Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Bakı Metropoliteni qapalı səhmdar cəmiyyətləri, həmçinin “BakıBus” MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Eyni zamanda hər dörd qurumda müşahidə şuraları yaradılıb, İnvestisiya Holdinqinə 4-6 ay müddətində qurumların idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini təsdiq etmək tapşırılıb.
AİH həmçinin beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə dörd nəqliyyat nəhənginin hər birində hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətlərinin nəticələrinin diaqnostikasının aparılmasını təmin edərək, nəticələrini Prezidentə çatdırmalıdır.
İri nəqliyyat şirkətlərinin AİH-in idarəetməsinə verilməsini, onların fəaliyyətinə nəzarət üçün müşahidə şuralarının yaradılmasını şərh edən iqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vuqar Bayramovun sözlərinə görə, əsas dövlət şirkətləri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləndən sonra həmin qurumlarda müşahidə şuralarının formalaşdırılması həyata keçirilir: “Şuralar sözügedən qurumların fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirəcəklər. Əsas məqsədi həmin qurumların fəaliyyətlərində səmərəliliyin artırılması olan müşahidə şuralarının yaradılması iqtisadi islahatların bir elementi kimi xarakterizə olunmalıdır.
Beynəlxalq məsləhətçi şirkət cəlb etməklə həmin müəssisələrin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin 6 ay müddətində diaqnostikası aparılacaq və növbəti 2 ayda onların yeni nizamnamə və strukturunun layihəsi hazırlanacaq. Göründüyü kimi, iri dövlət müəssisələrinin idarə edilməsində yeni mərhələ başlayır. Sözügedən müəssisələr nəqliyyat sektorunda aparıcı qurumlardır. Bu baxımdan onların fəaliyyətinin daha səmərəli təşkil edilməsi həmin sektorun inkişafının dayanıqlığı baxımdan vacibdir".

Vüqar Bayramov: “Yeni dövr islahatlarda əsas strateji prioritet məhz dövlət mülkiyyətində olan müəssisələrdə korporativ idarəetmənin formalaşması və inkişafı olacaq”
Millət vəkilinin fikrincə, “Azərbaycan Hava Yolları” (AZAL) fəaliyyəti ilə bağlı ən vacib gözləntilərdən biri də təyyarə biletlərinin qiymətinin azaldılmasına nail olunmasıdır: “Təyyarə biletlərinin qiymətinin yüksək olması ölkəyə gələn turistlərin sayına birbaşa təsir edir. Təbii ki, pandemiya dönəmində əcnəbi turistlərin sayı obyektiv səbəblərdən azalıb. Amma postpandemiya dövründə daha çox istiqamətlərdə büdcə uçuşlarının sayının artırılması, eyni zamanda bilet qiymətlərinin aşağı salınması prioritet məsələlərdən olmalıdır. Turizmin inkişafı keyfiyyətli və aşağı qiymətli uçuşların sayından da birbaşa asılıdır. Bütövlükdə, yeni dövr islahatlarda əsas strateji prioritet məhz dövlət mülkiyyətində olan müəssisələrdə korporativ idarəetmənin formalaşması və inkişafı olacaq”.

Natiq Cəfərli: “Şirkətləri müşahidə şuraları idarə edəcəksə, o zaman şirkətlərin prezidentləri, vitse-prezidentləri, idarə müdirləri nə işlə məşğul olacaq”?
İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, iri dövlət şirkətlərində müşahidə şuralarının formalaşdırılması paralel idarəçiliyə gətirib çıxaracaq: “Ölkə nə qədər ”paralelləşəcək" axı?! Prezident özü dedi ki, dövlət şirkətləri zay çalışır, izafi xərcləri var, büdcədən dotasiya alırlar, gəlirlə işləmirlər. İllərdir dediyimizin etirafını eşitdik, sonra qərarlar verildi, korrupsiyaya bulaşmış, inhisarçı olmasına baxmayaraq ziyanla işləyən, dotasiya alan şirkətləri əvvəl İnvestisiya Holdinqinə verdilər, sonra onlara müşahidə şuraları təyin edildi. Həmin Şuralara nazir və digər məmurlar təyin edilir, halbuki onlar normal işləyib nəzarət və təsir mexanizmləri yaratsaydılar, dövlət şirkətləri normal çalışardılar".
Ekspert qeyd edir ki, müşahidə şuralarının səlahiyyəti şirkətləri idarəetmədirsə, o zaman şirkətlərin prezidentləri, vitse-prezidentləri, idarə müdirləri nə işlə məşğul olacaq: “Onlar yerlərində qalıb yenə qərarlar verəcəklərsə müşahidə şurası nə işlə məşğul olacaq?! Tutalım, Müşahidə Şurası qərar verəcək, şirkətlər icra edəcəklər - bu zaman məsuliyyəti kim daşıyacaq?! Məsələn, qərar səhv olsa, şirkət nə etməlidir, qərar doğru, icraat səhv olsa, şirkətin rəhbərliyinin məsuliyyəti nə olacaq?! Yox, əgər müşahidə şurası özü qərar verib, özü də yerinə yetirməsinə nəzarət edəcəksə, şirkət rəhbərliyinin səlahiyyətində hansı məsələlər qalacaq?!”
DÜNYA,
“Yeni Müsavat”






