İnsanlara hürriyət, millətlərə istiqlal!

Nonsens! Makron Fransanı Azərbaycanın dostu adlandırdı – Onda Ermənistan bizim nəyimizdir?

1933 14.01.2023 16:59 Yazarlar A A

Təki yalançı-zad çıxmayaq, amma deyəsən Fransa təzə il girər-girməz, Azərbaycana qarşı ənənəvi ritorikasını yumşaltmaq qərarı verib. İki faktdan danışacağıq. Biri Fransa parlamentinin aşağı palatasının – Milli Assambleyasının prezidenti Yael Braun Prietin Ermənistana dünənki səfəri ilə bağlıdır.

Belə görünür ki, “miatsum”, “genosid” ağlaşmaları ilə ermənilər ən sadiq dostları fransızları da bezdiriblər. Hər halda, madam Prietin İrəvan ziyarəti bu təəssüratı yaratdı.

İş ondadır ki, spiker Azərbaycanla bağlı ona ünvanlanan bütün aqressiv və təxribatçı suallara cavabında nə qədər qəribə olsa da, erməniləri məyus, hətta pərt edən münasibət sərgilədi. Bizə qarşı “Nensi nənə” (Pelosi) kimi aqressiv davranmadı. Özü də kapitulyant ölkənin “göbəyi”ndə!

Məsələn, fransız spiker “beynəlxalq hüquqa uyğun olaraq Qarabağın müstəqilliyini tanımadıqlarını” söylədi (“Fransa Qarabağın müstəqilliyini tanımır və bu, bizim sadiq olduğumuz beynəlxalq hüquq normalarına uyğundur”). Ardınca Laçın yolundakı aksiya və Bakıya qarşı sanksiya tələbi ilə ilgili başqa bir provokasion suala cavabında da təmkinini pozmadı, radikal-revanşitlərin qulağına xoş gələn heç nə demədi. Sanki başdan eləmək üçün yalnız bunu bildirdi ki, Fransa bütün məsələlərdə konstruktiv dialoqlun tərəfdarıdır. Yəni quru, şablon sözlər.

Hərçənd dərhal sual yaranır ki, Fransa beynəlxalq hüquqa həqiqətən sayğılıdırsa, onda xanım Yael Braun Prietin sədri olduğu Milli Assambleya nədən 2021-ci ildə Fransa Senatı kimi uydurma “artsax”ın “müstəqilliyini” tanıyan qətnaməni təsdiqləyib?

Yaxud ötən il noyabrın 15-də Azərbaycan əleyhinə qəbul edilən, Bakıya qarşı sanksiyalara çağırışın da yer aldığı digər bir təxribatçı sənəd? O nə “turşu”, bu nə “pəhriz”? Yoxsa Paris “valı dəyişmək” qərarı verib?

Maraqlısı həm də odur ki, Priet İrəvanda olan gün Fransa prezidenti Emmanuel Makron Azərbaycanın bu ölkədəki yeni səfiri Leyla Abdullayeva etimadnaməsini qəbul edib. Bundan əvvəl – keçən ilin noyabrında isə Leyla xanım etimadnamənin surətini Fransa XİN-in Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktor müavininə təqdim eləmişdi. Bu, kifayət qədər aşağı bir ranq idi. O üzdən gözlənti var idi ki, məsələ bununla bitəcək. Çünki iki ölkə arasında münasibətlər öz tarixinin az qala, ən pis dövrünü yaşayır.

Ardınca Fransanın yeni səfiri Ann Buayo Bakıya təşrif buyurdu və ötən dekabrın 5-də onun etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramov qəbul elədi. Prezident İlham Əliyevin etimadnaməni qəbul edib-etməyəcəyi isə hələ də böyük sual altındadır ki, bu da diplomatik narazılığın bir forması sayılır. Ancaq Makronun pozitiv jestindən sonra Əliyev də yeni fransız səfirlə görüşəcəkmi? Yaxın günlərdə biləcəyik.

Bir şey dəqiqdir ki, belə xoşagəlməz durumun səbəbkarı Azərbaycan deyil. Burnundan uzağı görə bilməyən, Paşinyan Ermənistanı kimi boyundan yuxarı tullanmaq istəyən Makron Fransasıdır. Odur ki, “zibili” kim tökübsə, o da yığışdırmaq zorundadır. İlham Əliyevin söylədiyi kimi, Azərbaycan Fransasız, Fransa da Azərbaycansız yaşaya bilər. Necə ki, indiyədək yaşayıb.

Amma daha yaxşı olmazmı ki, “Firəngistan” bizə qarşı orda-burda, BMT-də qanqaraldıcı işlərlə məşğul olmasın, kövrək sülh prosesinə pəl vurmasın. Necə ki, Brüssel platformasını yararsız hala salıb. Və arada bir erməni havasından çıxıb reallığa da baxsın. Məgər hələ də aydın deyil ki, regionun açar dövləti Azərbaycana qarşı düşmən mövqe tutmaqla nəinki Güney Qafqazda möhkəmlənmək mümkün deyil, bu yolla bölgədə olan-qalan dayaqları da itirmək olar? Axı məhz fransız diplomat və filosof Taleyranın sözüdür ki, deyib “düşmənlərin sayını artıran diplomatiya yaxşı diplomatiya deyil”.

Leyla Abdullayeva ilə görüşdə Makron ona fəaliyyətində uğurlar arzulayıb və Fransanın Azərbaycana dost ölkə olduğunu, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağında olduğunu ərz edib. Belədirmi? İnanaqmı? Gerçəkdənmi rəsmi Paris özünü Azərbaycanın dostu hesab edir? Fransa “daşları ətəyindən tökür? Makron, fransız deputatlar peşmanmı olub? Fransa bizim dostumuzdursa, bəs Ermənistan onun nəyidir? Bizim nəyimizdir?

Belədirsə, onda məntiqlə bizə qarşı irili-xırdalı bütün siyasi hoqqalar və təxribatlar günü bu gün bitməlidir? Bitəcəkmi? Fransız spikerin İrəvan səfəri bu xüsusda müəyyən nikbinlik yaradır. Ancaq yalnız və yalnız ehtiyatlı nikbinlik. Bu, ermənidən çox erməni olmağa çalışan həmin Fransadırsa, artığını ümid bəsləməyə sadəcə, haqqımız yox! Hələ ki. “Başına gələn başmaqçı olar...”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR