NİDA-çı gənc fəalın vəkili Avropa Məhkəməsinə şikayət göndərib
NİDA-nın üzvü Məhəmməd Əzizova qarşı işgəncə faktlarının araşdırılmaması ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərilib.
Bu haqda məlumatı gənc fəalın vəkili Fariz Namazlı məlumat verib: “O, 11 yanvar 2013-cü ildə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən 07 mart 2013-cü ildə tutularkən və 15 mart 2013-cü ildə MTN-nin İstintaq Təcridxanasında olarkən döyülüb, işgəncəyə məruz qalıb. Baş Prokurorluğun 4 iyun 2013-cü il tarixli qərarıyla onun işgəncəyə məruz qoyulması ilə bağlı cinayət işinin başlanması rədd edilib. Həmin qərardan verilən şikayətlər Səbail rayon məhkəməsi və Bakı Apellyasiya məhkəməsi tərəfindən təmin edilməyib. Bundan sonra M.Əzizova qarşı işgəncə faktlarının araşdırılması üçün Avropa Məhkəməsinə şikayət göndərilib”.
Qeyd edək ki, Məhəmməd Əzizov ötən il martın 7-də kirayədə yaşadığı mənzildə mülki geyimli şəxslər tərəfindən oğurlanıb. M.Əzizova qarşı CM-nin 234.1-ci maddələri ilə ittiham irəli sürülüb. Ümumilikdə NİDA Vətəndaş Hərəkatının 7 üzvü - Məhəmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov həbsdədirlər.
Beynəlxalq “Amnesty İnternational” təşkilatı bu gənc fəalları vicdan məhbusu elan edib. Və vicdan məhbuslarının dərhal azadlığa buraxılması tələb olunur.
Nərgiz Yaqublu






