İnsanlara hürriyət, millətlərə istiqlal!

"O, qəzetimizin "Asan xidməti"dir" - Ələsgər Süleymanovun yubiley yaşı redaksiyada qeyd olundu FOTOLAR

2417 12.04.2022 15:25 Media A A

“Yeni Müsavat” ın ASAN Xidmət məmuru 50, asan olmayan yolda yürüyən əməkdaşı 31 yaşını qeyd edir

Bu gün “Yeni Müsavat” Media Qrupu üçün əlamətdar gündür. “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanovun 50 yaşı və “Yeni Müsavat” qəzetinin siyasi yazarı Cavanşir Abbaslının 31 yaşı tamam olur.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilk növbədə Ələsgər Süleymanovu yubileyi münasibətilə təbrik edib, yarım əsri geridə qoyduğunu bildirib:

“Kifayət qədər ciddi rəqəmdir. Yaşlılığın gəncliyidir. Bu münasibətlə Ələsgər bəyi təbrik edirəm. Ələsgər bəy qəzetə düz 29 il əvvəl, 21 yaşında gəlmişdi. Gələn kimi sistem qurmaq, ciddiyət yaratmaq, redaksiyanın təməlini qoymaq prosesinə necə başladıqsa, o gün bu gündür bunu davam etdiririk. Çox ağır, məşəqqətli günlərdən keçdik. Bizim dostluğumuzun, birgə çalışmağımızın sayı buradakıların bəzilərinin yaşından daha çoxdur. Azərbaycan nədən keçdisə, biz də ondan keçdik. Azərbaycan hansı acıları, xoş günləri yaşadısa, biz də onları yaşadıq. İl yarımdan bir qədər çoxdur biz qələbə xəbərləri yazırıq, Qarabağa gedirik. Bu, bizim üçün xoş haldır. Amma düşünün, biz gənc yaşımızda acıdan, məğlubiyyətdən yazırdıq. Vuruşmağın nə demək olduğunu biz bilirik. Mənim həbsdə olduğum dövrlərdə redaksiyanın sütunlarından biri Ələsgər bəy olub. O, bəzi hallarda cəmi bir neçə dəfə xilaskar qoruyucu missiyasını üstlənib. Mən Ələsgər bəydən razıyam, Allah da ondan razı olsun. Əminəm ki, redaksiya da razıdır. Allah anasına rəhmət eləsin, çox gözəl ailəsi var. Əslən Ağdamdan olan, amma 27 il Ağdama həsrət qalan soydaşımızdır. 49 yaşında Ağdama getdi, gəzdi... Orada sadəcə torpaq parçası, evlərinin pilləkəninin bir hissəsi qalmışdı. Sarsıdıcı, dəhşətli kadrlar idi, amma Ələsgər bəy onu elə sevinclə çəkirdi ki. Bunu nəzərə alaraq ona həm də gözün aydın deyirik. Ələsgər bəy bizim təkcə iş yoldaşımız yox, ailə üzvümüzdür. Əminəm ki, onu tanıyan hər kəs belə hesab edir. Ələsgər bəy nə qədər yaşayacaqsa, qəzetə verdiyi əməyin müqabilində ömrünün üstünə 29 il də gəlməsini diləyirəm”.

R.Arifoğlu 31 yaşını qeyd edən “Yeni Müsavat” qəzetinin siyasi yazarı Cavanşir Abbaslı haqqında danışarkən bildirdi ki, gənc yazar redaksiyaya gəldikdə yaşı 30-dan aşağı idi:

“Çox fəal idi. İlk multimedia informasiyalarını o göndərirdi. Telefonla yazı yazmaq, şəkil göndərmək, xəbər yazmaq təcrübəsini başlatdı. İndi bir qədər otaq rejimində çalışır, amma biz ondan razıyıq. 31 yaşı var. Arzu edirik ki, tezliklə ailə qursun və xoşbəxt olsun”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan yubilyarı təbrik edərək, onunla təkcə iş yoldaşıyox, həm də dost olduğunu dedi:

"Çətin günlərdən keçib, bir-birimizi sınayıb bu günlərə gəlmişik. Ələsgər bəy haqqında kollektivdə müxtəlif ifadələr işlənir. İstisnasız olaraq hər kəs onun nə qədər ədalətli olduğunu bilir. Ələsgər bəy “Yeni Müsavat”ın "Asan xidməti"dir. Bütün çətinlikləri üzərinə götürür, kollektivə elə bir şərait yaradır ki, çətinlik hiss olunmur”.

Musavat.com-un baş redaktoru Xalid Kazımlı,“TV Müsavat”ın aparıcısı Sevinc Telmanqızı, “Minval.az” ın əməkdaşı Yana Madatova və kollektivin digər üzvləri də Ələsgər Süleymanovu və Cavanşir Abbaslını doğum günü münasibətilə təbrik ediblər.

Yubilyar həyatın ən gözəl məqamının belə günlər yaşamaq olduğunu ifadə etdi:

“Başda Rauf bəy olmaqla, hər kəsə təşəkkür edirəm. Hər zaman diqqət göstərmisiniz. Bunu hər zaman hiss etmişik. Yolumuz kəsişməsəydi, harada olardıq sualına cavab tapmaq çətindir. Mən halımdan çox məmnunam”.

Sonda “Yeni Müsavat” Media Qrupuna verdiyi əməyə və 50 illik yubileyinə görə Ələsgər Süleymanova plaket təqdim edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR