Xəbər verdiyimiz kimi bu günlərdə tanınmış azərbaycanlı müğənni Ülvi "O Səs Türkiyə" musiqi yarışmasındakı ifası ilə hər kəsi heyran etməyi bacarıb. Sənətçi “O sole mio” adlı məşhur İtaliya mahnısını çox böyük məharətlə ifa edərək münsiflər heyətinin diqqətini çəkib.
Musavat.com bununla bağlı müğənni Ülvi Qılıncın təəssüratlarını öyrənib, bu və digər suallara cavab tapmağa çalışıb.
Müsahibəni təqdim edirik:
- Ülvi bəy, öncə “O səs Türkiyə”də qazandığınız uğura görə sizi təbrik edirik. Bu uğurunuzla bağlı təəssüratlarınızı bölüşməyinizi istərdik. Necə oldu ki, bu yarışmaya getmək qərarına gəldiniz və niyə məhz Ebru Gündeşi seçdiniz?
- İlk olaraq demək istərdim ki, erməni təxribatı nəticəsində həlak olan şəhidlərimizə Allah rəhmət eləsin, yerləri cənnət olsun, ailələrinə isə səbir diləyirəm. Şəhid xəbərlərini eşidəndə bu sevincim kədərə döndü. Demək olar ki, bu sevinci yaşaya bilmədim...
O ki, qaldı təəssüratlarıma, çox gözəl və maraqlı oldu.
- Ümumiyyətlə, bu günə qədər bu cür yarışmalarda iştirak etmişdinizmi?
Əlbəttə ki, ilk dəfə deyildi səhnəyə çıxırdım. Xatırladım ki, Almaniyada birincilik qazanıb qalib olmuşam, 4 böyük konsert vermişəm. Allahın izni ilə bu yarışmada da qalib olaram.
Yarışmaya qoşulmağımın tarixçəsi isə çox maraqlı oldu. Belə ki, Türkiyədə olan bir vəkil dostum gözlənilmədən mənə dedi ki, sənə sürprizim var, sənin adını müsabiqəyə yazdırmışam. Beləliklə, mənə dəvət gəldi, getdim oxudum və uğurlu alındı.
Ebru Gündeşi seçməyimə səbəb isə gəncliyimin müğənnisi olmasıdır. Məlum məsələdir ki, Ebru Gündeş öz sənətində imzalı sənətkardır. Həmçinin Murad Boz Türkiyədə pop janrının kralıdır, digər münsiflər də özünə məxsus, fərqli ifaçılardır. Yəni münsiflər heyətində əyləşənlərin hamısı bir-birindən dəyərlidir. Sadəcə, Ebru Gündeş sənət baxımından mənə daha yaxın olduğu üçün onu seçdim.

- Necə düşünürsünüz, bu kimi yarışmalar ifaçılara nələr qazandırır?
- Türkiyəli müğənni Linet İsraildə yayımlanan “X Factor” müsabiqəsində iştirak etdi və bu məni də xeyli ruhlandırdı, öz-özümə dedim ki, niyə mən də bu cür yarışmada iştirak etməyim.
Səsimiz bizimlə birgə bu dünyadan köçüb gedəcək. Amma biri də var ki, bu səs tarixdə qalacaq, yaşayacaq. Məsələn, bu günə qədər də Pavarottinin səsini hamı sevərək dinləyir, onun səsi tarixdə qalıb. Səsi yaşatmaq, böyük kütlələrə çatdırmaq lazımdır.
- Bu günə qədər xeyli azərbaycanlı musiqiçi “O səs Türkiyə”də iştirak edib, hətta onların arasında opera ifaçıları da olub. Sizcə, niyə onlar sonradan yarışmada uğur qazana bilmədilər? Azərbaycanlılar arasında ən böyük uğuru Elnur Hüseynov qazandı, o da sonradan bilinməyən səbəblərdən populyarlığını qoruyub saxlaya bilmədi...
- Bəlkə də potensialları bir o qədər olmayıb. Şəxsən mən opera ilə bərabər pop və estrada janrı da oxuya bilirəm. Yəni tamamilə operadan çıxa bilirəm. Hər opera müğənnisi bunu bacarmır. Opera müğənnilərinin səs təməli elə qoyulur ki, onu dəyişmək çətin olur. Az opera müğənnisi var ki, onu dəyişə bilir.
Mən Elnuru tanıyanda onun 16-17 yaşı var idi. Çox mədəni, kübar uşaq idi. Elə indinin özündə də öz kübarlığını itirməyib. Düşünürəm ki, Elnur peşəkar musiqiçi kimi bir kənara çəkildi. Ola bilər ki, psixologiyası, gücü tab gətirmədi. Tək vuruşmaq çətindir.
- Siz də peşəkar opera ifaçısı, yəni peşəkar musiqiçisiniz. Amma nədənsə son illərdə gözə dəymirdiniz? Səbəb nə idi?
- Peşəkar musiqinin təbliğatını mədəniyyət nazirliyi etməlidir. Onlar konsertlər, festivallar təşkil etməli, istedadları üzə çıxarmalıdırlar. Amma təəssüf ki, bizdə belə deyil. Bəzən deyirlər ki, bizdə artıq klassik musiqi yoxdur. Son vaxtlar artıq mən də bu cür düşünməyə başlamışam. Bu gedişatla artıq klassik musiqidən əsər-əlamət qalmayacaq. Hazırda isə klassik musiqi sözdə var, amma həyatda yoxdur.
Ümumiyyətlə, dünya ölkələrində də artıq klassik musiqi çöküb desək, yanılmarıq. Bir tək İtaliyada, Avstriyada belə deyil, çünki ora klassik musiqinin vətənidir.
Təəssüf ki, hazırda Azərbaycan musiqisinin təbliğatı başqa istiqamətdədir. İndi daha çox bayağı, aşağı səviyyədə, çox ucuz musiqilər insanların beyinlərini yuyur.
- Azərbaycanı xarici ölkələrdə yüksək səviyyədə təmsil edən musiqiçilərimiz, ifaçılarımız var. Sizcə niyə onlar öz vətənlərində deyil, məhz vətəndən kənarda populyarlıq qazana bilirlər?
- Ümumiyyətlə, bu, həmişə elə olub. Həmişə azərbaycanlı musiqiçilər kənarda məşhurlaşanda onlara qiymət verilib. İstedadlar kiçik kütlələr üçün deyil, onlar böyük auditoriya üçündür. Məsələn, Əziz Mustafazadə və sairə. Eləcə də Sovet dövründə də belə olub. Məsələn, Rəşid Behbudov, Müslüm Maqomayev. Zamanında maestro Niyazi Müslüm Maqomayevi mərhum prezidentimiz Heydər Əliyevə təqdim edib və Heydər Əliyev ona arxa, dayaq olduqdan sonra ifaçı məqama gəlib çatıb. Bunu danmaq olmaz. Hər bir böyük sənətkarın arxasında böyük bir insanın imzası olur. Və yaxud, dünya şöhrətli Rostropoviç azərbaycanlıdır, amma Fransaya getdikdən sonra dünya şöhrətli musiqiçi oldu. Vaqif Mustafazadənin özü Amerikada birincilik qazandıqdan sonra məşhurlaşdı.

- Bundan sonrakı planlarınız nədir?
- Mən heç vaxt plan qurmuram. Amma budəfəki planım bacardığım qədər Azərbaycan musiqisini təbliğ etməkdən ibarətdir. İnanıram ki, Azərbaycan-Türkiyə qardaşlığı ilə birgə musiqimizi çox böyük yerlərə çıxara biləcəyik. Düşünürəm ki, belə də olacaq”.
Xalidə Gəray
Musavat.com






