
Nəşriyyat qiymətlərini qaldırdı, bəs qəzetlər?
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov söylədi ki, nəşriyyatın qərarı onlar üçün gözlənilməz olub: “Artıq fakt qarşısında qalmışıq, çünki martın 1-dən çap xərclərinin 20 faiz artırıldığı elan olunub”.
Qəzetin satış qiymətinin artırılmasına gəlincə, Ə.Süleymanov deyib ki, bu addım onsuz da qəzetlərin pis durumunu daha da ağırlaşdıracaq. Özünü maliyyələşdirən qəzetlərin hamısının nəşriyyata borcları var. Belə bir vəziyyətdə çap xərclərinin artırılması qəzetlərin sıradan çıxarılmasıdır. “Qiymət artımını isə 1 il əvvəldən düşünsək də, indiki məqamda bu da çıxış yolu deyil, onsuz da hər şeyin qiyməti artır. Düzdür, alternativ mətbəələr barədə də fikirləşirik, buna gedilsə, ən böyük nəşriyyat olan ”Azərbaycan" müflis olacaq. İndiki vəziyyətdə çıxılmaz durumdayıq, bir tərəfdən nəşriyyatın halına acıyırıq, onun məhv olmasını istəmirik, başqa tərəfdən isə özümüzü xilas etmək barədə düşünməliyik. Amma nə başqa mətbəəyə getmək, nə də qiymət artımı haqda qərarımız yoxdur. Bütün hallarda həmkarlarımızla vəziyyəti müzakirə edib yekun qərar verəcəyik".
Müsahibimiz qiymət artımının hansı həddə ola biləcəyi ilə bağlı sualı cavablandıranda dedi ki, indiki halda qəzetin satış qiymətini 50 qəpiyə qədər qaldırmaq ciddi fərq etmir və xərcləri ödəməyəcək. Bu səbəbdən də artımın 1 manata qədər qalxacağı ehtimalı istisna deyil.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov modern.az-a açıqlamasında bildirib ki, informasiyadan xəbər tutan kimi qəzetin mühasibatlığı ilə əlaqə saxlayıb:
“Nəşriyyatdan da öyrəndim ki, bu haqda bizə xəbərdarlıq gəlməyib. O şey ki, bizə deyilməyib, o haqda nəsə söyləmək mənim üçün çətindir. Amma hesab edirəm ki, əsaslandırılmış artım olmalıdır. Əgər nəşriyyat çap xərclərini artırsa, biz də məcbur olub hansısa addım atmalıyıq. Onsuz da qəzetlərimiz ucuz deyil. Başqa ölkələrə nisbətən biz məcburiyyət qarşısında qalıb qəzetlərin qiymətini qaldırmışıq. Məndən olsa, qəzetin qiymətini aşağı salaram.
Amma bu, mənlik deyil. Bizim maliyyəmizə az təsir göstərir. Mənim təkbaşına, fərdi qaydada qərar qəbul edib qəzetin qiymətini artırmaq səlahiyyətim yoxdur. Əvvəla, bütün qəzetçilər bir yerə yığışmalıyıq, Mətbuat Şurasında bunu müzakirə etməliyik, oxucuları nəzərə alıb sonra artırmalıyıq. Qəzetlər 20 qəpikdən 40 qəpiyə qaldırılanda da bu, belə oldu. Bizim qəzetlər oxucular üçün çap olunur. Onlar bizi yaşadır, biz də onları nəzərə almalıyıq. Bütün hallarda məsləhətləşmələr olur. İstəyərdim ki, qiymətlər artmasın və biz buna əl atmayaq. Onsuz da oxucu bolluğunda deyilik. Bəlkə də qiymət artımının bizə xeyrindən çox ziyanı dəyə bilər”.
SEVİNC






