İnsanlara hürriyət, millətlərə istiqlal!

Nemət Pənahlı ilə Oqtay Qasımovun 20 Yanvar DEBATI - 31 il öncə meydanlarda bərabər idilər, indi studiyada üz -üzə gəldilər...

3635 20.01.2021 12:15 Gündəm A A

20 yanvar 1990 günü tarixə qanla yazılanlar millət olaraq verdiyimiz mücadilənin nəticələrindən biri idi. Bu nəticə hər zaman bizimlə olacaq, ayağı yer tutan, yaşayan hər bir azərbaycanlı bu tarixi hər zaman yaşadacaq!

İldə bir kərə, bu gün Şəhidlər Xiyabanına özümüzü ziyarətə gedirik. Millət olaraq böyüklüyümüzü, qəhrəmanlığımızı və içimizdən çıxan qəhrəmanları görmək bizə ruh verir. Şəhidlər Xiyabanı milli mahiyyətimizin qanımızla yazılan özətidir! Onu ildə bir kərə özümüzə və yeni -yeni nəsillərə oxutmamız milli vəzifə olub...

Həmin gün Sovet ordusu Bakıda Azərbaycanın milli azadlıq hərəkatına güllə atdı. Paytaxtımızı meydanlarda azadlıq istəyən vətəndaşlarımızın aparanların qanına boyadı. Lakin hərəkatı durdura bilmədi, azadlığımızı boğmağı bacarmadı. Əvəzində iki mühüm miras qaldı 20 Yanvardan! Dövlət müstəqilliyimiz və heç zaman heç bir şərtlər altında Moskvaya, Kremlə güvənməməyimiz! Günümüzün Rusiyasına Bakıda bayraq sallaya bilərik, Qarabağdakı sülhməramlılar faktına dözümlü yanaşa bilərik. Lakin nə qədər ki, Şəhidlər Xiyabanı var, millət öz yaddaşında 20 Yanvarı yaşadır, heç bir zaman Rusiyaya inamımız tam şəkildə bərpa olunmayacaq...

20 yanvar 1990 həm də SSRİ-nin sonunu gətirən tarixdir. Burada bir məqam xüsusi ilə qeyd olunmalıdır. 1989-cu il aprelin 9-a keçən gecə Tiflisdə Gürcüstan SSR Hökumət evi qarşısında keçirilən mitinqin dağıdılması zamanı 16 nəfər ölən oldu. 1991-ci il yanvarın 11-dən 13-nə kimi Litvanın paytaxtı Vilnüsdə törədilən qırğın da miqyasına görə Bakı kimi olmadı, orada da 14 nəfər həlak oldu. Bakıda isə 146 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfərsə qanunsuz olaraq, həbs edildi. 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən də təcili yardım maşınları darmadağın edildi... Niyə Bakıya qarşı bu cür amansız hücum və qırğın törədildi? Səbəb SSRİ DTX-sının 20 yanvar ərəfəsi törətdiyi erməni hücumları, yoxsa SSRİ rəhbərliyinin ermənipərəst mövqeyi idi? Azərbaycanın bu cür cəzalandırılmasında məqsəd həm də SSRİ respublikalarında başlamış müstəqillik hərəkatını boğmaq idimi? Qırğının qarşısını almaq mümkün idimi? Bu müddətdən keçən 31 il zaman kəsiyində o zamankı hərəkatçıların sağ qalanları bəzən niyə bir-birini suçlayırlar?

Bütün bunlardan və digər suallardan, nüanslardan danışmaq üçün studiyamıza qonaqlar dəvət etmişik. 20 Yanvar faciəsini qəhrəmanlıq dastanına çevirmiş Azərbaycan xalqından danışacağıq. O xalqdan ki, onun yeni nəsli, 20 yanvar 1990-cı ildə və ondan sonra doğulmuş övladları təkrar səhnəyə çıxaraq (bu dəfə əlində silah, başında cəsur bir Ali baş Komandanla), öz sözünü dedi və Qarabağı düşməndən azad etdi.

1988-90-cı illərdə meydan hərəkatına liderlik etmiş, 20 yanvar hadisələrindən sonra isə Rəhim Qazıyevlə bərabər İrana getmiş Nemət Pənahlı studiyamızdadır. Bir müddət onu Bakıda baş verən yanvar hadisələrinin günahkarı kimi qələmə verirdilər.

İndi də Vikipediya məlumatlarında onun və Etibar Məmmədovun adları xalqı radikallaşdırmaqda ittiham olunur. Bəs, onun özü nə düşünür? Nemət Pənahlının 31 il öncə söylədikləri bizim üçün, inanırıq ki, sizin üçün də maraqlı olacaq.

Eyni zamanda, milli azadlıq hərəkatının tanınmış simalarından biri, prezident Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov da studiyamızdadır. O, efirlərə az çıxar. Lakin zamanında dövlətin məxfi məlumatlarına çıxış imkanı olmuş birisi kimi, əlbəttə ki, çox şeylər bilir...

Beləliklə, biz çalışacağıq ki, günümüzün və ölkəmizin gündəmini 1 saat ərzində debat formatında təhlil edək, müzakirə, hətta mübahisə aparaq.

Bu prosesdə sizlər də iştirak edə bilərsiniz.

Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz. 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR