İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir?

Deputat bu rəqəmi məqbul hesab edir, ekspert isə “2020-ci ildə neftin qiymətinin 55 dollardan aşağı düşməsi üçün kifayət qədər əsaslar var” deyir

2020-ci ildə Azərbaycanın dövlət və icmal büdcəsində neftin 1 barelinin qiyməti 55 ABŞ dolları nəzərdə tutulub.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Xəbərə  görə, bu, neftin 2019-cu ildəki büdcə qiyməti ilə müqayisədə 5 dollar azdır.  2020-ci ilin büdcəsində neftin 55 dollardan  proqnoz edilməsi iqtisadçı ekspertlər tərəfindən fərqli şəkildə qarşılanıb. Bəzi ekspertlər növbəti ildə neftin qiymətində volatilliyin yüksək olacağını və 55 dolların təhlükəli rəqəm olduğunu bildirərək, 50 dollardan götürülməsini təklif ediblər. Bəzi ekspertlər isə neft bazarının siyasi hadisələrdən qığılcım götürərək ara-sıra yüksəlməsini də nəzərə alaraq, 55 dolların optimal qiymət olduğunu vurğulayıblar.

Məsələn, iqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki,  55 dollarlıq mövqe  çox mühafizəkar, eyni zamanda müsbət yanaşmadır: “Bu  il büdcədə neftin qiyməti 60 dollar götürüldüyü halda, orta illik qiymət bundan yüksək olacaq, hökumətin gələn il üçün ehtiyatlı mövqe tutması təqdirəlayiq haldır. Bununla da gələn ilin dövlət büdcəsi hər cür risklərdən sığortalanmış olur".

İqtisadçı alim Vüqar Bayramov isə hesab edir ki, hökumət gələn ilin büdcəsində neftin qiymətini daha aşağı götürməliydi.  İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) neftin büdcədəki qiymətini 50 dollar təklif edir.

Tahir Mirkişili ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin İqtisadi siyasət və sənaye komitəsinin üzvü Tahir Mirkişili bildirdi ki, hələ ki sənədlər Milli Məclisə daxil olmayıb: “Ancaq istənilən halda 55 dollar optimal rəqəmdir. Bu il üçün 60 dollar götürmüşdük və ilin ötən dövrünə nəzər salsaq, neftin orta qiyməti 60 dollardan yuxarı oldu. Bu dövr ərzində baş verən proseslərə baxsaq, Səudiyyə Ərəbistanında baş verənlərin və digər hadisələrin ümumi gedişinə fikir versək görərik ki, növbəti il üçün neftin qiymətinin 55 dollardan götürülməsi  məqsədəuyğundur. Eyni zamanda OPEK + dövlətlərinin bugünlərdə keçirdiyi görüşdə də ümumilikdə neft bazarı ilə bağlı əldə edilən ümumi razılıq, təkliflərin hər kəsi qane etməsi onu göstərir ki, neftin qiyməti bu amillərdən asılı olacaq. Mən 55 dollarlıq qiyməti optimal sayıram. Həm iqtisadiyyatımız üçün, həm gələcək proqnozlar baxımından, həm də büdcə öhdəliklərinin yerinə yetirilməsi baxımından 55 dollar məqbul rəqəmdir”.

Deputat onu da vurğuladı ki, Milli Məclisin qəbul etdiyi yeni qaydalarla büdcənin neftdən asılılığı minimuma endirilib: “Bu qaydalara əsasən büdcənin öz öhdəliklərini yerinə yetirməsi üçün neftin qiymətinin hansı həddə olması böyük əhəmiyyət daşımır. İstənilən halda proqnoz baxımından yanaşsaq, müxtəlif rəqəmlər səsləndirmək mümkündür. Neftin qiymətinin formalaşması bu gün çox mürəkkəbdir, daha çox siyasi məsələlərdən, bölgədə gedən proseslərdən asılıdır. Ümumilikdə isə bütün istehlakçıları və istehsalçıları qane edən rəqəm neftin qiymətinin 55-60 dollar arasında  olmasıdır. Ona görə də, büdcədə neftin 55 dollardan proqnozlaşdırılmasını məqbul sayıram”. 

İqtisadçı ekspert Rəşad Həsənov ile ilgili görsel sonucu

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, neftin qiymətinin son dövrlər getdiyi məcraya baxsaq, hazırda çox riskli zonadadır: “Son bir neçə gündə qiymətlər artsa da, artıq 2 gündür korreksiya prosesi gedir. Qiymətlər artıq ucuzlaşmaqdadır. Beynəlxalq təşkilatların proqnozlarına baxsaq, fiskal sənəddə neftin qiymətinin 55 dollardan nəzərdə tutulması müəyyən qədər optimal hesab oluna bilər. Əksər beynəlxalq təşkilatlar 2019-cu ildə qiymətin azalacağını proqnozlaşdırır, lakin 55 dollardan yuxarı proqnoz verilir. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə neftin qiymətinin 55 dollardan aşağı düşməsi üçün də kifayət qədər əsaslar var. Belə olan  halda büdcənin icrası və Neft Fondunun öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı müəyyən çətinliklər yarana bilər”.

Ekspertin sözlərinə görə, Azərbaycanda neftin qiymətinin büdcəyə birbaşa və dolayı təsirləri var: “Birbaşa təsir ondan ibarətdir ki, neftin ucuzlaşması neft sektorundan daxil olan vergilərin həcminin azalmasına gətirib çıxarır. Bu da təxminən 2,5 milyard manat ətrafında  olan bir göstəricidir, qiymətin aşağı düşməsi təxminən büdcənin 10 faizinin icrasında çətinliklər yarada bilər. Bir də Neft Fondundan transferlərin həcminə təsir göstərə bilər. Təbii ki, Neft Fondunun kifayət qədər ehtiyatları və transferləri həyata keçirə bilər. Ancaq Neft Fondunun 2020-ci il büdcəsində kəsirin yaranmasına gətirib çıxarar. Necə ki, 2016-2017-ci illərdə ehtiyatların əriməsi prosesi baş vermişdi, 2020-ci ildə də bənzər risklər ortaya çıxa bilər. Ancaq ümumilikdə hesab edirəm ki, 2015-ci il büdcəsinin hazırlanması zamanı yol verilən nöqsanı nəzərə alsaq, 2020-ci il büdcəsinin hazırlanması zamanı hökumət nisbətən daha ehtiyatlı mövqe sərgiləməkdədir”.

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2019

BÜTÜN XƏBƏRLƏR