İnsanlara hürriyət, millətlərə istiqlal!

Novruz şənlikləri, konsertlər təxirə salınır: Bəs, toy bazarında vəziyyət necədir?

1662 12.03.2020 17:15 Şou-biznes A A

Bir neçə gün öncə Nazirlər Kabineti yanında yaradılmış operativ qərargah əhaliyə qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınmasını, yas mərasimlərinin isə kütləvi keçirilməməsini tövsiyə edib. Bununla bağlı qərargahın yaydığı məlumatda adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riskinin yüksək olduğu qeyd edilir.  

Qərargah virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşları bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırır.

Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri, konsertlər, tamaşalar təxirə salınıb. 

Bəs, Nazirlər Kabinetinin tövsiyəsindən sonra toy bazarında durum necədir?

Musavat.com mövzu ilə bağlı restoran əməkdaşları və sənət adamları ilə əlaqə saxlayıb. 

193371_kedn3ny2hh.jpg (131 KB)

Müğənni Günay İbrahimli bildirib ki, koronavirusa görə çıxış edəcəyi toylar, ad günüləri təxirə düşüb: “Restoranlarda baş tutacaq ad günü partiləri var idi, lakin onları ləğv edib, evdə keçiriblər. Mən də gedib həmin məkanda oxumuşam. İki ay öncədən 4-5 toyum var idi, onları da təxirə salıblar”.

afet_1111.jpg (52 KB)

Müğənni Afət Fərmanqızı isə deyib ki, dəvət aldığı məclislərin heç biri təxirə salınmayıb: “Aylar öncə danışılan toylar var, heç biri təxirə salınmayıb. Mən də gedib iştirak edirəm, xalqın, məni sevənlərin arasında olmaqdan gözəl nə var. hələ də toylara dəvətlər gəlir. İnsanların içində çox olsam da, özümü koronovirusdan qorumağa çalışıram. Tez-tez əllərimi yuyuram, spirtdən istifadə edirəm. İnsanları koronovirusdan özlərini qorumağa çağırıram”.

Əlaqə saxladığımız restoran əməkdaşları bildirib ki, hələ  toylar təxirə salınmayıb. 

“Böyük saray” restoranının əməkdaşı saytımıza açıqlamasında deyib ki, toyunu təxirə salan müştəri yoxdur: “Nazirlər Kabinetinin açıqlamasından xəbərimiz var. Maksimum dərəcədə gigiyenik qaydalara əməl edirik, əməkdaşlarımız nəzarətdədir. Müştərilərimizin  sağlamlığı bizim üçün önəmlidir. Hələ ki, toyunu təxirə salan müştərimiz yoxdur”. 

“Neolit” restoranından əməkdaşımıza bildirilib ki, müştəriləri və işçiləri koronovirusdan qorumağa çalışırlar: “Hər gün əməkdaşlarımız yoxlanılır, qızdırması ölçülür. İşçilərimizə iş mühitində geyinmək üçün yeni geyimlər almışıq. Onlar gələn kimi təmiz geyimləri geyinirlər. Çöl geyimi ilə işdə gəzə bilməzlər. Gigiyenik qaydalara, təmizliyə daha çox fikir verilir. Müştərilərin də, işçilərimizin də sağlamlığı bizim üçün önəmlidir. 

Nazirlər Kabineti toyların təxirə salınması barədə tövsiyə verib, lakin müştərilərdən toyunu təxirə salan yoxdur. Əgər qərar verilsə ki, toylar olmasın, biz də müəssisəmizi bağlayacağıq”. 

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR