İnsanlara hürriyət, millətlərə istiqlal!

Nə hərb, nə sülh və... Qarabağ səmasında artan barıt qoxusu

1053 17.10.2019 09:10 KİVDF layihələri A A

Həmsədrlərin regiona daha bir səfəri nə verəcək, dinc nizamlama prosesini “ölü nöqtə”dən çıxarmaq mümkün olacaqmı? Rusiya parlamentinin komitə sədri: “Qarabağa qanunsuz səfər edən Zatulini özümə müavin mən təyin etməmişəm...”

Bakıda Türk Şurasının 7-ci zirvə toplantısı başa çatdı. Zirvə görüşü çərçivəsində Dağlıq Qarabağ məsələsi də diqqət mərkəzində saxlanıldı. Önəmli bəyanatlar və mesajlar verildi, liderlər bir daha Azərbaycana dəstək ifadə etdilər. NATO üzvü qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı açıqlaması isə xüsusi önəm daşıyırdı. Gözlənildiyi kimi, Türkiyə lideri növbəti dəfə Qarabağ məsələsində qardaş ölkənin Azərbaycanın haqq savaşında yanında olduğunu bəyan etdi.

“Ankara Dağlıq Qarabağ konfliktinin Azərbaycanın ərazi bütövlüyü əsasında dinc nizamlanmasına dəstək verməyə davam edəcək”. Bunu Ərdoğan Bakıda dedi. “Azərbaycan torpaqları - Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyon insan öz evini tərk edib. BMT Baş Assambleyasının son iclasında dediyim kimi, bu, qəbuledilməz situasiyadır”, - deyə Türkiyə dövlət başçısı qeyd edib və əlavə edib ki, Ankara bundan sonra da Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü əsasında, qısa müddətdə həllinə kömək edəcək.

Əlbəttə ki, əgər Türkiyə kimi bütün böyük dövlətlər, regional və qlobal güclər, özəlliklə də Rusiya və ABŞ məsələdə eyni prinsipiallıq, ədalətli yanaşma sərgiləsəydi, separatçılara və separatizmə münasibətdə “ikili standart” yanaşması olmasaydı, yəni “yaxşı və pis separatçılar” bölgüsü aparılmasaydı, Dağlıq Qarabağ ixtilafı çoxdan, elə ABŞ və Rusiyanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsi əsasında yoluna qoyulmuşdu...

*****

“İkili standart” yanaşmalardan söz düşmüşkən, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin növbəti dəfə, qanunsuz olaraq işğal altındakı Xankəndində olması, oradakı üzdəniraq tədbirə qatılması və Azərbaycan dövləti əleyhinə çıxışlar etməsi ilə bağlı rəsmi Bakı artıq Rusiyaya nota verib. Bu haqda ölkəmizin Rusiyadakı səfirliyindən məlumat verilib.

karabakh osce ile ilgili görsel sonucu

Bildirilib ki, 2019-cu il oktyabrın 11-də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən təşkil olunan məlum tədbirdə Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulinin iştirakı ilə əlaqədar Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin narahatlığını ifadə edən rəsmi nota göndərilib. Notada separatçılığı açıq şəkildə dəstəkləyən Konstantin Zatulinin qeyd edilən tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirdiyi növbəti təxribat xarakterli bəyanatlarına və Azərbaycanla Rusiya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığa xələl gətirən çıxışlarına Rusiya tərəfindən münasibətin bildirilməsi, həmçinin rusiyalı deputatın işğal altında olan ərazilərə hansı qisimdə səfər etməsi, həmin səfərin kim tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatın dəqiqləşdirilməsi xahiş edilib.

Bundan əlavə, notada Konstantin Zatulinin mütəmadi şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın siyasi mövqeyinə zidd olan fikirlər irəli sürməsinə, tarixi faktları açıq şəkildə təhrif etməsinə, Ermənistanın apardığı işğalçı siyasətə bəraət qazandırmaq cəhdlərinə müvafiq qiymətin verilməsinin vacibliyi vurğulanıb, onun bir deputat kimi öz sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşımalı olduğuna diqqət çəkilərək Rusiya Xarici İşlər Nazirliyindən lazımi tədbirlərin görülməsi xahiş edilib.

“Deputat Konstantin Zatulinin Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərin Dövlət Duması və Dumanın MDB komitəsi ilə heç bir əlaqəsi yoxdur. Bu fikirlər Zatulinin şəxsi mövqeyidir”.

Bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib (APA). O, Azərbaycanın işğal altında olan ərazilərinə səfərin Zatulinin şəxsi məsələsi olduğunu söyləyib: “Bildiyiniz kimi, bizdə deputatlıq haqqında qanun var. Təəssüflər olsun ki, həmin qanun elə fəaliyyət göstərir ki, deputatlar hərdən şəxsi məqsəd, maraq güdür, ya da siyasi əqidəsi bunu ona diktə edir. Mən öz mövqeyimi bu barədə demişəm. Bir daha təkrar edirəm. Konstantin Zatulinin məlum fəaliyyətlərinin, bu bəyanatlarının Dumanın MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinə heç bir aidiyyəti yoxdur. Siz mənə sual verirsiniz ki, sizin müavininiz bunu edib. Mən də deyirəm ki, bu müavini mən özümə təyin etməmişəm”.

Kalaşnikov işğal altında olan torpaqlarda səsləndirilən bəyanatların da Zatulinin şəxsi baxışı olduğunu vurğulayıb: “Bu baxışların Rusiya Dövlət Duması ilə, Dumanın MDB komitəsi ilə heç bir əlaqəsi yoxdur. Rusiya Dövlət Dumasının Dağlıq Qarabağ münaqişəsinə baxışı bu cür deyil. Rusiya Dövlət Dumasının xalqların və dövlətlərin arasını vurmaq kimi baxışı ola bilməz. Dövlətlərin arasını çoxu vurmaq arzusundadır. Lakin mən hər zaman öz komitəmin üzvlərini bu tip addımlardan uzaq durmağa çağırıram. Biz məsələnin üstünə odla getməməliyik, əksinə, elə etməliyik ki, barışıq olsun. Lakin bəziləri bunun əksini edir”.

Rəsmi Moskvanın isə Bakının notasına necə cavab verəcəyi hələlik məlum deyil. Əgər heç bir reaksiya verilməyəcəksə və ya Zatulinin təxribatçı səfəri qınanmayacaqsa, əksinə, onun özəl bir ziyarət olduğu iddia edilərək, səfərin qeyri-qanuniliyinə don geydirməyə çalışılacaqsa, demək ki, bu, elə Moskvanın rəsmi mövqeyidir ki var: yəni qənaət hasil olacaq ki, Rusiya erməni separatizminə rəsmən qahmar çıxır. Əlbəttə ki, belə mövqedə olan dövlətin Dağlıq Qarabağ məsələsində qərəzsiz vasitəçiliyə iddia eləməsi məntiqsizdir.

Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgədə səfərdədir. Vasitəçilərin İrəvan və Xankəndidən sonra Bakıya gələcəyi gözlənilirdi. Bəs diplomatların regiona budəfəki gəlişi sülh prosesini dalandan çıxara, nizamlama prosesinə hansısa impuls verə biləcəkmi?

Əsas sual da budur. Təbii ki, çox şey münaqişənin həllinə məsul olan Rusiya və ABŞ-ın işğalın bitməsində nə dərəcədə maraqlı olmasından asılıdır. Ermənistanın işğalçı siyasəti ilə bağlı “ikili standart” siyasəti davam edəcəksə, sözsüz ki, hansısa pozitiv dinamikadan da danışmaq mümkün olmayacaq.

*****

karabakh osce ile ilgili görsel sonucu

Bu arada Almaniyanın “Der Freitag” qəzetində Azərbaycanın Qarabağla bağlı mövqeyinin müdafiəsinə həsr olunan məqalə dərc olunub. Məqalədə beynəlxalq səviyyədə Azərbaycanın ərazisi hesab edilən Dağlıq Qarabağ bölgəsinin 25 ildən artıqdır Ermənistan tərəfindən işğal altında saxlanıldığı nəzərə çatdırılır. Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməklə yanaşı, bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin saldığı vurğulanır. Qondarma “Dağlıq Qarabağ respublikası”nın dünyanın heç bir dövləti və ya təşkilatı tərəfindən tanınmadığı bildirilir.

Məqalədə habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Almaniyanın mövqeyi açıqlanır və AFR XİN-ə istinadən Almaniyanın “Dağlıq Qarabağ respublikası” adlı qurumu tanımadığı qeyd olunur. Atəşkəs xətti boyunca daim atəş səslərinin eşidildiyi, habelə minalanmış ərazi təhlükəsinin olduğu vurğulanır. Avropa Parlamentinin həyat yoldaşı erməni olan deputatı Martin Sonnebornun Ermənistanın maraqlarını müdafiə etməklə məşğul olduğu nəzərə çatdırılır. Deputatın Dağlıq Qarabağa qanunsuz səfəri zamanı Brüsseldə fəaliyyət göstərən erməni lobbi təşkilatı Ədalət və Demokratiya naminə Avropa Erməniləri Federasiyasının prezidenti Kaspar Karampetyan və təşkilatın direktoru Hegvine Evinjan tərəfindən müşayiət olunduğu diqqətə çatdırılır.

Rəsmi İrəvanın, öncəliklə də baş nazir Nikol Paşinyanın Qarabağla bağlı mövqeyi isə sülh danışıqlarının uğurlu davamı üçün heç bir şans qoymur. Hərçənd Paşinyanı guya Bakı ilə gizli sövdələşməyə getməkdə suçlayanlar da var. Məsələn, qarabağlı səhra komandiri-general Vitali Balasanyan deyib ki, Ermənistan hakimiyyətinin bu gün Qarabağla bağlı müşahidə edilən siyasəti tam olaraq eks-prezident Levon Ter-Petrosyanın bu münaqişə ilə baglı proqramının davamıdır (Virtualaz.org): “Onun (Levon Ter-Petrosyanın - red.) məşhur sitatını yada salaq: ”Serqo can, biz Qarabağı qaytarmasaq, pis gündə yaşayacağıq".

Balasanyana görə, o, Azərbaycanın Ağdam şəhərini işğal edən erməni əsgərlərinə başçılıq edib. “Mən Ağdama hücuma keçən hərbi birləşmənin komandiri idim. Bizə ovaxtkı hakimiyyət tərəfindən tapşırıq gəldi: ”Ağdama girməyin!" Amma mən bu qərara fikir verməyib, hücuma keçdim. Fürsəti əldən vermək olmazdı. Biz bir günə Agdamı öz nəzarətimiz altına aldıq. Demək olar ki, hər gün hakimiyyətdən telefonoqramlar gəlirdi: Ağdamı boşaldın! Onu demək istəyirəm ki, Ter-Petrosyanın Qarabağla bağlı planı başqadır və hazırkı hakimiyyət bu yola davam edir. Paşinyan Qarabağı qaytarmaq istəyir", - deyə Balasanyan qeyd edib.

Erməni generalın fikrincə, Dağlıq Qarabağa Azərbaycan bayrağı altında geniş muxtariyyət veriləcək.

*****

Doğrudur, rəsmi Bakı dəfələrlə bəyan edib ki, konfliktin həlli məhz bu formul üzrə mümkündür və Azərbaycan Dağlıq Qarabağ ermənilərinə ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Hərgah, Ermənistandan zorla qovulmuş 200 minlik azərbaycanlı əhali bu statusu qat-qat çox haqq edir. Lakin bu kimi bəyanatlar ilk növbədə Nikol Paşinyanı erməni elektoratın gözündən salmağa xidmət edir. Çünki hələ ki nə Paşinyan, nə də erməni toplumu Qarabağda ədalətli sülh formulunu yaxına buraxmır, sülhə hazır deyillər. O da bəllidir ki, konkret olaraq Paşinyan hətta Qarabağ məsələsində sələflərindən də radikal mövqe sərgiləməkdədir. Bundan sonra nələrin baş verəcəyi məlum deyil. Məlum olan odur ki, Qarabağ ətrafında nə hərb, nə sülh durumu davam edir. Bölgə üzərində barıt qoxusu isə günbəgün artmaqdadır...

Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR