ABŞ Nümayəndələr palatasının Demokrat partiyasından olan üzvləri prezident Donald Trampın Meksika ilə sərhəddə divarın tikintisindən ötrü 8 milyard dollarlıq vəsaiti əldə etmək üçün Konqresin razılığı olmadan ölkədə fövqaladə vəziyyət elan etmək haqqında qərarını blok etmək fikrindədirlər.
Bu barədə “The New York Times” qəzeti məlumat verib.
Qəzet Donald Trampın Konqresin belə bir qanun layihəsini təsdiqləməsi halında onu veto edəcəyini də yazıb. Əgər layihə qanunverici palatadan da keçməzsə, demokratlar Ali məhkəməyə müraciət edəcəklər.
Ağ Ev aparatının rəhbəri Mik Malvaninin jurnalistlər üçün təşkil etdiyi telefon brifinqində söylədiyi kimi, fövqəladə vəziyyət rejimi Donald Trampa istədiyi pulu almağa imkan verəcək.
“The New York Times” bunun da hesabını aparıb. Belə ki, Konqres divar tikintisi üçün artıq 1,375 milyard dollar ayırmağa əvvəldən razılıq verib. Maliyyə nazirliyinin fondundan 600 milyon dollar, Müdafiə nazirliyinin narkotiklərə qarşı proqramından 2,5 milyard dollar, fövqaladə vəziyyət rejiminin öz tətbiqindən isə 3,5 milyard dollar vəsait götürmək mümkün olacaq.
Bəziləri isə divarın tikintisini Meksika narkobaronu “El Çapo” ləqəbli. Xoakin Qusmanın hesabına başa çatdırmağı təklif edib.
Musavat.com






