İnsanlara hürriyət, millətlərə istiqlal!

Nizami rayonundakı ağzı açıq quyu öz "qurban"ını gözləyir - FOTOLAR, VİDEO

1502 25.11.2015 19:31 Reportaj A A

Piyada keçidi var, amma heç kim ondan istifadə etmək istəmir. Ona görə yox ki, insanlar qaydaları pozmağı sevirlər, xeyr, səbəb həmin keçiddəki "sürprizdir". 

Məsələ burasındadır ki, Nizami rayonu, Heydər Əliyev prospektində piyada keçidinin düz ortasında rabitə quyusunun ağzını açıqdır. Quyunun qapağını oğurlayan şəxslər piyadalara bu formada "sürpriz" ediblər. Yerli icra orqanları isə bir neçə aydır ki, bu problemə göz yumurlar. 

Musavat.com-un redaksiyasına şikayət edən piyada və sürücülər bu rəzilliyə son qoyulmasını tələb edirlər.

Şikayət əsasında İnter Arenanın (keçmiş adı: Şəfa stadionu) yaxınlığında yerləşən həmin keçidə yollandıq. Ərazidə yeraltı və yerüstü keçid var. Yeraltı keçid normal qaydada fəaliyyət göstərir. Yerüstü keçiddən isə istifadə etmək piyadaların həyatı üçün təhlükəlidir. Ağzı açıq qalan rabitə quyusu düz piyada keçid zolağını üstündə yerləşir. Burada hər an bədbəxt hadisə yaşana bilər.

Şikayətçilərin dediklərinə görə, rabitə  quyusunun ağzı bir neçə aydır ki, açıq qalıb: "Piyada keçidinin üstündə rabitə quyusunun olması özü bir problemdir. Onun qapağının açıq olması isə, daha da böyük məsələdir. Keçid elə bir yerdədir ki, maşınlar yolun solundan qəfil dönürlər. Piyadalar gərək keçiddən keçəndə məcburdurlar ki, sola da baxsınlar. Yəni ki, gözləri qəfil soldan gələ biləcək avtomobildə olur. Ayağını altına baxa bilmirlər. Bu da o deməkdir ki, istənilən şəxs bu rabitə düşə bilər. Bunu niyə nəzərə almırlar? Problem azı 2-3 aydır ki var. Amma bələdiyyə bunu "görmür". Hər gün burada bələdiyyənin süpürgəçiləri təmizlik aparırlar. Deməli əraziyə nəzarət var. Lakin quyunun ağzı hələ də açıqdır".

Hər gün bu yoldan istifadə edən uşaqlar quyunun ağzı açıq olduğuna görə bu keçiddən keçmirlər: "Yeraltı keçid də var. Amma bizə balaca yolu keçmək üçün yeraltı keçiddən istifadə etmək rahat olmur deyə, zolaqlı keçiddən keçirik. Daha doğrusu, keçirdik. Artıq risk edib, zolaq olmayan yerdən yolu adlayırıq. Çünki rabitə quyusunun ağzı açıqdır. Bir dəfə az qalsın ayağım ora düşürdü. Dostum qolumdan tutub, çəkdi. Olmasa yəqin ki, ayağım gipsdə olardı. İdmana gedə bilməzdim. Keçidlər piyadaların təhlükəsiz yolu keçməsi üçündür. Amma bu keçid piyadalar üçün əsl təhlükədir". 

Sürücülər də məsələdən yetərincə şikayət etdilər: "Düşünün ki, sürücüsünüz. Yolu sağ dönən kimi qarşına ağzı açıq rabitə quyusu çıxır. Nə edərsiniz? Özü də yolun elə yerindədir ki, adam çaşır. Mən hər gün bu yoldan keçirəm deyə, artıq alışmışam. Amma elə sürücülər var ki, bu vəziyyətdən xəbərsizdirlər. Bax, onlar ciblərində artıq usta pulu gəzdirsinlər".

Reportajımız zamanı bu quyunun qurbanı olmuş şəhər sakini bizə yaxınlaşdı və başına gələnlərdən bəhs etdi: "Axşam saatları idi. İşdən gəlirdim. Yeraltı keçiddən səhv çıxdım. Gördüm zolaq və piyada keçidi işarəsi var, fikirləşdim ki, yenə yeraltı keçiddən keçsəm, səhv çıxaram. Ona görə buradan keçməyə qərar verdim. İki addım atdım, soldan maşın gəldi. Ona baxıb, yolu keçirdim ki, sanki yer ayağımın altından çəkildi. Düşdüm quyuya. Sağ olsun sürücü. Maşını saxlayıb, gəlib kömək etdi. 2 həftə evdə yatmalı oldum. Dava-dərmana verdiyim xərcləri heç demirəm. Bu hadisənin üzərindən 2 ay keçib. Amma hələ də quyunun ağzı açıqdır. Xahiş edirəm ki, buranı düzəltsinlər. Mən heç, balaca bir uşaq buraya düşsə, bədbəxtçilik olar. Bunu heç kim istəməz. Adi bir şeydir. Bir dənə qapaq qoyacaqlar. Bu, elə də böyük problem olmalı deyil". 

Ağzıaçıq quyular ciddi avtomobil qəzaları yaradır. Rəsmi qurumlar belə problemlərin yaranmasında səbəb kimi, dəmir yığıb, satanları göstərirlər. İddia edirlər ki, onlar küçələrdəki kanalizasiya quyularının qapaqlarını oğurlayıb, metal qəbulu yerlərinə satırlar. Amma bu, bəhanə deyil. Oğurluq varsa, çarə tapılmalıdır, bəhanə yox... 

Məhəmməd Türkmən,
Fotolar və video müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR