İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nida”çıların məhkəməsində sensasion işgəncə faktı açıldı (FOTO-EKSKLÜZİV-VİDEO)

3794 18.12.2013 13:08 Son xəbər A A
Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaşı Hərəkatı və “Azad Gənclik” təşkilatı üzvlərinin növbəti prosesi keçirildi. Hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan məhkəmə gərgin başladı. Əvvəlcə “Azad Gənclik” üzvü İlkin Rüstəmzadə iki vəsatət qaldıraraq hakimdən izahat tələb etdi. 

Gənc məhbus prosesin audio və video çəkilişi aparılmadan keçirilməsinin və həbs-qətimkan tədbirinin uzadılması barədə qərarın səbəblərini soruşdu: “Həbs qətimkan tədbiri o halda uzadılır ki, istintaqdan yayınırsan, həbsdən çıxandan sonra cinayət törətmək ehtimalı var. Möhtərəm hakim, mən 3 dəfə istintaqa çağırılmışam və heç birində yayınmamışam. Bəs sizdə haradan şübhə yaranır ki, bayırda olsam cinayət törədəcəyəm?”
  
Dövlət ittihamçısı vəsatətlərdə yeni bir dəlil olmadığını qeyd edəndən sonra hakim İ.Rüstəmzadənin vəsatətlərini rədd etdi. Sonra NİDA üzvü Rəşadət Axundov ötən prosesin niyə təxirə salındığına hakimdən aydınlıq gətirməsini istədi. Ardınca İ.Rüstəmzadə, sonra vəkil Elton Quliyev hakimə irad tutdular ki, çıxışlar zalda eşidilmir, jurnalistlər aydın şəkildə yaza bilmirlər və mikrofondan istifadə olunsun. NİDA-çı Bəxtiyar Quliyev isə ironik sual verdi: “Möhtərəm hakim, növbəti həftənin 2-ci günü proses olacaqmı?” Hakim bu sualın səbəbini soruşanda “Gələn həftə də İlham Əliyevin ad günüdür. Deyirəm birdən təxirə salarsınız” deyəndə məhkəmə zalı gülüş səslərinə qərq oldu. 

Prokuror isə bu sözdən sonra təqsirləndirilən şəxslərə “əxlaqlı olun” deyə irad tutmaq istədi. Bu söz zaldakılar və təqsirləndirilən şəxslər tərəfindən etirazla qarşılandı. Onlar “Burda əxlaq, yoxsa hüquq mühakimə olunur? Bu adama prokuror deyirsiniz? Bəlkə nə geyəcəyimizi də səndən soruşaq” - deyə cavab verdilər. 

Hakim gəncləri məhkəməyə hörmət etməyə çağıranda isə NİDA üzvü Məhəmməd Əzizov üzünü prokurora tutaraq “Sən Hafiz Hacıyevin qulluq etdiyi hakimiyyətin adamısan. Mən nə sənə, nə sənin mentalitetinə, nə də hakimiyyətinə hörmət edirəm. Burda əxlaq yox, hüquq mühakimə olunur” - deyə sərt şəkildə bildirdi. 
Məhkəmədə yaranmış gərginlik səngiyəndən sonra hakim təqsirləndirilən şəxs Bəxtiyar Quliyevin prokurorun suallarına cavab vermək istəyib-istəmədiyini soruşdu. O suallara cavab verməkdən imtina etdi. Dövlət ittihamçısı isə cavabsız qalan sualları məhkəmədə səsləndirdi. 

Daha sonra hakim təqsirləndirilən digər gənc - Şahin Novruzlunun ibtidai istintaqa verdiyi ifadəsini elan etdi. İfadədə qeyd olunur ki, bu il martın 8-də Ş.Novruzlunun evinə mülki geyimli şəxslər daxil olub, axtarış aparıb, narkotik maddə, partlayıcı qurğular və “Molotov kokteyli” aşkarlayıblar. İstintaqa ifadəsində Ş.Novruzlu NİDA-ya yeni üzv olduğunu, Rəşad Həsənovun sifarişi ilə Bəxtiyar Quliyevdən təlimat aldığını, inqilaba hazırlaşdıqlarını, aksiyaların daha effektiv alınması üçün “Molotov kokteyli”ndən istifadəyə hazırlıq gördüklərini yazıb. İstintaq materiallarında yazılanlar hər dəfəsində gülüşlə qarşılandı. Ş.Novruzovla B.Quliyevin facebook-da yazışmaları açıqlandı, həmin yazışmaların yumoristik üslubu, hakimin çatda yazılanları intonasiya ilə oxuması və gənclərin “Molotov kokteyli”, inqilaba hazırlıq barədə bir-birinə çatda yazdığı zarafatcıl sözlər zaldakıların tez-tez gülüşünə səbəb oldu. Hətta hakimlər də yazılanlar oxunanda özlərini gülməkdən zorla saxlayırdılar. 

Ş.Novruzlu isə ifadə oxunandan sonra çıxışında qeyd etdi ki, istintaq verdiyi ibtidai ifadədən imtina edir. O, təzyiq və təhdid altında ifadə verdiyini, müstəntiqin onun yerinə ifadəni yazdığını bildirdi: “Mənə MTN-nin əməkdaşları təzyiq ediblər, vəhşicəsinə döyüblər, ailəmlə təhdid ediblər, 4 dişimi sındırıblar. Bu təzyiq və işgəncələr altında ifadə vermişəm. İfadə alınarkən çəkiliş aparılıb. Ona görə də orada yazılanlardan imtina edirəm. Mənim Bəxtiyar Quliyevlə tanışlığım olmayıb, “Molotov kokteyli” hazırlanmasını da bilmirəm”. 

Ardınca vəkil Eltin Quliyev hakimdən tələb etdi ki, təqsirləndirilən şəxsin izahatları da oxunsun. Məhkəmə o mərhələnin də olacağını bildirdi. Növbəti proses dekabrın 19-na, yəni bu gün saat 10:30-a təyin olundu. 

Qeyd edək ki, NİDA üzvləri Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu və “Azad Gənclik” üzvü İlkin Rüstəmzadə kütləvi iğtişaşlar təşkil etməkdə təqsirləndirilir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1(zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Emil SALAMOĞLU
Fotolar: Məhəmməd TÜRKMƏN
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR