Qarabağ savaşından sonrakı dönəmdə ölkədə baş verən bəzi neqativlər ciddi narahatlıq doğurur.
Hərbçilərin maaşının kəsilməsi, şəhid ailələrinin etirazı, dövlət büdcəsindən lazımsız sərfiyyatlar qələbə əhvalında olan insanları hakimiyyətdən narazı salır. Bunu edən kimlərdir və komanda hardan verilib?
Ermənistan Avropa Partiyasının sədri Tiqran Hzmalyan “Turan” agentliyinə müsahibəsində Ermənistan-Rusiya münasibətlərinin bundan sonrakı durumu haqda danışıb. Hzmanlyan deyib ki, müharibənin nəticəsi Ermənistanın Rusiyadan qoparılması olacaq: “Necə ki, bu, Gürcüstan, Moldova və Ukraynada analoji proseslər nəticəsində baş verdi. Ermənistan rusiyapərəst kollaborasionistlərin hakimiyyətini devirəcək və Cənub-Şərqi Avropanın tərkibində Avropa İttifaqına və NATO-ya inteqrasiya olunmağa başlayacaq”.
Ermənistanın əksər siyasi qüvvələri hesab edir ki, Rusiya müharibədə ermənilərə “xəyanət” edib. Uduzmuş, ordusu dağılmış, iqtisadiyyatı ciddi zərbə almış, siyasi böhran girdabında olan Ermənistanın Rusiyadan ayrılaraq Gürcüstan, Moldova və Ukrayna kimi müstəqil və Avropaya bağlı siyasət yürütməsi nə dərəcədə realdır? Ermənistan bu kursu tutarsa, nə ola bilər? Avropa və NATO ermənilərin yeni xəyallarıdır, yoxsa...
Sülhməramlıların mandatında mühüm məqam-Azərbaycan “get”, Ermənistan “qalsın” deyərsə... Sülhməramlıların bölgədə nə qədər müddətdə qalıb-qalmamasına dair 10 noyabr sənədindəki bənddə Ermənistanın adı keçir. Orada aydınlaşacaq bir mühüm məqam var. Əgər Azərbaycan, müəyyən müddətdən sonra (sənəddə 5 ilin bitməsinə 6 ay qalmış olaraq göstərilib) Rusiya sülhməramlı qüvvələrinə ehtiyac qalmadığı qənaətinə gələrsə və Ermənistan isə onun əleyhinə olursa, o zaman necə olacaq? Bu, qeyri-müəyyənlik yaradan maddədir.
Ekspertlər deyir ki, Rusiya hərbi qüvvələrinin Qarabağda sülh məramlı statusu Rusiya-Türkiyə-Azərbaycan üçtərəfli formatında müəyyən edilməlidir. Azərbaycanda yerləşən Rusiya qüvvələrinin statusunu biz Ermənistanla niyə müzakirə etməliyik? 10 noyabr bəyənatının 5-ci maddəsinə görə Rusiya-Turkiyə Birgə Müşahidə Mərkəzi qurulur. Və bu Mərkəz bilavasitə sülhməramlıların işinə nəzarət etmə funksiyası da daşıyır. Həm bu Mərkəzin mandatı və həm də sahədəki rus sülh məramlılarının mandatı Rusiya-Turkiyə-Azərbaycan formatında müəyyən edilməlidir.
Ramiz Mehdiyevin rəhbərlik etdiyi MEA-da nə baş verir? R.Mehdiyev personası yenə baş qaldırır və necə?
Bu və gündəmdəki bütün mövzuları bu gün TV Musavatın "Canlı debat" verilişində müzakirə etdik. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı həm gündəmi müzakirə edib, həm də tamaşaçıların suallarını cavablandırdı.
Verilişi aşağıdakı linklərdən izləyə bilərsiniz.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






