İnsanlara hürriyət, millətlərə istiqlal!

NƏRİMANOVUN İCRA BAŞÇISI PREZİDENTDƏN QORXDU...

2780 09.05.2010 09:36 Gündəm A A
Əlimizdə olan faktlardan çıxış edərək deyə bilərik ki, prezident çıxışında Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevi nəzərdə tutub. A.Fərzəliyev akademik Həsən Əliyev küçəsində keçmiş MTN-çilərin ailələrinin yaşadıqları 3 binanın ərazisini 67 nömrəli sərəncamla Diaspor Məsələləri üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova məxsus “Galaxy Palace” MMC-yə satmışdı. N.İbrahimov isə 268 ailənin yaşadığı binaların yerində “Galaxy Palace” biznes mərkəzini tikdirməkdə qərarlı idi.
Bina sakinləri ilə sözügedən şirkətin əməkdaşları arasında bir neçə dəfə münaqişə də olmuşdu. Hətta sakinlər aksiya keçirərək Azadlıq prospektini bağlamağa cəhd etmişdi. Diaspor nazirinin adamları isə ötən günlər ərzində boş durmur, sakinlərə hədə-qorxu gəlirdi. Sakinlərin bizə verdiyi məlumata görə, nazirin qardaşı Sahib İbrahimov tez-tez əraziyə gedərək binalarda məskunlaşan vətəndaşlarla görüşür və heç kimdən qorxmadığını söyləyirdi. Müxbirimizə danışan sakinlərin biri “Sahib İbrahimov qardaşına güvənərək bizə demişdi ki, prezidentə də şikayət etsəniz, xeyri yoxdur, bu yoldan dönən deyilik” söyləmişdi.
Prezidentin təpinməsi dərhal işə yarayıb. Nərimanovun icra başçısı verdiyi qərarın ləğv olunması haqqında dünən səhər sərəncam imzalayıb. Bu barədə məlumatı sözügedən binanın sakinlərindən aldıq. Prezidentin məlum çıxışından sonra əraziyə getmişdik ki, sakinlərin olaya reaksiyasını öyrənək.
Bina sakini, keçmiş MTN polkovniki Şirin Hacıkərimov bizimlə söhbət zamanı dedi ki, icra başçısı məmur-oliqarxların xeyrinə qanunsuz olaraq verdiyi sərəncamı prezidentin tənqidindən sonra ləğv edib: “Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevin, diaspor naziri Nazim İbrahimovun qardaşı, "Galaxy Palace" MMC-nin prezidenti Sahib İbrahimovun əməllərindən bəhs edən məktubu 268 ailənin imzası ilə Milli Təhlükəsizlik, Daxili İşlər və Ədliyyə nazirliklərinə, Baş Prokurorluğa və ölkə başçısına göndərmişdik. Ünvanladığımız müraciətlərin hamısına tez bir zamanda cavab aldıq. Sağ olsun “Yeni Müsavat” qəzetini, ona görə ki, bizim problemimizi təkcə o işıqlandırdı. Deputatlar Əhəd Əhmədovla Qənirə Paşayevaya da minnətdarıq. Onlar bizim məsələmizi parlamentdə qaldırdılar".
Şirin müəllim bizi icra başçısının verdiyi sərəncamla da tanış etdi. A.Fərzəliyev 112 saylı sərəncamda qeyd etmişdi ki, “Galaxy Palace” MMC-yə biznes mərkəzinin tikintisinə icazə verilməsi haqqında 10.03.10-cu il tarixli, 67 saylı sərəncam qüvvədən düşmüş hesab edilsin.
Bina sakini olan polkovnik söylədi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sakinlərin şikayətlərini nəzərə alaraq ərazidə yoxlamalar aparıb və ciddi qanun pozuntuları aşkarlayaraq dövlət qurumlarına göndərib.
Qaldı məsələnin cəza tərəfi. Ümid edirik ki, prezidentin dilinə və dəftərinə düşən Nərimanovun icra başçısı öz yerində çox qala bilməyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR