İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nənələrin işi”nin əsas fiqurantı Ali Məhkəməyə şikayət edib – Zeynəb Xanlarovanın bacısı oğlu nə istəyir?

1079 13.02.2024 14:23 Kriminal A A

Ali Məhkəmədə Daşqın Nəsirov və digərlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilir. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Daşqın Nəsirovun şikayəti hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.

Musavat.com-un xəbərinə görə, Daşqın Nəsirovun adı qarışan cinayət əməli Türkan qəsəbəsində baş verib.

“Yeni Müsavat”ın 11 sentyabr 2020-ci il tarixli sayında bu haqda “İcra nümayəndəsi 2 ahıl qadını “öldürüb” bağlarını ələ keçirib - Türkanda inanılmaz cinayət” https://musavat.com/news/turkanda-2-ahil-qadini-oldurub-torpaqlarini-ele-kecirdiler-dehsetli-cinayetin-izi-ile_733442.html sərlövhəli yazı dərc etmişdik. Bundan sonra Baş Prokurorluqda cinayət işi başlanmış və müvafiq araşdırmalar aparılmışdı.

2020-ci ilin əvvəlində Əzizəxanım Atayevaya və Xumara Şabanovaya bağ torpaq sahələrinin saxtakarlıqla ələ keçirilməsini araşdıran istintaqçılar Daşqın Nəsirovun izinə düşmüşdülər. Məlum olmuşdu ki, saxta sənədlər əsasında torpaq sahələri Daşqın Nəsirov tərəfindən satılıb.

Atayeva və Şabanovanın torpaq sahələrini satın alan isə məşhur biznesmen, “Bridge Plaza”nın sahibi Yaqub Hüseynov idi. Türkan qəsəbəsinin qeyd olunan hissəsində torpaq sahələrinin imkanlı iş adamlarını maqnit kimi çəkməsinin səbəbi ərazinin Xəzər sahilində olması və bilavasitə ləpədöyənə dirənməsindən qaynaqlanır. Ərazidə restoran və istirahət mərkəzinin, hotellərin tikilməsi üçün ideal şərait var. Odur ki, həmin torpaqların alınması üçün iş adamları böyük pullar ödəməkdən çəkinmirlər. Bu zaman torpaq sahələrinin əsl sahiblərini axtarmağı isə unudurlar. “Bridge Plaza”nın sahibi Yaqub Hüseynovun da diqqətdən qaçırdığı, eyni zamanda ən əsas məqam da bu olmuşdu.

O zaman Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış, istintaqla cinayətin bütün iştirakçıları müəyyən edilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, Türkan qəsəbəsinin sabiq icra nümayəndəsi Rahil Babayev 2 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, polisin nəzarəti altında verilmiş Daşqın Nəsirova 5 il 6 ay şərti cəza verilib. Bundan başqa, ev dustaqlığında olan Eldar Mirzəyevlə Zəfər Abdulovun hər biri isə 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum olunub. Bu hökmdən həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmiş tərəf narazı qalıb və apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlayıb. Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb. Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-nin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsini ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq zamanı Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Təqsirləndirilən Rahil Babayev və Çingiz Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, Daşqın Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.

29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə yekun hökm verərkən Türkanlı nənələrin mülki iddialarını təmin etməyib. Barələrində axtarış elan edilmiş M.Ağayev və Q.Nadirovun cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR