İnsanlara hürriyət, millətlərə istiqlal!

“O FİKİRDƏYƏM Kİ, BAŞQANI YOX, NİZAMNAMƏNİ DƏYİŞƏK”

1140 19.12.2010 09:39 Gündəm A A

(əvvəli ötən saylarımızda)

Rauf Arifoğlu:
- Qeyd etdiniz ki, İsa bəy Müsavat Partiyası başqanlığına namizədliyini irəli sürməyəcəyini, ancaq siyasi proseslərdən kənarda dayanmayacağını bildirib. Yəni nə deməkdir bu?

Arif Hacılı:
- Bu o deməkdir ki, İsa bəy bundan sonra da siyasi proseslərə təsir imkanlarını saxlayacaq. Əgər Müsavat Partiyasının nizamnaməsi dəyişilməyəcəksə və İsa Qəmbər partiya başqanlığına namizədliyini irəli sürməyəcəksə, müxtəlif strukturlar vasitəsi iləmi, yaxud İsa bəyin özünün şəxsi nüfuzu və həm partiya strukturlarına, həm də bütövlükdə Azərbaycan cəmiyyətinə təsir imkanlarından istifadə edərək bu prosesdə bundan sonra da qalacağını bildirir. Mən nümunələr gətirmək istəyirəm...

- Arif bəy, ən müxtəlif variantlar içərisindən sizə yaxın olan real bir variant varmı?

- Müxtəlif variantlar var. Ancaq onlardan hansının üzərində dayanılacaq, bəlli deyil.

- Yəni hələ heç bir variantın üzərində dayanılmayıb?

- Müsavat Partiyası strukturlarında olan şəxslərin əksəriyyətinin mövqeyi belədir ki, partiya nizamnaməsində dəyişiklik edilsin.

- Siz də o fikirdəsiniz?

- Bəli, mən də o fikirdəyəm ki, başqanı yox, nizamnaməni dəyişək. Sadəcə, mən bu məsələyə fanatik kimi yanaşmıram. Bilirəm ki, nizamnamənin dəyişilməsinin öz fəsadları olacaq. Yəni Azərbaycanda yaramış bu kimi tendensiyanın Müsavat Partiyasında davam etdirilməsi müəyyən fəsadlar yaradacaq. Buna heç bir şübhə yoxdur. Bədxahlarımız bundan istifadə edəcək və sair. Amma biz hesablamalıyıq ki, nizamnamənin dəyişilməsinin fəsadları çox olacaq, yoxsa başqanın dəyişilməsinin. Bunları hesablayaraq qərarlarımızı qəbul etməliyik.

- Siz şəxsən özünüz hesablamısınızmı bunu?

- Mən hesablamışam və bu qənaətə gəlmişəm ki, nizamnaməni dəyişmək daha məqsədəuyğundur. Yəni bu gün belə düşünürəm. Ancaq qurultay ərəfəsində hansı şərait yaranacaq, o barədə fikir səsləndirmək çətindir. O ki qaldı İsa Qəmbərin mövqeyinə, o, nizamnamənin dəyişdirilməməsində israrlıdır. O, nəinki bu məsələyə loyal yanaşır, hətta bu məsələnin müzakirəyə çıxarılmasına imkan vermir və bu mövzuda danışmağın lüzumsuz olduğunu bəyan edir. Siz bəzi opponentlərin fikirlərini dediniz ki, proses bu qaydada davam etsə, Arif Hacılı başqan olacaq, İsa Qəmbər də bunu istəyir...

- Görüntü belədir...

- Əgər Müsavat Partiyası üzvləri və İsa Qəmbər də belə istəyirsə, bu o deməkdir ki, o, gələcək başqanın arxasında dayanacaq. Mənə elə gəlir ki, bu çox gözəl variantdır. Konkret özüm haqqında bunu demək istəyirəm ki, mən yalnız o halda Müsavat başqanlığına namizədliyimi irəli sürərəm ki, İsa Qəmbər kimi bir siyasətçinin arxamda dayanacağına əmin olum. İsa bəy siyasətçi üçün kifayət qədər gənc yaşındadır və cəmiyyət belə şəxsiyyətləri hər gün yetişdirmir. Uzun illər boyu yetişmiş siyasi xadimlərdən biri, mənim fikrimcə birincisi İsa Qəmbərdir. Onun potensialından Azərbaycan cəmiyyətinin gələcəyi, demokratikləşməsi, avtoritarizmə müqavimət göstərilməsi üçün bundan sonra da istifadə olunmalıdır. İsa Qəmbər bundan sonra da heç şübhəsiz ki, Azərbaycan cəmiyyətində ən birləşdirici fiqurdur. Söhbət təkcə müxalifət qüvvələrindən, Müsavat içərisində gedən proseslərdən getmir. Bütövlükdə Azərbaycan cəmiyyətində, hətta bizə opponent olan bir çox qruplarda İsa Qəmbərin şəxsiyyəti bir siyasi lider, Azərbaycanın görkəmli şəxsiyyəti kimi qəbul olunur. Azərbaycan üçün, xüsusilə bu cür vətəndaş qarşıdurması olan bir ölkə üçün siyasətçinin bu məziyyəti əvəzolunmazdır. Ona görə də İsa Qəmbərin Azərbaycan siyasətində bundan sonra da demokratik qüvvələrin aparıcı siyasi lideri kimi qalması zəruridir və hamının, hətta İsa Qəmbərə opponentlik eləyənlərin də xeyrinədir. Sadəcə, onlar bunu başa düşmür.

- Onun özünün sizinlə, partiya rəhbərliyi ilə bu barədə söhbəti olubmu? Konkret namizədi varmı? Bir var kənardan görünən; kənardan görünən odur ki, o istəyir Arif Hacılı başqan olsun, yaxud da olsa müqavimət göstərməyəcək. Bəs üzbəüz söhbətdə nə deyir? Prosesi özbaşına buraxacaqmı ki, kim güclüdürsə yarışda o qazansın, yoxsa oturub söhbət etməyə, konsensus modelinə üstünlük verəcək? Bu barədə bir təsəvvürlərinizi bölüşə bilərsinizmi?

- Rauf bəy, siz İsa Qəmbəri məndən pis tanımırsınız, onun idarəçilik sisteminə, kadr məsələlərinə münasibətinə bələdsiniz. Heç şübhəsiz ki, İsa Qəmbər bütün məsələlərin sərbəst buraxılmasının və qurultay nümayəndələrinin iradələrinin əsas götürülməsinin tərəfdarı olacaq.

- İsa bəydən sonrakı başqan məsuliyyəti sizi narahat edirmi?

- Həddən artıq narahat edir. Bəzi adamların “mən də başqan olaram” deyib, iddialarını irəli sürməsi məni çox təəccübləndirir. Çağdaş Müsavat Partiyası bu günündə çox qəliz bir partiyadır. Müsavatda müəyyən kəsim var ki, İslami dəyərlərin önə çəkilməsinin tərəfdarıdır. Müəyyən kəsim var ki, türkçülük, millətçilik ideyasının prioritet olmasına çalışır, bu istiqamətdə mövqeyini açıq bildirir. Həmçinin, liberal-demokratik dəyərlərin əsas götürülməsi fikirlərinin tərəfdarı olan kəsim mövcuddur. Eyni zamanda, Müsavatda nihilizm, kosmopolit səviyyədə siyasət yeridilməsi tərəfdarı olan adamlar da var. Müsavata yalnız sosial ədalət, ölkədə baş verən haqsızlığa qarşı mübarizə meydanı kimi baxıb partiyaya qoşulan adamlar da var. Bu adamların hamısını bir təşkilatda qoruyub saxlamaq, idarə etmək çox çətindir. Mən Müsavat bərpa olunduğu gündən onun fəaliyyətində iştirak edirəm və bu məsələləri düşünəndə kifayət qədər ciddi gərginlik keçirirəm. Çünki bu, postun - Rəsulzadənin qurduğu partiyanın başında dayanmağın məsuliyyətini çox ciddi şəkildə hiss edirəm. Hesab edirəm ki, Müsavat başqanı vəzifəsi Azərbaycanda prezidentdən sonra ən yüksək siyasi vəzifədir. Başqanlığa yanaşmam bu şəkildədir. Bu məsuliyyəti dərk etməsəydim çoxdan namizədliyimi irəli sürdüyümü bildirərdim və seçki kampaniyasına qatılardım.

- Arif bəy, bir sual verim, səmimi cavab verin. Qeyd etdiyiniz variantda - yəni nizamnamə dəyişmir, İsa bəy də israr edib başqanlıqdan gedir və hər şeyi seçkilərə buraxır; - bu zaman siz yox, bir başqası başqan seçilsə, Müsavatdan gedərsiniz, yoxsa qalarsınız?

- Mən heç bir halda Müsavat Partiyası sıralarından çıxmaram. Müsavatın rəhbər orqanlarında iştirak etməyə bilərəm, heç bir vəzifəyə öz namizədliyimi irəli sürməyə bilərəm, amma hətta Müsavat Partiyasına opportunist, partiyanın siyasətini dəyişdirən rəhbərlik gəlsə belə - düzdür, hesab edirəm ki, bu qeyri-mümkündür - Müsavatda qalaraq öz mövqeyimi birmənalı şəkildə ortaya qoyaram. Mən bir toplantıda belə fikir səsləndirdim ki, əgər dünyada bir müsavatçı qalacaqsa, o, mən olacam. Bu məsələdən hamı tam arxayın ola bilər.

- Superpartiya yaradılacağı təqdirdə, Əli Kərimli başqan olarsa, onun rəhbərliyi altında rəhbər vəzifə tutmaq variantına hazırsınızmı?

- Bu məsələlər Müsavatın strukturlarının, qurultay nümayəndələrinin iradəsinə uyğun olaraq həll olunacaq. Sizdən xahiş edirəm ki, mənə belə çətin suallar verməyəsiniz.

- Bir az da iqtidar-müxalifət münasibətlərindən danışaq. Hazırda belə bir görüntü var ki, iqtidarın da başı özünə qarışıb, müxalifətin də. Bu situasiyanın, görüntünün alt qatı varmı? Yəni hansısa hazırlıqlar varmı, gələcək mübarizə üçün mexanizmləri işə salmaq, hakimiyyətin beynəlxalq aləmdə heç bir dəstəyinin olmadığını görərək fəaliyyəti yenidən qurmaq, bu istiqamətdə müzakirələr aparmaq və sair? Ümumiyyətlə, müxalifət əsas rəqibinin düşdüyü vəziyyəti təhlil edirmi? Edirsə hansı qənaət mövcuddur? Siz iqtidarın durumunu necə qiymətləndirirsiniz?

“85 faiz seçicinin seçkilərdə iştirak etməməsi o deməkdir ki, əhalinin 85 faizi hakimiyyətin apardığı siyasətə inanmır”

- Bu istiqamətdə çox ciddi və intensiv müzakirələr gedir. Açıq bildirirəm ki, müxalifətin elitasında seçkilərdən sonra heç bir ruh düşkünlüyü yoxdur. Belə ehtimallar var idi ki, müxalifətin parlamentə buraxılmaması seçkilərdən sonra bir ruh düşkünlüyü yaradacaq. Amma mən hətta rayon təşkilatları səviyyəsində də belə ruh düşkünlüyünün olmasını hiss etmədim. Bu baxımdan, hətta 2005-ci il seçkilərindən sonra vəziyyət indikindən daha pis olmuşdu. Bu onunla bağlıdır ki, cəmiyyət, o cümlədən müxalifətçilər insanlarımızın laqeyd olmasının və siyasi proseslərdə iştirak etməməsinin şahidi olsa da, eyni zamanda hakimiyyətin cəmiyyətdə heç bir dəstəyinin olmadığına da şahid oldu. Seçicilərin təxminən 85 faizi seçkilərdə iştirak etməyib. Təbii ki, bu, hakimiyyətə gəlmək iddiasında olan qüvvələr üçün bir problemdir, nöqsandır. Ancaq bu, hakimiyyət üçün daha böyük problemdir. Çünki 85 faiz seçicinin seçkilərdə iştirak etməməsi o deməkdir ki, Azərbaycan hakimiyyətinin apardığı siyasətə 85 faiz inanmır. Əhalinin bu qədər faizi seçkilər nəticəsində hansısa dəyişikliklərin olacağını düşünmür, seçkilərin saxtalaşdırılacağını bildiyi üçün onu boykot edir. Çünki hakimiyyət bütün resurslardan istifadə edərək əhalinin seçkilərə gəlməsinə çalışırdı. Lakin buna nail ola bilmədilər. Hakimiyyətin çağırışına Azərbaycan cəmiyyəti müsbət reaksiya vermədi. Ona görə də bu məsələlər bizi düşündürür və hazırda müxalifət düşərgəsində toparlanma prosesi gedir. Bu proses çətin gedir, başqalarının şəxsi mənafelərini düşündüklərini iddia edənlərin bir çoxu özləri şəxsi mənafelərini düşünərək bu prosesə maneçilik törətməyə cəhdlər göstərirlər. Ancaq müsbət nəticələr də var. Hər halda keçirilən forumlarda Müsavatın, AXCP-nin, KXCP-nin, Milli İstiqlal Partiyasının və digər siyasi partiyaların nümayəndələrinin, eyni zamanda vətəndaş cəmiyyətinin görkəmli təmsilçilərinin, gənclərin, ziyalıların, jurnalistlərin iştirak etməsi göstərir ki, toparlanma prosesi gedir və onun nəticə verəcəyi qənaətindəyəm. Hesab edirəm ki, yaxın aylarda ciddi siyasi müqavimət hərəkatı başlanmalıdır və onun təşkilatçısı da nəzərdə tutulan birləşdirici qurum olmalıdır.

- “WikiLeaks” saytının yaratdığı siyasi zəlzələ, sizcə, hakim düşərgəni nə dərəcədə sarsıtdı? Müxalifət bunları təhlil edirmi?

- Azərbaycan hakimiyyəti daim balanslaşdırılmış xarici siyasət apardığını iddia edib və bununla öyünüb. İranla, Rusiya, Türkiyə, Avropa, ABŞ-la normal münasibətlər olduğunu iddia edirdilər. Biz bunun həqiqət olmadığını bilirdik və hakimiyyətin bu siyasətinin Azərbaycan dövləti üçün təhlükəli olduğunu dəfələrlə qeyd etmişik. Azərbaycan dünyanın heç bir təhlükəsizlik sistemində yoxdur. Dünyada bir neçə təhlükəsizlik sistemi var və onların əsası da Qərbdə NATO ilə, digər tərəfdə isə Rusiyanın və digər MDB dövlətlərinin qurduğu təhlükəsizlik sistemləridir ki, Azərbaycan onların heç birində yoxdur. Ancaq Azərbaycana düşmənçilik edən Ermənistan məhz Rusiya ilə eyni təhlükəsizlik sistemindədir. Azərbaycanın Rusiya ilə eyni təhlükəsizlik sistemində olması mümkün deyil, eyni zamanda lazım da deyil. Bu baxımdan hakimiyyətin apardığı təhlükəsizlik siyasəti Azərbaycan üçün çox təhlükəli siyasətdir. İndi məlum olur ki, hakimiyyətin apardığı yanlış siyasət nəticəsində Azərbaycanın əzəli və əbədi, təbii müttəfiqi olan Türkiyə ilə də münasibətlərdə problemlər mövcuddur. Bu vəziyyət təkcə hakimiyyət üçün yox, həm də Azərbaycan cəmiyyəti, dövləti üçün qorxuludur. Biz bir tərəfdən Azərbaycana heç də dost olmayan İranla, bir tərəfdən müharibə vəziyyətində olduğumuz Ermənistanla, bir tərəfdən isə Azərbaycanın düşməni olan Ermənistanla açıq müttəfiq olan Rusiya ilə əhatə olunmuşuq. Belə bir vəziyyətdə bizim balansımız NATO ilə yaxınlaşmaq, məhz Avro-Atlantik məkana inteqrasiya etmək siyasəti yeritməklə ola bilərdi. Eyni zamanda təbii ki, istər Qərbin, istər NATO-nun açarı bizim üçün Türkiyədir. Biz Türkiyə vasitəsi ilə özümüzün bir dövlət olaraq təhlükəsizliyimizi təmin etmək xətti götürməliyik. Və bütün son açıqlamalar həm Azərbaycan cəmiyyətinə, həm dünya ictimaiyyətinə, həm də Türkiyəyə göstərdi ki, Azərbaycan hakimiyyəti heç də dövlətimizin maraqlarına uyğun olan siyasət yeritmir. Balans siyasəti adı altında faktiki olaraq bütün güc mərkəzlərinə münasibətdə nəticə etibarı ilə düşmən münasibət yaramasına gətirib çıxaran siyasət yürüdülür. Bu siyasətin hakimiyyət üçün, çox təəssüf ki, bütövlükdə cəmiyyət üçün çox ciddi fəsadları ola bilər. Azərbaycan hakimiyyəti çərçivəni o qədər daraldıb ki, faktiki olaraq özü yaratdığı balaca vakkumun içərisində boğulmağa məhkumdur. Bu proses artıq başlayıb.

- “WikiLeaks”in məlumatlarına iki cür yanaşma var; birincisi, bəzi ölkələrin müxalifəti bundan maksimum istifadə edirlər, hakimiyyətin üzərinə gedirlər; ikincisi Dövlət Baxçalı modelində yanaşmadır. O bəyan etdi ki, o saytın məlumatlarından nə çıxmasına baxmayaraq, bunu daxili siyasətin malzəməsinə çevirməyəcək, amerikalıların verdiyi məlumatları öz iqtidarlarının əleyhinə istifadə etməyəcək. Azərbaycan müxalifəti nə düşünür? Bununla bağlı müxalifətin müzakirəsi və bir daxili qərarı varmı? Sizin baxışınız necədir, bu məlumatlardan iqtidara qarşı istifadə etmək lazımdır, ya yox?

- Mən hesab edirəm ki, siyasətçi, xüsusilə ölkədə gedən proseslərə təsir etmək imkanına malik olan siyasətçi bu cür məsələlərə öz mülahizələrinə görə münasibət bildirməməlidir. Bu məsələlərə ölkənin maraqlarına uyğun münasibət bildirilməlidir. Məsələn, əgər İlham Əliyev deyirsə ki, onun Türkiyə iqtidarından xoşu gəlmir, bu onun öz işidir, bunu deyə bilər. Və bu məsələ ilə əlaqədar bizim İlham Əliyevin siyasətinə qarşı hansısa mövqelər sərgiləməyimizə zərurət yoxdur. Yox, əgər o deyirsə ki, Türkiyənin regionun enerji mərkəzinə çevrilməsinə qarşı müqavimət göstərir və bunun üçün konkret addımlar atır, biz təbii ki, buna qarşı çıxmalıyıq. Çünki Türkiyənin regionda güclənməsi Azərbaycanın mənafelərinə uyğundur. Əgər Azərbaycanda hakimiyyət başında duran şəxs Türkiyənin regionun enerji mərkəzinə çevrilməsinə müqavimət göstərirsə və bu istiqamətdə konkret addımlar atırsa, əlbəttə ki, müxalifət və cəmiyyət bu cür addımlara qarşı çıxmalıdır. Ona görə də bu məsələlərdən fürsətçi kimi yararlanmaq deyil, Azərbaycanın mənafelərinə zərbə vuran addımlara qarşı öz mövqelərimizi açıqlamaq və bu istiqamətdə ən azı ictimai qınağı və mümkün olsa ictimai müqaviməti təşkil etmək niyyətindəyik.

- Hakimiyyətin durumunu gördünüz. Onu Amerika da dəstəkləmir və ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları, səfirin özü hakimiyyət haqqında çox ciddi təhlillər hazırlayaraq mərkəzlərə göndəriblər. Yəni siz hakimiyyətin zəif yerlərini gördünüz. Onlardan istifadə etmək fikriniz varmı və ümumiyyətlə bu situasiya Azərbaycanda demokratik müxalifətin şanslarını, perspektivlərini artırırmı? Bu qənaətiniz varmı və bu şanslardan müxalifət olaraq istifadə edə biləcəksinizmi?

“Hazırda Azərbaycandakı dövrü tufan öncəsi bir sakitlik kimi dəyərləndirmək olar”

- İstənilən pis işin içərisində də bir xeyir var. Düşünürəm ki, Azərbaycan cəmiyyətinin hökumətin beynəlxalq dayaqlarının olmamasını görməsi insanlarımızın fəallaşmasına gətirib çıxara bilər. Hazırda Azərbaycandakı dövrü tufan öncəsi bir sakitlik kimi dəyərləndirmək olar. Hamı narazıdır, hamı dəyişiklik istəyir, ancaq bu dəyişikliyin olması perspektivinə inam yoxdur və insanlar bu dəyişiklik uğrunda fədakar mübarizəyə hələlik hazır deyillər. Ancaq dəyişikliyin mümkünlüyünə minimum imkan yaranan kimi Azərbaycanda bir çox qüvvələr hərəkətə gələcək və hakimiyyətin dəyişdirilməsi uğrunda fədakar mübarizəyə başlayacaqlar. Mənim qənaətimcə, bu gün çox uzaqda deyil. Azərbaycanın gələcəyinə nikbin yanaşmağımın səbəblərindən biri də odur ki, Azərbaycan cəmiyyəti məsələn, İraq, Əfqanıstan, Türkmənistan cəmiyyətindən fərqli olaraq demokratiyanın, azad bazar iqtisadiyyatının nə olduğunu bilir, bunun üçün çalışır, demokratik dəyişikliklərə hazırdır. Gürcüstan təcrübəsi göstərdi ki, bu gün Azərbaycanda mövcud olan problemlər - yəni yoxsulluq, rüşvətxorluq, korrupsiya, avtoritarizm, yaltaqlıq, ikiüzlülük və digər bu tipli problemlər heç də xalqın mentaliteti ilə bağlı deyil. Çünki biz xatırlayırıq ki, Gürcüstanda bu məsələlərdə həm sovetlər dönəmində, həm 90-cı illərdə Azərbaycandan qat-qat pis vəziyyət hökm sürürdü. Ancaq Gürcüstanda idarəçilik dəyişdikdən sonrakı qısa müddətdə, təxminən 5 il ərzində Gürcüstanda normal, sivil, bəşəri dəyərlərə əsaslanan bir cəmiyyət qurmağa nail oldular. Bu bir daha təsdiq edir ki, problem mentalitetdə, xalqda deyil, idarəetmə sistemindədir. İdarəetmə sistemi dəyişən kimi qısa müddət ərzində Azərbaycan sivil, layiqli ölkələrdən birinə çevriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR