Nərimanov RİH Xocalıda ailəsini itirən 25 gəncə birdəflik maddi yardım etdi (Fotolar)
Fevralın 25-də Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş faciə anım mərasimi keçirilib.
Mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri rayonun ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri, eyni zamanda Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfər gənc iştirak edib.
Tədbir əvvəlində Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib. İcra başçısı erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb. O vurğulayıb ki, dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev qeyd edib ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Daha sonra çıxış edən Xocalıdan olan şəhid ailəsi Brilliyant Hacıyeva Xocalıda erməni vandalları tərəfindən törədilən qətliamın canlı şahidi olduğunu və bunu tarixdə ən dəhşətli faciə kimi qiymətləndirdiyini vurğuladı.
Anım mərasimi rayonun bir qrup gənc tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş və törədilən dəhşətləri əks etdirən ədəbi-bədii kompozisiya ilə davam edib.
Sonda rayon icra hakimiyyəti tərəfindən Xocalıdan olan şəhid ailələrinə və Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfər gəncə birdəfəlik maddi yardımlar göstərilib.
Fərahim İLQAROĞLU






