“Neftçi” – “Qarabağ” oyununda qarşıdurma yaşandı - EKSKLÜZİV FOTOLAR və VİDEO
Bu gün Topaz Premyer Liqasının XXIII turu çərçivəsində paytaxtda “Neftçi” ilə “Qarabağ” komandaları üz üzə gəlib.
Musavat.com xəbər verir ki, matç bitdikdən sonra azarkeşlər arasında dava düşüb. “Neftçi” azarkeşlərinin “Qarabağ” azarkeşlərinə daş atması nəticəsində 2 azarkeş yaralanıb. Bir neçə “Neftçi” azarkeşi isə polis tərəfindən saxlanılıb. Qalmaqal polislər tərəfindən sakitləşdirilib.
“Qarabağ” azarkeşlərinin sözlərinə görə, hadisə “Neftçi” azarkeşlərinin ucbatından baş verib: "Bizlik heç nə yoxdur. Komandamız 1-0 layiqli qələbə qazandı. Görünən budur ki, “Neftçi” azarkeşləri bunu özlərinə sindirə bilməyiblər. Onlar qabaqcadan hazır gəlibmişlər. Çünki əllərində qalın çubuqlar, taxtalar var idi. Bəziləri daş atırdılar. Bizdən iki nəfərə daş dəydi. Birinin gözü şişib, digərinin sinəsi..."
Polis qüvvələri vəziyyətə nəzarət ediblər. Azarkeşləri qarşıdurma çox böyümədən ayıra biliblər. Onların stadionu təhlükəsiz şəkildə tərk etmələri üçün şərait yaradıblar.
Əldə etdiyimiz məlumatlara görə, “Neftçi” azarkeşləri yolu zibil qutuları vasitəsi ilə bağlamağa cəhd ediblər. Amma polis qüvvələri onların qarşısını alıb.
Hadisə yerində saytımızın əməkdaşı da olub. Onun çəkdiyi eksklüziv foto və videoları sizlərə təqdim edirik:
Məhəmməd Türkmən
Fotolar və video müəllifindir.
P.S: Görüntülərdə olanlar "Qarabağ" azarkeşləridir.






