|
“AXCP ilə Müsavatın birləşməsindənsə, müttəfiq kimi qalması ölkəyə daha çox fayda verər” |
Nüşabə Sadıxlı: “İsa bəy Müsavat Partiyasını taleyin ümidinə qoyub gedə bilməz”
Müsavat Partiyası Divanının üzvü Nüşabə Sadıxlı “Yeni Müsavat”a müsahibə verib.
- Nüşabə xanım, Müsavat Partiyasında yenidən qurultay məsələsi gündəmdədir. Aydındır ki, qurultay keçirilərsə, əsas məsələ partiya başqanlığı ilə bağlı olacaq. Məsələ ilə bağlı sizin mövqeyiniz necədir - İsa Qəmbərin başqanlıqdan getməsini real sayırsınızmı?
- Təəssüf ki, bu məsələdə arzular deyil, İsa Qəmbərin şəxsi seçimi və təbii ki, partiya nizamnaməsi önəmli rol oynayır. Müsavat başqanlığından getmək İsa bəyin şəxsi seçimidir. Müsavat Partiyasında mən də daxil olmaqla, xeyli insan İsa bəyin başqanlıqda qalmasının tərəfdarıyıq. İsa bəylə çiyin-çiyinə mübarizə aparanlar, onunla bərabər işləyənlər İsa Qəmbərin bu missiyasını davam etdirməsini istəyir. Ancaq İsa bəy belə düşünür ki, Müsavat Partiyası demokratik bir qurum olaraq öz nizamnaməsinə əməl etməlidir və qurultay mümkün ən tez tarixdə keçirilməli və partiya özünə yeni başqan seçməlidir. Ola bilər ki, İsa bəy başqanlıqdan getsin, ancaq hər kəs bir məsələni anlamalıdır ki, İsa bəyi heç kəs heç nəyə məcbur edə bilməz. Bu baş versə, yalnız İsa Qəmbərin öz istəyi ilə ola bilər. Təbii, qurultayda hansı qərar qəbul olunsa, İsa Qəmbərin başqan olaraq qalmasını tələb edən kəsim həmin qərara sayğıyla yanaşacaq.
- Sizin də təmsil olunduğunuz komanda nədən İsa Qəmbərin başqan postunda qalmasını istəyir?
- Bizim şansımız bəlkə də onda gətirdi ki, ötən il bizə qurultay keçirmək üçün yer verilmədi. Qurultayın keçirilməsinə şərait yaradılsaydı, İsa Qəmbər bu məsələni həll edib prosesin prezident seçkilərinə qədər uzanmasına imkan verməyəcəkdi. Biz düşünürük ki, indi Azərbaycan siyasətinin yetərincə gərgin bir mərhələsi yaşanır və Müsavat Partiyasının İsa Qəmbərin başqanlığı ilə davam etməsi daha məqsədəuyğundur. Təbii, İsa Qəmbərin başqanlıqdan getmək arzusu onun mübarizədən getməsi anlamını daşımır. Başqanın bu addımı onun qanunlara ciddi şəkildə əməl edilməsini vacib saymasından irəli gəlir. İsa bəy partiya nizamnaməsinə çox önəm verir və düşünür ki, bir an öncə partiyanın fəaliyyəti nizamnaməyə uyğunlaşdırılmalıdır. Bizim - Rəsulzadə-Elçibəy ideyalarının daşıyıcılarının mübarizəni Müsavat Partiyasında davam etdirməsi İsa Qəmbərin demokratik dünyagörüşlü şəxs olması ilə birbaşa bağlıdır. Bu, bizim üçün Müsavat ideologiyası ilə eyni mərtəbədə dayanan bir özəllikdir. Yəni insanların böyük bir qismi məhz İsa Qəmbərə inanaraq, mübarizəni onun rəhbərliyi altında davam etdirmək istəyərək Müsavat Partiyasını seçib. İsa Qəmbər 70 illik sovet qadağasından sonra Müsavat Partiyasını yenidən quran, yaradan şəxsdir. Ona görə də düşünürəm ki, İsa bəy Müsavat Partiyasını taleyin ümidinə qoyub gedə bilməz. Ancaq bu məsələdə bir arxayınçılıq yaradan məqam da var. Bu da İsa Qəmbərin bütün hallarda Müsavat rəhbərliyində qalacağıdır. Düşünürəm ki, İsa Qəmbər getsə, başqanlıqdan gedəcək, partiyanın ideoloqu olaraq qalacaq, qurultaydan sonra da İsa Qəmbərin Müsavat Partiyasında fəaliyyəti yenə də hər kəsdən fərqli olacaq.
- Siz İsa bəyin başqanlıqdan sonra Müsavat Partiyasındakı yerini necə təsəvvür edirsiniz?
- Bu məsələ ilə də bağlı xeyli müzakirələr olub. Ancaq hələlik konkretləşmə olmadığı üçün qəti fikir söyləmək çətindir. Hər şey qurultayda İsa Qəmbərin verdiyi qərardan asılı olacaq. Bildiyim odur ki, İsa Qəmbər Müsavat Partiyasının artıq çoxdan zamanı gələn qurultayının keçirilməsinə yer verilməsində israrlıdır. Ancaq sonrakı mərhələdə hansı təklifi qəbul edəcək, Müsavat Partiyasında hansı statusda qalacaq, bu haqda müzakirələr zamanı qərar veriləcək.
- Müsavat başqanlığı uğrunda mübarizə çoxmu kəskin olacaq, sizcə?
- Müsavat Partiyası böyük potensialı olan partiyadır. Yəni bu partiyada həm intellekt cəhətdən, həm siyasi təcrübə cəhətdən idarəetmə qabiliyyəti olan şəxslər az deyil. Əlbəttə ki, qurultay zamanı bir neçə iddia ortaya qoyulacaq. Ancaq Müsavat Partiyası hər zaman demokratik qaydada idarə olunub. Heç şübhəsiz, yeni başqan da Müsavatdakı çoxluğun seçimi olacaq. Partiya daxilində başqanlıq uğrunda güclü rəqabət də ola bilər. Ancaq mən o rəqabətin intriqalara gətirib çıxaracağını ehtimal etmirəm. Çoxluq kimin tərəfində olsa, başqan da o şəxs olacaq. Ümid edirəm ki, partiyadaşlarım Müsavat Partiyasının bu günü üçün ən doğru qərarı verəcəklər.
- İsa Qəmbərin başqanlığını müzakirə edən hakimiyyət düşərgəsi onun siyasəti məğlubiyyətlə tərk etdiyini iddia edir. Sizin bu iddialara cavabınız varmı?
- Heç bir fakta söykənməyən bu fikri qərəzli sayıram. Çünki Azərbaycanın çağdaş siyasi tarixinə obyektiv baxan hər kəs İsa Qəmbərin tarixdəki üstün mövqeyini etiraf etməlidir. İsa Qəmbər Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəylə çiyin-çiyinə Azərbaycanın müstəqilliyinin bərpasında önəmli yeri olan siyasətçidir. İsa bəy, 2003-cü il prezident seçkilərində Azərbaycan xalqının səsini qazanan liderdir. Onun Azərbaycan xalqı, eləcə də ölkəmizin tarixində gördüyü ən böyük iş Müsavat Partiyasını 20-ci əsrin parçalanmalarından, qopmalarından qoruyaraq 21-ci əsr siyasətinin ön cərgələrinə daşımasıdır. O, bu xidmətlərinə görə Azərbaycan tarixinin nəinki məğlub siyasətçisi, əksinə, ən parlaq simalarından biridir. Mən əminəm ki, biz İsa Qəmbərin rəhbərliyi altında mübarizəmizi davam etdirəcək və hakimiyyətinə mütləq gələcəyik. Mən “kim öz uğuruna inanırsa, mütləq o uğuru əldə edəcək” deyiminə inanıram. İnşallah, biz də həmin uğuru əldə edəcəyik.
- Professor, bu gün Azərbaycan siyasətində müzakirə olunan məsələlərdən biri də AXCP ilə Müsavatın birləşməsidir. Siz bu ideyaya necə baxırsınız?
- Həyatda mümkün olmayan heç nə yoxdur. Məni tanıyanlar bilir ki, Əbülfəz Elçibəy şəxsiyyətinə, fikrinə çox böyük sayğım var. Rəhmətlik Əbülfəz bəy deyirdi ki, mən Azərbaycan siyasətini Amerika Birləşmiş Ştatları modelindəki kimi ikipartiyalı görmək istəyirəm, yəni ölkədə həm iqtidar, həm müxalifət partiyalarının demokratik düşüncəli olmasını arzulayıram. Təbii, o bu fikri deyərkən rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyasını nəzərdə tuturdu. Elçibəy deyirdi ki, Müsavat Partiyasının yaranmasında da bu ideyanın çox böyük önəmi olub. Mən də düşünürəm ki, AXCP ilə Müsavatın birləşməsindənsə, müttəfiq kimi qalması ölkəyə daha çox fayda verər.
Aygün MURADXANLI






