Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar aprel ayında istefa verəcəyini açıqlayıb.
Ermənistan müxalifəti isə baş nazirin formal istefası ilə razılaşmır və bunun bir tələ, Paşinyanın hakimiyyətdə qalmaq üçün növbəti taktikası olduğunu iddia edir. Elə yerli politoloqlardan da bu cür düşünənlərin sayı az deyil.
Ermənistanın “Qafqaz institutu”nun direktoru Aleksandr İsgəndəryan “Kavkazkiy uzel” saytına verdiyi açıqlamada, Nikol Paşinyanın öz hakimiyyətini yenidən canlandırmaq üçün seçkiyə getdiyini söyləyib. “Bu adam ən azından qanunu hərfi mənada tətbiq edir. Klassik və inkişaf etmiş demokratik ölkələrdə seçki prosedurları bəlli, nəticəsi isə məchul olan bir prosesdir. Gənc demokratiyalarda isə vəziyyət tamamilə tərsinədir. Bütün müəmmalı prosedurlar arzu edilən nəticəyə uyğun aparılır”,-deyə o bildirib.
A.İsgəndəryanın fikrincə, Ermənistan müxalifətinin vəzifəsi seçkilər yox, Nikol Paşinyanı hakimiyyətdən kənar etmək olmalıdır. “Çünki vaxtilə Serj Sərksiyanın bizə “hədiyyə etdiyi” bu Konstitusiya ilə hakimiyyətdə uzun müddət qalmaq çətin deyil. Buna görə də situasiyanı öz xeyrinə dəyişmək üçün müxalifətə hüquqi yox, siyasi metodlar, vasitələr lazımdır. Buraya hakimiyyətə küçə təzyiqlərinin həyata keçirilməsi də daxildir. Lakin hazırkı müxalifətin iqtidarı devirməkdən ötrü etiraz mitinqləri və nümayişlərinə kütləvi şəkildə insanları cəlb etməyə gücü və resursları yoxdur”,-deyə o, qeyd edib.
A.İsgəndəryanın iddiasına görə, Nikol Paşinyan geniş ictimai dəstəyə malik deyil. Lakin cəmiyyət hazırda apatiya (süstlük) içindədir və 2018-ci il hadisələrinin nəticəsini görüblər.

“İnsanlar inqilaba inanmırlar. Rejim isə ictimai dəstəyə yox, məhz apatiyaya güvənir. Paşinyan iqtidarı üçün əsl dəstək seçkilərə getməyənlərdir. Çünki növbəti seçkilərdə də iştirak göstəriciləri aşağı olacaq. Bu, postsovet Ermənistanının köhnə ənənəsidir. 1990-cı illərdən bu yana iqtidarlar ən aşağı dəstək və ən az legitimliklə hakimiyyətdə qalıblar. Bugünkü situasiya Köçəryan-Sərkisyan hakimiyyətinin son dövrlərini xatırladır”,-deyə erməni politoloq söyləyib.
Ermənistan politoloqlar assosiasiyasının üzvü Andrias Qukasyan da Nikol Paşinyanın seçkilərə hakimiyyətinə yeni güvən qazandırmaq üçün getdiyi fikrindədir. Lakin o, 17 siyasi gücün bir araya gəldiyi hərəkatı müxalifət olaraq dəyərləndirməyib.
“Normal dövlətdə müxalifət siyasi sistemin tərkib hissəsi olan, demokratiyanı əsas götürən güclərə deyirlər. Onlar yalnız seçici səsləri uğrunda mübarizə aparırlar. Həmin 17 partiya isə müxalifət olmaqdan çox, əvvəlki avtoritar rejimin bərpası uğrunda çalışan revanşist qüvvələrdir”,-deyə o bildirib.
A.Qukasyanın sözlərinə görə bu hərəkat intiqamçı olduğu üçün ermənilərdən dəstək görmür. “Onların hər dəfə dilə gətirdiyi problemlər-satqınlıq, müharibədə alınan məğlubiyyət, müharibə sonrası ağır iqtisadi situasiya-bunlar hamısı əslində vətəndaşları səfərbər etmək üçün kifayət sayıla bilərdi. Lakin həmin şüarların məhz bu cür yenidən avtoritar hakimiyyəti təsis etmək istəyən qüvvələr tərəfindən səslənməsi, cəmiyyətdə onlara qarşı inamı artırmayıb”,-deyə erməni ekspert qeyd edib.

A.Qukasyanın fikrincə məhz ictimai inamsızlıq cəmiyyətdə etiraz potensialını canlandırmağa imkan vermədi. “Üstəlik, bu revanşçılar Ermənistanın həm də Rusiyanın əl oyuncağına çevrilməsinin tərəfdarları kimi görünürlər. Rusiyanın özü isə onları dövlət çevrilişinə cəhd zamanı açıq şəkildə dəstəkləmədi. Bu isə həmin düşərgənin sıralarında əsl məyusluq yaratdı”,-deyə Qukasyan vurğulayıb.
Siyasi ekspertin fikrincə, hazırda Ermənistanda 3 əsas müxalif qüvvə- Ermənistan Respublika Partiyası, “Çiçəklənən Ermənistan” partiyası və “Daşnaksütyun” partiyası var. Onların əsas məqsədi elə seçkilərə qədər ölkədə hakimiyyətə gəlib müvəqqəti hökumət qurmaqdır. Lakin bu da alınmasa hərəkat özünün əsas sponsorunu-Robert Köçəryanı dəstəkləyəcək.
Ermənistanda konstitusiya hüququ üzrə mütəxəssislərdən sayılan, İrəvan dövlət universitetinin hüquq fakültəsinin professoru Vardan Ayvazyan yeni qanunvericiliyin ölkədə hər hansı müvəqqəti hökumətin qurulmasını nəzərdə tutmadığını qeyd edib.

V.Ayvazyanın sözlərinə görə, hərəkat Nikol Paşinyanın seçkiləri saxtalaşdıra biləcəyi şübhəsi ilə onsuz müvəqqəti hökumətin formalaşdırılmasını tələb edir. Lakin müvəqqəti hökumət məsələsi hüquqi yox, siyasi konsensus məsələsidir. Bu məsələdə prezident xüsusi rol oynaya bilər.
“Konstitusiyaya görə, prezident ümummilli və dövlət maraqlarından hərəkət edərək, əsas qanuna riayət olunmasına nəzarət edir. Baş nazir isə onu irəli sürən siyasi qüvvənin maraqlarını güdür. Əslində, prezident belə bir hökuməti formalaşdıra bilər. Lakin bu Konstitusiyanın necə şərh edilməsindən asılıdır. Burada isə siyasi qüvvələr arasında konsensusun olması vacibdir”,-deyə Vardan Ayvazyan bildirib.
Ermənistanın keçmiş deputatı və Serj Sərkisyana yaxınlığı ilə bilinən Arpine Ovannisyan isə Nikol Paşinyanın istefasının həm “de-yure”, həm də “de-fakto” olaraq baş nazirliyə yeni namizədin labüdlüyünü gündəmə gətirdiyini qeyd edib. Arpine Ovannisyan da Vardan Ayvazyan kimi bunun üçün siyasi qüvvələr arasında konsensusun olması gərəkdiyini vurğulayıb.
Musavat.com






