İnsanlara hürriyət, millətlərə istiqlal!

NUŞİRƏVAN MƏHƏRRƏMLİNİN QOHUMLARININ ADI MƏNZİL FIRILDAĞINDA

7305 17.10.2011 09:32 İqtisadiyyat A A

Payçılar: “Bir mənzil bir neçə şəxsə satılıb”

Xətai rayon sakini Elxan Baxışov deyir ki, onlar mənzillərinin açarlarını almaq, yeni evlərə köçmək üçün “Birlik-İnşaat” MMC-yə bir neçə dəfə müraciət ediblər. Lakin sakinlər bir neçə ildir ki, öz qanuni mənzillərinə sahib ola, bura köçə bilmirlər: “Dəfələrlə şirkət rəhbərliyinin qəbulunda olmuşuq. Hər dəfə bizi aldadıblar”. Digər şikayətçi deyir ki, bina ümumilikdə 210 mənzil üçün nəzərdə tutulub, ancaq bir mənzil bir neçə şəxsə satılıb: “Bir ay əvvəl məlum oldu ki, şirkət bizi aldadıb. Bizə verilməli olan mənzil başqa adamlara da satılıb. Hətta 6 ildir 14 mərtəbəli binanı tikib başa çatdıra bilmirlər. Bilirik ki, tikinti işlərinin bu qədər yubanmasının arxasında fırıldaqçılıq əməlləri dayanır. ”Birlik-İnşaat"ın rəhbərliyi vaxtı uzatmaqla mənzillərin müştərilərinin sayını artırıblar. Buna görə də eyni mənzili çox adama satıblar".

Payçı İlham Məmmədovun sözlərinə görə, 2008-ci ildə 58 min dollar şirkətə pul verərək, binadan mənzil alıb: “Birlik-İnşaat” MMC-nin elanlarını oxuyanda həm özümün, həm də qonşuların aldadıldığını başa düşdüm. Gördüm ki, pulunu hələ 3 il əvvəl ödədiyim mənzil satışa çıxarılıb. Başa düşdüm ki, şirkət bizi aldadıb. Ancaq hər birimizə maliyyə sənədi verilib. Hər ay şirkətin rəhbərliyi deyir ki, mənzillər gələn ay təhvil veriləcək. Ancaq indiyə kimi bir xəbər çıxmayıb". Sakinlər deyir ki, “Birlik-İnşaat” MMC 3 mənzilli otaqlar üçün vətəndaşlardan hələ bir neçə il əvvəl 90 min manat pul alıb. Bununla yanaşı 1, 2 otaqlı mənzillərin də pulları vətəndaşlardan yığılıb.

“Bəzi evlərdə isə adlar var, ancaq həmin adamları tapa bilmirik. Mən 117 kvadrata 32 min manat pul vermişəm. Ancaq sonra gəldim ki, mənzilimin qapısına başqa adam öz adını yazıb yapışdırıb”, -deyə payçı Mərzilə Abdullayeva söylədi.

Təmirə başlayanda mənzilin 3 sahibi ortaya çıxıb

Binada mənzil alıb, tez-tələsik təmir işlərinə başlayanlar da olub. Rüfət adlı payçı deyir ki, 2008-ci ildə 3 otaqlı mənzil alıb və təmir işlərinə başlayıb: “Bir həftə sonra mənzilimin 3 sahibi çıxdı. Məlum oldu ki, onlardan ikisi mənzili məndən öncə, biri isə sonra alıb. Bizə satılan mənzilləri ucuz qiymətə vəzifəli adamlara da satıblar. Hətta onlar arasında polis polkovniki də var”. Zərərçəkənlər satılan mənzillərin siyahısını da tutublar. Burada bir mənzilin hətta bir neçə nəfərə satıldığı qeyd edilib: “Bəlkə də hələ bir mənzil 4-5 adama satılıb. Çünki çox adamı tapa bilmirik. Bu binanı tikdirən 5 qardaş korrupsiya əməllərinə görə həbs edilməlidirlər”.

Zərərçəkənlər “etirazlara başlayacağıq” deyir, rəhbərlik isə susur

Maraqlıdır ki, bir aya yaxındır, zərərçəkənlər müvafiq qurumlara müraciət edir, mətbuat bu barədə yazır, ancaq əlaqədar qurumlar heç bir reaksiya vermirlər. Zərərçəkənlər deyir ki, MMC rəhbərliyinin qanunsuzluqlarına görə dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər: “Biz mənzilləri müqavilə əsasında almışıq. Bilməzdik ki, başımıza bu cür iş gələr. Şirkətin rəhbəri Elman Tağıyevin arxasında qardaşı - Kürdəmir Rayon Polis İdarəsinin rəis müavini Aqil Tağıyev dayanır. Onlar hazırda Xırdalan şəhərində başqa bir çoxmərtəbəli bina inşa etdirirlər. Həmin binada da analoji vəziyyət yaşanır. Biz məsələ ilə bağlı ölkə prezidentinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə də müraciət etmişik. Bir daha onlara müraciət edib, kömək istəyirik”.

Zərəçəkənlər bildirdilər ki, şirkətin rəhbər şəxsləri olan beş qardaş - Adil, Rafiq, Məhərrəm, Aqil və Elman Tağıyevlər Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə yaxın qohumdurlar. Onların əmizadə olduğu iddia edilir. Həmçinin Rafiq Tağıyevlə N.Məhərrəmli qudadırlar. Tağıyev qardaşlarının prezidentin əmisi oğlu Rasim Əliyevlə kirvə olduqları da iddialar arasındadır.
MMC-də işləyən Şirin adlı şəxs isə telefon zənglərimizə cavab vermədi. Onun sonuncu dəfə sakinlərə verdiyi cavab belə olub: “Elman müəllim deyir, kimə istəyirsiniz gedin müraciət edin. Bizim heç bir şey vecimizə deyil”.
Vəkil Fuad Ağayev isə deyir ki, məsələni müvafiq qurumlar araşdırmalıdır: “Sonra cavabdeh təşkilatların dairəsi müəyyənləşdirilməlidir ki, bu işi kimlər həyata keçirib. Bundan sonra vətəndaşlar məhkəməyə müraciət edə bilərlər”. F.Ağayev deyir ki, şirkət rəhbərliyinin əməllərinin qanunsuzluğu sübuta yetirilərsə, həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Dünən Tağıyev qardaşları haqda bəzi məlumatlar əldə etdik. Mənbəmizin bildirdiyinə görə, bu qardaşlar İmişli rayonunun Əlpanahlı kəndindəndirlər (Muradxanlı icra nümayəndəliyi - red.). Qardaşlardan Rafiq Tağıyev vaxtı ilə Prezident Administrasiyasında mühüm post tutub. Qaynağımızın iddiasına görə, onu qeyri-şəffaf işlərinə və “yuxarıları” aldatdığına görə işdən çıxarıblar. Başqa qardaş Adil Tağıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində şöbə müdiri işləyib. Onu da nazir Hüseynqulu Bağırova “atdığı” üçün vəzifədən alıblar. “Birlik-İnşaat” MMC-nin rəhbəri Elman Tağıyevin də haqqında bəzi şok məlumatlar əldə etmişik. Sadəcə olaraq faktı dəqiqləşdirmədiyimiz üçün və etik məsələləri nəzərə alıb hələlik onları çap etmirik.
Mövzunu davam etdirəcəyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR