İnsanlara hürriyət, millətlərə istiqlal!

O məşum epitet...

2370 23.07.2019 08:10 Yazarlar A A

Kimsə 25-30 (bəlkə də daha çox) il əvvəl baməzəlik edib, söz oynadıb, tanıdığı bir-iki jurnalisti nəzərdə tutaraq “zurnalist” deyə təhqiramiz, aşağılayıcı söz icad edib.

Hər ilin bu günü gələndə o epiteti ağ-qara fərqi qoymadan, pis mənada ayrı-seçkilik etmədən bütün jurnalistlərə aid edirlər. Həm də kütləvi şəkildə.

Bu sırada ildə bir yazı yazmayan, bütün günü idarə və müəssisələrin qabağında sü... (lənət şeytana)... süslənib dolaşanlar, cip növlü maşınlarda gəzənlər də gedir, hər gün oturub yazısını yazan, qonorardan başqa heç kəsdən heç nə ummayan zəhmətkeş qələm adamları da.

Hələ bu təhqir olunanlar, aşağılayanlar heyətində başqaları da var: ömründə bir kəsə mədh yazmayanlar, həmişə obyektiv olan, olmağa çalışanlar, düzü düz, əyrini əyri yazanlar, heç vaxt ədalətsiz fikrə, haqsız ittihama imza atmayanlar, adları hər hansı bir əyri işdə çəkilməyənlər...

Belələləri onlarcadır, yüzlərcədir... İddiasız olduqları, özlərini gözə soxmadıqları üçün onları çox adam tanımır. Bir də onlar ona görə çox tanınmırlar ki, artıq ciddi yazı, məqalə oxuyan azdır. Oxuyanlar da o sadə imzaları yadda saxlamırlar, daha çox özünü qalmaqal, intriqa predmeti edən, bu yolla adını çıxaranları tanıyırlar.

Amma “zurnalist” epiteti ilə təhqir olunma günü gəlib çatanda bu sözü onlara da yapışdırırlar.

Başqa peşələrin yaxşısı-pisi yoxdurmu? Əlbəttə, var. Əslində, onların da peşə bayramı olanda ellikcə aşağılanırlar. Əksər tənqidçilər çox vaxt hamını ümumiləşdirir, ölkədə yaxşı müəllim, savadlı həkim, dürüst polis, vicdanlı ticarətçi və sair və ilaxır normal peşə adamları olmadığını elə asanca iddia edirlər ki... əl yeri, istisna faiz belə qoymurlar.

Həqiqət budur ki, elə deyil. Peşəsindən asılı olmayaraq, vicdanlı adamlar hər peşədə var və onlar ölkənin acı reallıqlarının yol verdiyi həddə, hətta o gerçəkliklərə sinə gərərək, qarşı gedərək vicdanlı, dürüst, obyektiv ola bilirlər.

Yəni kütləvi satılmışıqdan, kütləvi xəyanətdən, kütləvi dönüklükdən söhbət gedə bilməz. Çox zaman vitrinə baxaraq anbara qiymət verilir. Vitrin isə çox zaman aldadıcı olur.

“Dünən sizin bir iş yoldaşınız gəlmişdi bizim şöbəyə, rəis cibinə 5-10 manat pul qoydu, yola saldı”. Bu sözləri bu müəllifə bir toy məclisində uzaqdan-uzağa qohumluğu çatan polis kapitanı deyib. “İş yoldaşımız”ın adını soruşdum, kapitan “yadımda qalmayıb” dedi. Adamın işlədiyi qəzetin, saytın adını xəbər aldım, polis kapitanı güclə yadına saldı ki, jurnalistin təqdim etdiyi vəsiqədə “qanun” sözü görüb. Bir az da sorğu-sualdan sonra məlum oldu ki, rəisdən 5-10 manat alan hər kimdirsə, nəşriyyatda yerləşən, adı olub, özü olmayan, eləcə ona-buna vəsiqə paylayıb xərac yığdıran “reket qəzet”lərdən birinin işçisi olub.

Amma gəl, gör ki, o bunu bizim iş yoldaşımız hesab edir. Sanki ölkədə nə qədər jurnalist və özünü jurnalist hesab edən adam var, hamısı bir müəssisədə, bir yerdə işləyir, “poqon yoldaşları”dırlar və hamısı da bir-birini mütləq tanıyır.

Əlbəttə, bizim peşənin adamları arasında da hər cür adam var – özünə, peşəsinə, imzasına hörmət etməyənlər, əmrə müntəzirlər, sədəqə umanlar, beş cümləni ard-arda səhvsiz yaza bilmədiyi halda müxtəlif auditoriyalarda, hətta telekanallarda jurnalistikadan dərs keçənlər, karyerası boyunca yeddi dəfə cild dəyişənlər və sair və ilaxır.

Lap tutaq ki, onlara “zurnalist” demək olar, amma yuxarıda bəhs etdiyim zəhmətkeş, gözütox, istedadlı, təvazökar qələm adamlarını onların gözünə qatıb aşağılamaq olmaz.

Bəd ayaqda hamı onların, əsl jurnalistlərin üstünə qaçır. Müşkülü olanlar, haqqı pozulanlar, dərdini deməyə tribuna axtaranlar, işi düşənlər... hər kəs əvvəl-axır o vicdanlı jurnalistlərdən mədəd umur.

Ancaq elə ki, işləri düzəlir, hamını eyni gözdə görmək şövqü baş qaldırır, hamı ellikcə “zurnalist” olur.

“Məni zorla ölkəyə göndərirlər, aeroporta jurnalist göndərin”, “Evimə basqın var, məni həbs etmək istəyirlər, fotoreportyor göndərin”, “Sabah məhkəməmdir, jurnalist göndərsəniz, yaxşı olar” və sair və ilaxır bu kimi xahişlər olanda “yaxşı, bir-iki zurnalist tapıb göndərərik” desək, xoşunuz gələr?

Bu düşük epiteti hər kəsə eyni həvəslə yapışdırmayın, ümumiləşdirməyin. Ömrünü azad sözə, haqq-ədalətin bərqərarına həsr edən jurnalistlərin qəlbini qırır, bu peşəni seçdiklərinə peşman edirsiniz.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR