İnsanlara hürriyət, millətlərə istiqlal!

Novella Cəfəroğlu: “Siyasi məhbus siyahıları artanda, əsl siyasi məhbusların azadlığa çıxması gecikir”

777 12.06.2020 10:40 Siyasət A A

Vətəndaş Cəmiyyətinin İşçi Qrupu iyunun 10-da siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. “Turan”ın xəbərinə görə, siyahıya 108 nəfərin adı daxil edilib. Onlar arasında 4 jurnalistin - Azad Quliyev, Elçin İsmayıllı, Ziya Əsədli və Polad Aslanovun da adı var.

“Siyasi və ictimai fəallar” qrupunda 12 nəfərin adı var: Fuad Əhmədli, Orxan Baxışlı, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov, Zamin Salayev, Qorxmaz Əliyev, Aqil Hümbətov, Niyaməddin Əhmədov, Səid Məmmədzadə (hamısı AXCP üzvləridir), Tofiq Yaqublu (Müsavat üzvü), Saleh Rüstəmov (keçmiş Xalq Cəbhəsi üzvü).

Ən böyük qrupu dindarlar təşkil edir. Bu qrupda 43 nəfərin, o cümlədən Nardaran hadisələri ilə əlaqədar, İslam Partiyasının işi ilə bağlı həbs edilənlərin və s. adları var.

Siyahıda həmçinin üç ömürlük məhbusun adı var. Onlar 25 ilə yaxındır həbsdə olan keçmiş OMON-çular Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovdur.

Siyasi mühacir Türkel Azərtürkün qohumu Emin Saqiyevin də adı siyahıdadır. Daha üç nəfər “Səid Dadaşbəylinin qrupu”ndandır.

Siyahıda 2018-ci il Gəncə hadisələri ilə əlaqədar həbs edilən 42 nəfərin adı da var.

2019-cu il noyabrın 25-də əvvəlki siyahı dərc edildikdən sonra 11 nəfər azadlığa çıxıb: 4 nəfər məhkəmə qərarı ilə, 4 nəfər cəza müddəti başa çatdığına görə, 2 nəfər əvf olunub, bir nəfər ev dustaqlığına keçirilib.

Eyni zamanda siyahıya 7 nəfərin adı əlavə edilib: Tofiq Yaqublu, Zamin Salayev, Qorxmaz Əliyev, Aqil Hümbətov, Niyaməddin Əhmədov, Səid Məmmədzadə və Firudin Zeynalov.

Aqil Hümbətov siyasi motivlərlə psixiatriya xəstəxanasına yerləşdirildiyinə görə adı siyahıya salınıb.

Vətəndaş Cəmiyyətinin İşçi Qrupunun koordinatoru məşhur hüquq müdafiəçisi İntiqam Əliyevdir. İşçi Qrupa Ənnağı Hacıbəyli, Yalçın İmanov, Xalid Ağalıyev, Xədicə İsmayıl, Rövşən Hacıbəyli və başqaları daxildir.

Qeyd edək ki, Azərbaycanda bu tipli üç “siyasi məhbus siyahısı”  hüquq müdafiəçiləri tərəfindən xeyli müddətdir tərtib edilib. Ayrı-ayrı qruplarda toplanan hüquq müdafiəçiləri hər kəs məhz öz qruplarının hazırladığı siyahını daha mötəbər, düzgün siyahı kimi təqdim edir. Bu məsələ dəfələrlə onların arasında gərginliklər, mübahisələr də yaradıb. 

108 nəfərlik siyahı barədə Hüquq Müdafiəçiləri Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, bir ölkədən 1 yox, 2-3 siyasi məhbus siyahısının olması beynəlxalq təşkilatlarda tərəddüd yaradır: “Bu siyahılar beynəlxalq təşkilatlara daxil olanda onlar tərəddüd edirlər ki, siyahının hansı ciddidir və reallığı əks etdirir. Belə vəziyyət isə həmin beynəlxalq təşkilatların məsələyə reaksiyasına mənfi təsir göstərir. Xüsusilə də Avropa Şurasına bir deyil, çoxsaylı siyahılar təqdim ediləndə qeyd etdiyim vəziyyət yaranır. Ona görə də biz həmişə demişik ki, bütün hüquq müdafiəçilərinin razılaşaraq vahid siyahı təqdim etməsi lazımdır. Lakin təəssüf ki, buna nail ola bilməmişik. Siyahılar çox olduqca, əsl siyasi məhbusların azadlığa çıxması gecikir və ya mümkün olmur.  

108 nəfərin olduğu siyahıdan başqa, başqa bir qrup hüquq müdafiəçisi 140 nəfərin adı olan siyahını bir müddət əvvəl hazırlayıb, bizim Monitorinq Qrupunun isə siyahısında 34 nəfərin adı siyasi məhbus olaraq var. Biz kimin necə siyahı hazırlamasına, kimlərin adını daxil etməsinə xüsusi önəm vermirik. Biz özümüzün hazırladığımız siyahıya cavabdehik və bunun məsuliyyətini də dərk edirik. Biz siyahıya birmənalı şəkildə siyasi məhbus olanları daxil etmişik və edirik. Biz korrupsiyaya görə həbs olunan şəxslərin adını siyasi məhbus siyahısına daxil etməmişik. Amma sayı yüzdən yuxarı siyahılarda, məsələn, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin adı yazılıb. Cahangir Hacıyev axı siyasi məhbus deyil. Onun kimi adamların adı siyasi məhbus siyahısında olmamalıdır".

N.Cəfəroğlu qeyd etdi ki, həm 108 nəfərlik siyahıda, həm də 140 nəfərlik siyahıda Hüquq Müdafiəçiləri Monitorinq Qrupunun 34 nəfərlik siyahısında adları olan məhbusların bir çoxunun adları var. O cümlədən həmin siyahılarda olan bir sıra şəxslərin də adı Hüquq Müdafiəçiləri Monitorinq Qrupunun siyahısında yer alır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR