İnsanlara hürriyət, millətlərə istiqlal!

O vaxt deyirdilər, belə də olmalıdır, indi deyirlər, belə gedə bilməz...

1457 14.02.2020 08:20 Yazarlar A A

Gözəgörünməz heç kafər bəndəni qatığın ağ, mazutun qara olduğunu sübut etmək əzabı qarşısında qoymasın. Ağır işdir, məşəqqətdir, işgəncədir. Adam çox hiddətlənir, bağırır, dilinə söyüş gətirməli olur, axırda da üzünü Gözəgörünməzə tutub görünməsini tələb edir.

Zamanında biz o durumlara çox düşmüşük və səmimisini etiraf edim ki, heç vaxt qatığın ağ, mazutun qara olduğunu sübut edə bilməmişik. Düzdür, belə olduğunu bizim də boynumuza qoya bilmirdilər, amma bunun heç nəyə dəxli yox idi, onlar qara qatıqları, ağ mazutları ilə mənsəb, sərvət sahibi olurdular.

Nostaljiyə qapılanların sevimli ifadəsi ilə desək, heç yadımdan çıxmaz, 20-25 il öncə növbəti gərgin siyasi prosesdən sonra hansısa xeyir-şər məclisində rastlaşdığımız bəzi dost-tanış və qohum-əqrəbalar sifətlərində qalibanə bir təbəssümlə, dəruni məmnunluqla belə deyirdilər: “Gücünüz çatmır dəə. İqtidar sizi yenə uddu”.

Biz razılaşmırdıq və elə hey danışır, sübut etmək istəyirdik ki, elə deyil, belədir, bu gedişlə yaxşı olmayacaq, demokratiya... insan haqları, iqtisadi inkişaf... sosial rifah... dövlətçilik... millətin gələcəyi...

Onlar müdrikcəsinə deyirdilər: “Güclüdürlər, udurlar, fərqi yoxdur, necə.  Qalibi mühakimə etmirlər”.

Deyirdik: “Bəs xalqın dəstəyi... Korrupsiya və rüşvətxorluq...”

Deyirdilər: “Gəlmişdiniz də, gördük”. Deyirdilər və gülürdülər. Söhbətə “jımıx arqumenti” gəlirdi. Elçibəyin hansısa kadrının ərizəyə dərkənar qoya bilməməsi xatırlanırdı.

Deyirdik, axı o kadr vəzifədə olduğu müddətdə bir qəpk də rüşvət almayıb, pul yığmayıb, bu azdırmı. Deyirdilər, axmaq olub, böyük vəzifə tutan adam pul yığmalıdır.

O vaxt beləydi ki, bu simsar adamların azdan-çoxdan vəzifələri, biznesləri, xərcləməyə pulları vardı, dünya veclərinə deyildi.

Biz deyirdik, belə getməyəcək, gün gələcək, dövran dəyişəcək. Deyirdilər, elə şey yoxdur, siz heç vaxt hakimiyyətə gələ bilməyəcəksiniz, bu iqtidar da hələ 30 il hakimiyyətdə qalacaq, sonrasına da baxarıq.

Bu hissəsini düz deyirmişlər. 3 ildən sonra bu iqtidarın hakimiyyətdə olmasının 30 ili tamam olacaq, bəlli olduğu kimi, biz isə hakimiyyətə gələ bilməmişik, üstəlik, müxalifət deyilən qüvvə olaraq atomuna qədər parçalanmışıq.

Amma zaman və dövran da dəyişib. O vaxt üzlərində qalibanə təbəssümlə müdrik-müdrik danışan simsar adamların bir xeylisinin çarxı dönüb. Bəzilərinin vəzifəsi gedib, bəzilərinin biznesi zəifləyib, eləsi var, sonradan yaradılmış problemlər sindromunun cəngindədir.

Onlarla yenə də xeyir-şər məclislərində rastlaşırıq. Yenə də bir qırağa çəkilib söhbət edirik. İqtidara asi düşüblər, Gözəgörünməzə dirəşməklərinə də bir şey qalmayıb.

Deyirlər, gördünmü, iqtidar namizədləri yenə də saxtakarlıqla qalib gəldilər. Deyirəm, güclüdürlər də, nə demək olar.

Deyirlər, yox, haqsızlıq, ədalətsizlik oldu. Deyirəm, qalibləri mühakimə etmirlər.

Deyirlər, korrupsiya..., rüşvətxorluq..., haqsızlıq... Deyirəm, onlar bütün ölkələrdə var. “Guya Amerikada korrupsiya yoxdur?”, - deyirəm.

Deyirlər, yox e, belə getməz, xalqın iradəsi... demokratiya.... insan haqları... millətin gələcəyi...

Deyirəm, yox, o vaxt siz bu iqtidara 30 il “srok” vermişdiniz, hələ bitməyib, sonrasına da baxarıq, indi bir 30 il də mən verirəm.

Baxışlarından hiss edirəm ki, gerçəkdən belə deyə biləcəyimə, səmimiyyətimə inanmırlar, bilirlər ki, məzələnmək üçün belə deyirəm.

Onlar isə o vaxt çox səmimiydilər, bəzi şeyləri bizi cırnatmaq üçün qəsdən desələr də, ürəkdən o zamankı iqtidarın tərəfində idilər və hesab edirdilər ki, elə belə də olmalıdır, hakimiyyətdə olan mandatları özünə götürməlidir, vəzifədə olan pul yığmalıdır, müxalifətdə olan da həmişə əzilməlidir.

İndi dəyişən dövranla birlikdə qismən rollar da dəyişib. “Həmişə əzilənlər”in içində hakimiyyətə gələnlər də var, mandat alanlar da.

Bizim bu gündə olmağımızın əsl səbəbkarları isə məhz 20-25 il öncə hamını əzənlərdir. Ən böyüklərinin adını çəkirəm: Rəsul Quliyev, Surət Hüseynov, Əli İnsanov, Akif Muradverdiyev, Abbas Abbasov və başqaları.

1993-cü ildən ta dünənə qədər dövlətdə yüksək vəzifə tutan və məcazi mənada hər oğraşlığa qol qoyan minlərlə şəxsin sonradan “dissident”ə çevrilməsi havayı işdir. Onların dövranı dönüb deyə “haqq-ədalət çarçısı” olublar. Əslində isə qatığın qara, mazutun ağ olduğunu millətin boynuna zorla qoyan adamlardır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR