İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəriman Nərimanovun ev muzeyində gördüklərimiz...

3982 02.06.2013 09:53 Ölkə A A

Bizi qarşılayan muzeyin əməkdaşı Kamilə Hüseynova gəlişimin səbəbini bildikdən sonra bu məkanın yaranma tarixi və orada saxlanılan eksponatlar haqqında məlumat verir. Kamilə xanım bildirir ki, N.Nərimanovun ev muzeyinin yerləşdiyi ünvan Bakının tarixi binalarından biri hesab edilir. Tacir Babayevə məxsus olan bina 1900-cü ildə memar M.M.İsmayılovun layihəsi əsasında tikilib. Əvvəllər iki mərtəbədən ibarət olan binaya 3-cü mərtəbə sonralar əlavə olunub. Nərimanov bu binanın 2-ci mərtəbəsində 1913-1918- ci illər arası yaşayıb.

Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir və şərti olaraq yemək, qonaq, yataq və bir də Nəriman Nərimanovun əsil peşəsinin göstəricisi olan, xəstələrinə həyat, sağlamlıq verdiyi həkim otağından ibarətdir.
Bizim muzeylə tanışlığımız isə yemək otağından başlayır. Çilçıraqlarla işıqlandırılmış otaqda Nəriman Nərimanovun uşaqlıq və gənclik illərinə aid sənədlər, müxtəlif materiallar, Nərimanovun və XX əsir Azərbaycan ziyalılarının şəkilləri nümayiş etdirilir. Bütün bunların içində ən çox diqqətimizi cəlb edən isə Nərimanovun Tiflisdəki evinin maketi olur. Kamilə xanım bildirir ki, həmin ev hazırda yoxdur. O binadan qalan yalnız Tiflisdəki evini xatırladan maketdir.

Divarda isə Nərimanovun hərbi geyimli tablosu diqqətimizi cəlb edir.
“Yemək otağı”ndakı maraqlı eksponatlardan biri də otağın bir küncündə yaradılan - ötən əsrin Bakısının foto-guşəsi olur. Guşəyə yaxınlaşdığımızı görən Kamilə xanım onun haqqında məlumat verir: “Bu guşə XX əsrin əvvəllərinə aid Bakı şəhərinin görüntülərini əks etdirir. Muzeyə gələn hər kəs, xüsusilə də gənclər böyük həvəslə bu şəkilləri seyr edirlər”. Şəkillərdə isə neft mədənlərində baş verən yanğın, fəhlələrin çətin şəraitdə neft çıxarmasını əks etdirən səhnələr görüntülənir.

“Yemək otağı”ndan ayrılıb növbəti otağa, “qonaq otağı”na daxil oluruq. Otağın qəribə ab-havası bizi o dövrə, XX əsrin əvvəllərinə aparır. Otaqda Nərimanovun ictimai-siyasi fəaliyyətini əks etdirən sənəd və materiallar toplanıb. Bir küncdə qoyulan Nərimanovun iş masasının üstündə müxtəlif sənədlər, gündəlik qeydlər dəftərçəsi və bir də o dövrə aid telefon aparatı. XX əsrin lal şahidləri olan bu əşyaları seyr etdikcə gözlərimiz önündə o dövrün qaynar siyasi ab-havası canlanır. Otaqda isə hər şey sükut içində. Masanın üstündəki telefon aparatı isə sanki əbədilik bir röyaya dalıb...

Otağın divarlarında isə o dövrün ictimai-siyasi xadimlərinin fotoları asılıb; Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev və Üzeyir Hacıbəyovun şəkilləri N. Nərimanovun şəkilləri ilə bir sırada. Cümhuriyyətçilər və sosial-demokratların yan-yana vurulan şəkilləri qəribə asossiasiya yaradırdı.

Kamilə xanım bildirir ki, N.Nərimanovun bu insanlarla yaxın münasibətləri olub: “Çoxları Nərimanovun haqqında bilərəkdən və ya bilməyərəkdən xoşagəlməz ifadələr işlədirlər. Hətta ona xalq düşməni damğasını vuranlar da olub. Ancaq bu bir tarixi həqiqətdir ki, Nərimanov Üzeyir bəyi iki dəfə ölümdən xilas edib. Bundan əlavə 1918- ci ilin mart qırğını ərəfəsində Əlimərdan bəy Topçubaşovu həbsdən azad edilməsində əlindən gələni əsirgəmir. Əgər Nərimanov doğurdan da neqativ insan olsaydı, Məhəmməd Əmin Rəsulzadə onu böyük Nəriman adlandırmazdı. Biz də bütün bunları nəzərə alaraq XX əsir Azərbaycan aydınlarının şəkillərini Nərimanovun şəkli ilə yanaşı vurmuşuq”.

Kamilə xanımın bələdçiliyi ilə “yataq otağı”na daxil oluruq. Kamilə xanım bildirir ki, bu otaq ailənin yataq otağı olub. Nərimanovun xatirə əşyaları, mebel, çilçıraq, saat, tar, oğlu Nəcəfə yazdığı bitməmiş məktub, özünün və oğlunun ölümü ilə bağlı sənəd və materiallar bu otaqda nümayiş etdirilir. Otağın bir küncündə isə balaca bir masa qoyulub. Kamilə xanım bildirir ki, N.Nərimanov gecələr bu masanın arxasına keçib yaradıcılıqla məşğul olarmış. Otaqda diqqətimizi ən çox cəlb edən Nərimanovun təsbehi olur. Bunu görən Kamilə xanım təsbeh haqqında maraqlı tarixçə danışmağa başlayır: “Bu təsbeh hələ Nərimanov Qori Müəllimlər Seminariyasında oxuyarkən onda olub. Bir gün Qulam Vahabov adlı bir tələbə yoldaşı deyir ki, Nəriman təsbehin, çox gözəldir, xoşuma gəlir. Nərimanov da bu təsbehi bağışlayır ona. İllər sonra həmin insan vəfat edərkən təsbehi gəlininə verir və bu tarixçəni ona danışır. Bundan sonra təsbeh bir neçə əldən keçir və nəhayət ki, onu gətirib muzeyə təhvil verirlər”.

Sonuncu, dördüncü otaq isə tibb kabineti adlanır. Bu otaqda hər şey Nərimanovun qardaşı qızı İltifat xanımın xatirələrinə əsasən həmin illərdə olduğu kimi bərpa edilib. Birbaşa eyvana çıxışı olan bu otağın əşyaları, oradakı eksponatlar digərlərindən fərqlənir. Əvvəlki otaqlarda gördüyümüz ictimai-siyasi xadim, yazıçı Nərimanovu bu otaqda başqa bir qiyafədə, həkim qiyafəsində görmək olur. Otağın bir tərəfində tibbə aid kitab rəfi, digər tərəfdəki şkafda isə tibb alətləri toplanıb. Kamilə xanım bildirir ki, Nərimanov bu otaqda öz xəstələrini müayinə və müalicə edib: “Nərimanov bütün həyatını xalqına həsr edən böyük ziyalı olub. Gərgin ictimai-siyasi fəaliyyətinə, yaradıcılıq fəaliyyətinə baxmayaraq o, vaxtaşırı bu kiçik otaqda xəstələrini qəbul edib sözün əsil mənasında onların sağlamlığının keşiyində durub”.

Tibbə dair sənədlər, tibb alətləri ilə zəngin olan otaqda ərəb əlifbası ilə yazılan şeir parçaları diqqətimizi cəlb edir. Bunu görən Kamilə xanım “Bunlar Nərimanovun öz əli ilə yazdığı şeirlərdir. O, ədəbiyyatımızda daha çox yazıçı-dramaturq kimi tanınsa da hərdən şeir də yazıb”, - deyə bildirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR