qiymətlər qaldırılırıb.  Son dövrlərdə yeni kəmərlər çəkilib, amma son vəziyyət barədə məlumatsızam”.

7e46d6de8d6bd70b263920ea45561ca0.jpg (120 KB)

Yeri gəlmişkən, ölkədə su təminatının yaxşılaşdırılması üçün iri su-kanalizasiya layihələri reallaşdırılırdı. Bu layihələr arasında paytaxtın su təminatında önəmli yer tutan Oğuz-Qəbələ-Bakı su kəmərini qeyd etmək yerinə düşər. İnşasına 2007-ci ilin martında başlanılan və Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu il dekabrın 28-də keçirilmişdi.

Layihə 3 ilə başa gəldi. Dəyəri 779, 6 milyon manat olan su kəmərinin hədəfi Bakı əhalisinin 75 faizinin içməli su ilə təmin etmək idi. Bəs görəsən, bu layihə reallaşandan sonra vəziyyət dəyişdimi?  Layihə tam gücü ilə fəaliyyət göstərirmi? Bu layihələrdən sonra da həm ölkə üzrə, həm də paytaxtda suyun verilişində  problemlər qalırmı?

Bu və digər suallarla bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Yeni Müsavat”a danışıb: “Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ildən istismara verilib. O vaxtdan Bakının su təchizatında bu kəmərin böyük rolu var. Həm Bakıya, həm də Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi istismara veriləndən sonra Bakıda fasiləsiz su alan abonentlərin xüsusi çəkisi 36 fazidən 81 faizə qalxdı. O bizə imkan verdi ki, Kürdən Bakıya çəkilən suyun bir hissəsini regionlara - Şirvana, Salyana Biləsuvara, Saatlıya, Sabirabada, hətta ətraf kəndlərə yönəldək. Bu kəmər xətti Bakının stabil su təchizatında müstəsna əhəmiyyəti oldu. O vaxtdan bəri fasiləsiz istifadə olunur, yayda həmin kəmərlə Bakıya verilən suyun həcmini artırırq, qışda suya tələbat azalanda bir az azaldırıq. Oğuz-Qəbələ-Bakı su kəməri xəttilə artıq saniyədə 3 kubdan bir az artıq Bakıya su verilir”.

15f8b865c9ea761a0ba0417d0e66cbdc_65994_29.jpg (221 KB)

A.Cəbrayıllı əlavə edib ki, su probleminin həlli istiqamətində 2007-ci ildən bəri Azərbaycanda 44 yeni su mənbəyi yaradılıb: “Həm Bakıda, həm də regionlarda- Oğuz-Qəbələ-Bakı, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi, Xanbulaq sutəmizləyici qurğusu, Şəmkirçay sutəmizləyici qurğusu, Mingəçevir sutəmizləyici qurğusu kimi belə möhtəşəm layihələri həyata keçirmişik. Hələ artezian mənbələr də var. Həm çayların məcrasında sugötürücü qurğular var, həm də təmizləyici qurğular işləyir. Həm bulaqlardan mənbə kimi istifadə etmişik. Bunların hesabına biz insanları su ilə təmin etmişik. “Azərsu” abonentlərinin sayı əvvəllər 1 milyon idisə, bu gün təxmini olaraq 1 milyon 700 minə yaxınlaşıb.  Keçən müddətdən bəri təxminən 700 min abonentə su vermişik”.

Mətbuat katibi “İcra hakimiyyəti tərəfindən binaların üstündən çənlərin yığışdırılması sakinlər tərəfindən narazılığa səbəb oldu. Bəzi evlərdə su daimi olmadığından insanlar susuz qalmışdı. İndi vəziyyət necədir, bütün evlər su ilə təmin olunubmu, yaxud çənlərin quraşdırılmasına icazə verilirmi” sualına da cavab verib: “Biz, “Azərsu” ASC olaraq həmişə tərəfdarıyıq ki, harada 24 saat su var, orada çənlər yığışdırılsın. Haqlısınız, bəzi ərazilərdə fasilə ilə su verilən yerlərdə binaların damından o çənləri yığışdırdılar. Amma sonra icra hakimiyyətləri açıqlama verdilər ki, vətəndaşlar istəsələr, dəmir yox, plastik çənlərdən quraşdıra bilərlər. Arada sakinlər tərəfindən bizə də şikayətlər olur. “24 saat su ala bilmirik, çənlər olsun”, deyirlər. Biz də həmin vətəndaşlara tövsiyə edirik, baxırıq  ki, həmin əraziyə yaxın müddətdə 24 saat su verə bilməyəcəyik, “çənlərdən istifadə edə bilərsiniz” deyirik”.  

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı"nda müxtəlif işlərin görülməsi nəzərdə tutulub. Planda alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə, subartezian və artezian quyularının qazılması, həmçinin 10 yeni su anbarının tikilməsi nəzərdə tutulur.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR