İnsanlara hürriyət, millətlərə istiqlal!

Nə əfv, nə amnistiya olacaq

597 25.05.2019 08:40 Ölkə A A

Mirvari Qəhrəmanlı: “Sərəncam gələn ilin martına qalacaq”

28 May Respublika Günündə əfv sərəncamının verilməyəcəyi artıq məlumdur. İndi də gözlər 15 iyun Qurtuluş Gününə dikilib. Həmin tarixdə ölkəmizdə ya əfv sərəncamının, ya da amnistiya aktının imzalanacağı bildirilir.

Bu barədə günlər öncə hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”da anons vermişdi. O, əfv sərəncamının olacağına inanmasa da, amnistiyanın verilə biləcəyini açıqlamışdı.

Sitat: “Əfvin olacağını konkret deyə bilmərəm, bəlkə amnistiya verilsin. Bu olarsa, həbsxanadakı siyasilərin maddələri ora düşəcək. Əfvin birmənalı olmayacağını da demək olmaz. Sadəcə, mənə elə gəlir ki, amnistiya verilə bilər”.

Mirvari Qəhrəmanlı ile ilgili görsel sonucu

N.Cəfəroğlunun həmkarı Mirvari Qəhrəmanlı amnistiyanın olacağına inanmır: “Amnistiya təklifi parlamentdə səsləndirilə bilər. Əgər belə bir fikirləri olsaydı, bu təklifi 10 mayda, yəni Heydər Əliyevin doğum günündə irəli sürərdilər. 15 iyun ölkəmizdə vaxtilə cərəyan edən siyasi proseslər nəticəsində ortaya çıxan bir tarixdir. Bu baxımdan belə bir tarixdə amnistiyanın veriləcəyinə inanmıram. Əgər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı belə bir qərar verilməyibsə, indi də verilməsi ehtimalı çox aşağıdır. Açığı, bu il üzrə ümidli deyiləm. İlin sonlarında əfv sərəncamının verilə biləcəyi barədə fikirlər səslənir. Buna da inanmıram. Çox güman ki, sərəncam gələn ilin martına qalacaq. Amma onu da qeyd edim ki, son illərdə Cinayət Məcəlləsində müəyyən dəyişikliklər oldu. Ölkədə bəzi proseslər gedir. Məhbuslarla bağlı da yaxın vaxtlarda müəyyən proseslərin gedəcəyini düşünürəm. Bunu düşünmək üçün müəyyən əsaslarım var. Məsələn, kimsə düşünmürdü ki, İlqar Məmmədov əfvlə deyil, məhkəmə qərarı ilə azad olunacaq. Praktikada belə nümunələr var. İlin sonuna qədər bunlar baş verə bilər”.

Xatırladaq ki, məhbuslarla bağlı son qərar bu ilin martında verilib. İmzalanan Novruz əfvi yüzlərlə məhbusu, o cümlədən 50-dən çox siyasi məhkumu əhatə edib.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR