18 mart saat 19:00-da müğənni, aktyor Novruz Novruzlunun “Uzun incə bir yoldayam” adlı solo konserti keçiriləcək.
Qeyd edək ki, Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. “Allahdan gəldik, Allaha dönəcəyik” – onun oxuduqlarında insana verilən ilahi mesaj budur.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Hələ uşaqlıqda musiqiyə böyük həvəs göstərən Novruz Novruzlu orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. N.Novruzlunun institutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. “Savalan” qrupunun bədii rəhbəri institutda oxuduğu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib. Məlumat üçün söyləyək ki, sözügedən ansambl dünya xalqlarının musiqilərini ifa edirdi. İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. İnstitutu bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi “O olmasın, bu olsun” tamaşasında Əsgər rolunu ifa edib. Novruz Novruzlu hazırda Akademik Opera və Balet Teatrında işləyir. Qarabağ hadisələri baş verdikdən sonra oxuya bilmədiyini vurğulayan N.Novruzlu daha ciddi işlərlə məşğul olmağı qərara alıb və beləliklə “Savalan” qrupu yaradılıb.
Qeyd edək ki, tamaşaçılar konsertə biletləri teatrın və “ASAN Xidmət”in kassalarından əldə edə bilərlər.
Musavat.com






