Növbəti ildə bir neçə bank bağlanacaq, əmanətçilər narahatdır
Azərbaycan Mərkəzi Bankının ölkənin kommersiya banklarına nizamnamə kapitallarını 50 milyon manata çatdırmaqla bağlı verdiyi vaxt başa çatır. Ancaq ölkədəki banklardan bəziləri hələ də bu tələbi yerinə yetirə bilməyib.
Belə davam etsə, həmin banklar ya digər bir banka birləşməli, ya da fəaliyyətlərini dayandırmalı olacaqlar. Hansı bankların bağlanma təhlükəsinin olması barədə Mərkəzi Bank tərəfindən ictimaiyyətə məlumat verilmədiyindən əmanətçilərdə narahatlıq artır.
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, 30 min manatdan aşağı olan əmanətlərin qaytarılması ilə bağlı problem olmayacaq: “Bəzi məlumatlara görə, təxminən 8-10 bankın ilin sonuna qədər vaxtı var ki, kapitallarını artıraraq tələb olunan 50 milyon manat civarına çatdırsınlar. Bu bankların adını açıqlamaq düzgün olmazdı. Çünki bu, insanlar arasında təşvişə səbəb ola bilər. Bunu Mərkəzi Bank özü açıqlasa daha yaxşı olar. Çox güman ki, bu bankların bəziləri digər banklara birləşdirilə bilər, bəziləri isə bağlana bilər. Əmanətlərə gəldikdə isə, qanunvericiliyə görə, 30 min manata qədər olan əmanətlər sığorta fondu tərəfindən sığortalanıb. Bu əmanətçilər üçün heç bir təhlükə yoxdur. Pulların geri qaytarılmasında heç bir problem olmayacaq. Əsas problem yüksək məbləğdə olan əmanətlərlə bağlıdır. Bir çox kiçik banklar daha çox əmanətçi cəlb etmək üçün digər banklara nisbətən daha yüksək faiz təklif edirdilər və insanlar da bu qanunlardan xəbəri olmadan müqavilələri oxumadan imzalayaraq həmin banklara 30 min manatdan yuxarı məbləğdə vəsait qoyurdular. Gələcəkdə bu banklar bağlanarsa vəsaitlərin qaytarılması ilə bağlı ciddi problem yaşana bilər”.
Ekspert onu bildirib ki, həmin banklarda əmanətçilərin sayı ilə bağlı Mərkəzi Bank daha dəqiq məlumata malikdir: “Ancaq Mərkəzi Bankın əhali ilə kommunikasiyası zəif olduğundan bu haqda əhaliyə məlumatlar verilmir. Bu da cəmiyyətdə panika yaranmasına səbəb olur. Ancaq belə olmamalıdır. Mərkəzi Bank cəmiyyəti sakitləşdirəcək funksiya da yerinə yetirməlidir. Ancaq hər dəfə Mərkəzi Bank çox mücərrəd açıqlamalar verir. Hansı banklarla bağlı problemlərin olacağı, gözləntiləri haqqında məlumat vermir. Bu da bank sektoru üzərində bir narahatlıq yaradır”.
Qeyd edək ki, sözü gedən məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətindən rəy almağa çalışırıq. Ancaq hələ ki, göndərdiyimiz sorğu cavablandırılmayıb.
Nərgiz Liftiyeva






