İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oğlumun meyitini qapının ağzında gördüm"- 16 yaşlı Musa şit zarafata görə öldürülüb- TƏFƏRRÜAT

3716 03.02.2019 21:33 Kriminal A A

16 yaşlı oğlanı qətlə yetirməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılıb. 

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən 19 yaşlı Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını edib.

İttihamda göstərilir ki, Ağaramazan İsmayılovla mərhum Musa Babayev arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Musanın avtobusda Ağaramazanla şit zarafat etməsi olub. Ağaramazan Musanın başına iki sillə vurub və mübahisə də buradan başlayıb. Bundan sonra Ağaramazan avtobusdan düşüb və Musanı axşam məhəllədə görüşə dəvət edib. Axşamkı görüş isə qanlı bitib. 

Elan edilmiş ittihamla Ağaramazan özünü qismən təqsirli bilib. 

Anası Sona Babayeva dəfələrlə prosesin gedişinə müdaxilə edib. Göz yaşlarını saxlaya bilməyən ana təqsirləndirilən şəxsin ünvanına ittihamlar səsləndirib.

Məhkəmə zərərçəkmiş Sona Babayevaya ifadə verməyi təklif edib.

Sona Babayeva ilk olaraq onu deyib ki, Ağaramazan qətli tək törətməyib: "Bu uşaq kimdir ki, mənim oğlumu öldürə bilsin? Oğlum iki bunun boyda idi. Canlı, cüssəli oğul idi. Bunun mənim oğlumu öldürməyə gücü çatmazdı. Üzbəüz durub onunla dava edə bilməzdi. Kiminləsə, kimlərləsə birləşib bunu ediblər. Sonra da meyitini qapımıza gətiriblər".

Mərhumun anası hadisəni görmədiyini, həmin gün xatırladıqlarını belə danışıb:

"Hər gün səhər işə gedib saat 4-5 arası qayıdıram. Məhəlləyə gələndə oğlumu gördüm. Dedim ki, gəl evə gedək. Mənə dedi ki, sən get, bir azdan gəlirəm. Adətən evə gec gələn deyildi. Sonra mən evə getdim. Axşam oldu, amma oğlum gəlmədi. Telefonuna zəng elədim, amma zəng çatmırdı. Gecə səhərə qədər xəbər ala bilmədim. Səhər qapını açanda oğlumun meyitini qapının ağzında gördüm".

Sona Babayeva qeyd edib ki, oğlunu başqa yerdə öldürüb gətiriblər: "Oğlumun əynindəki paltarlar təmiz idi. Sanki heç nə olmamışdı. Yaxınlaşanda üstünün qan olduğunu gördüm. Başqa yerdə öldürüb, maşınla da gətirib qapıya qoyublar. Amma iş düzgün araşdırılmır. Onların kim olduğu üzə çıxmalıdır. Axı bu uşaq necə mənim oğlumu öldürüb?".

Ana oğlunu öldürən şəxsə üzünü tutaraq deyib: "Ay insafsız, sən mənim həyatımı söndürdün. Tək övladımı, oğlumu məndən aldın. Səni heç vaxt bağışlamaram. Vurmuşdun, heç olmasa gəlib deyərdin. Qapının ağzına qoyanda bəlkə də ölməmişdi. Onu xəstəxanaya çatdıra bilərdik. Axı, oğlum sənə nə etmişdi? Namusuna sataşmışdı? Oğlum səni niyə vurub? Bunun bir səbəbi olmalıdır. Adam adamı durduğu yerdə vurarmı?".

Məhkəmədə təqsirləndirilən şəxsin vəkili mərhumun anasına suallar verib. 

Vəkil Sona Babayevadan oğlunun necə xasiyyətinin olduğunu, gecələr evə gəlib-gəlmədiyini soruşub.

Babayeva deyib ki, oğlunun məhəllədə heç kimlə problemi, sözü-söhbəti olmayıb. Onun dediyinə görə, oğlu maşın ustasının yanında işləyib və hər gün də saat 10-a qədər evə gəlib.

Zərərçəkmiş 3 il əvvəl həyat yoldaşını itirdiyini və oğlu ilə tək yaşadığını deyib.

Suallara cavab verən S.Babayeva təqsirləndirilən şəxsi təhqir edib və bu səbəbdən də məhkəmədə gərginlik yaşanıb. Hakim tərəflərə xəbərdarlıq edib.

Məhkəmədə hadisə baş verən qəsəbədə yaşayan şahidlər ifadə verib. Lakin onlar arasında hadisənin birbaşa şahidi olmayıb. İki gənc arasında mübahisənin baş verdiyi avtobusun sürücüsü də məhkəmədə dindirilib.

Şahid deyib ki, Musa ilə Ağaramazan avtobusda mübahisə ediblər. Ağaramazan avtobusa minəndə Musa onun başından vurub. Sonra da avtobusun arxa oturacaqlarında mübahisəyə davam ediblər. Sürücü deyib ki, sərnişləri narahat etdiyi üçün hər ikisini avtobusdan düşürüb. Sonra olanlardan isə xəbərsizdir.

Məhkəmə prosesi davam etdirilir. 

Bildirək ki, hadisə 2018-ci ilin iyun ayında Binəqədi rayonunu Hökməli qəsəbəsində baş verib. 

2000-ci il təvəllüdlü Ağaramazan İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayıb. Musa Babayev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb. Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri olduğu da məlum olub.

Məlumata görə gənclər arasında dava şit zarafata görə olub. Ağaramazan İsmayılov avtobusda sürücü köməkçisi işləyirmiş. O deyib ki, Musa Babayev də onun qonşusudur. Onun dediyinə görə, Musa avtobusda başına iki dəfə şillə vurub. Ağaramazan söyləyib ki, həmin vaxt avtobusda sərnişinlər də olub və bu hərəkəti qəbul edə bilməyib. Sonra isə aralarında yenə mübahisə düşüb və Musanı bıçaqlayıb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR