Nizaməddin Quliyev adının Müsavatdan istefa verənlərin siyahısında olmasına etiraz etdi
Siyahıda birinci sırada adı qeyd olunan Nizami rayon təşkilatının keçmiş sədri, partiya Məclisinin üzvü Nizaməddin Quliyev redaksiyamıza gələrək bildirib ki, adının orada yerləşdirilməsi yanlışdır. Çünki o, partiya üzvlüyündən həmin qrupla birlikdə çıxmayıb, mayın 11-də Müsavat qərargahına gedib və istefa ərizəsini təqdim edib: “Mən media orqanlarına buradan bildirirəm ki, yaydıqları siyahıda düzəliş etsinlər. Mən həmin qrupun istefa verməsindən öncə-mayın 11-də tək istefa vermişəm və qərargaha gedib ərizəmi partiya rəhbərliyinə təqdim etmişəm.
Mediada da mövqeyimi açıqlamışam. İndi mənim adımın o siyahının başında yazılması yanlış təəssürat yaradır. O işin təşkilatçısı mən deyiləm. Mən Müsavat üzvlüyündən çıxsam da müsavatçılıq ideologiyasına, əqidəmə sadiq adamam. Partiyanın bu vəziyyətə düşməsinin əleyhinə olmuşam. Vəziyyət o həddə gəlib çatıb ki, mən məcburiyyət qarşısında partiya üzvlüyündən istefa vermişəm”.
N.Quliyev onu da dedi ki, siyahını mediadan oxuyub. Həmin siyahıda Qubad İbadoğlunun rəhbərlik etdiyi ADR üzvləri də var: “Təxminən 8 nəfəri ADR üzvləridir. Amma onların heç biri indiyə qədər Müsavat üzvlüyündən çıxmamışdılar. Bir daha bəyan edirəm ki, bu işin təşkilatçısı deyiləm. Həmin şəxslər hələ qurultaydan öncə partiyadan çıxmaq istəyirdilər. Mən onların qarşısını kəsmişəm, demişəm ki, gözləyin, vəziyyət düzələcək, hər şey yaxşı olacaq. Görünür, mən istefa verəndən sonra onlar bu addımı atmaq qərarına gəliblər”.
E.SEYİDAĞA






