İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirliyin müğənnilərlə bağlı bəyanatına sənətçilərdən reaksiya gəldi

2404 09.08.2017 09:50 Şou-biznes A A

 

“Niyə ölkədən çıxışa qadağa qoyulsun ki?..”

Məlum olduğu kimi, Vergilər Nazirliyi şou-biznes nümayəndələrinə bir daha xəbərdarlıq edərək bildirib ki, borcu olan sənətçilərin ölkədən çıxışına qadağa qoyula bilər.

Nazirlik öz bəyanatında qeyd edib ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı məhkəməyə müraciət etmək hüququna malikdir.

Miqrasiya Məcəlləsinin qanunlarına əsasən də məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək şəxs ölkədən getmək hüququndan məhrum ola bilər.

Xatırladaq ki, ötən il vergi borcları ilə bağlı nazirlik tərəfindən sənətçilərə dəfələrlə xəbərdarlıqlar edilmişdi. Buna baxmayaraq çoxlu sayda sənətçinin hələ də vergi borcu olduğundan bəzilərinin haqqında ölkədən çıxışına qadağa qoyulmuşdu. Onların arasında əməkdar artistlər Abbas Bağırov, Aygün Bəylər, müğənni Ramal İsrafilov, bəstəkar Tural Bayraməliyev və digərləri var idi.

Maraqlıdır, hazırda hansı sənətçinin vergi borcu var? Sənətçilər ölkədən çıxışına qadağa qoyulması məsələsinə necə yanaşır? Mövzu ilə əlaqədar bir neçə sənətçinin mövqeyini öyrənməyə çalışdıq.

Xalıq artistləri Səməd Səmədov və Mətanət İsgəndərli hazırda heç bir vergi borcu olmadığını bildirdi.

Müğənni Nadir Qafarzadə isə sualımıza bu cür cavab verdi: “Yəqin ki, Vergilər Nazirliyi sənətçilərin köhnə borcları ilə əlaqədar bəyanat yayıb. Çünki indiki borc ola bilməz. İndi bütün sahələrdə olduğu kimi, toy biznesində də qazanc çox aşağı enib. Son devalvasiyadan sonra, yəni dolların 1.7 manat olması bizi müğənnilərin də qazancına təsir etdi. Yəni axır vaxtlar mən artıq yeni mahnılar yazdırmıram, çünki bunların hamısı xərc deməkdir. Əgər qazanc yoxdursa, biz hardan xərcləyək? Demirəm ki, ac-susuzuq, amma yenə də köhnədən əldə etdiyimiz qazancları yeyir, xərcləyirik. Yenə də şükür Allaha, hərdən ayda 2-3 toy olur. Lakin zamanında ayda 10-15 toy var idisə, təsəvvür edin ki, bu say 3-ə enib”.

Sənətçi Vergilər Nazirliyi ilə heç vaxt problem yaşamadığını dedi: “2003-cü ildən vergi ödəyicisiyəm. Bu haqda qəbzlərim də var, hazırda da heç bir problemim yoxdur, vergini vaxtında ödəyirəm. Dövlətin qəbul etdiyi qanundan heç kim yan qaça bilməz, bunu hamımız bilirik. Çünki bütün ölkələrdə bu belədir. Onsuz da sənətçilər gec-tez bu vergini ödəyəcək, sadəcə vaxtında ödəməyəndə üstünə faiz gəlir. Zamanında ödəsələr, onlara xeyir olar. Yoxsa faizlər böyüdükcə onlar ödəyə bilməyəcək, hətta barələrində həbs də, ölkədən çıxışlarına qadağa da qoyula bilər. Bir faktı qeyd edim, Türkiyədə kiminsə dövlətə 1 lirə belə borcu olanda, onun mülkünə əl qoyulur. Qanun hər kəs üçün qanundur. Ona görə də tövsiyə edərdim ki, vergilərini vaxtında versinlər”.

Похожее изображение

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) vergilərin hər kəsə aid olduğunu bildirdi: “Hər kəs bu borcu verməlidir. Mən neçə ildir ki, vergidən yayınmıram. Həmişə vergimi vaxtlı-vaxtında ödəyir, verirəm. Sadəcə olaraq bir il fəaliyyətimi analıq məzuniyyətimə görə dayandırmışdım. Son iki aydır ki, yenidən fəaliyyətimə davam edirəm. Dünənə qədər yalnız 95 manat vergi borcum var idi, onu da ödədim. Yəni mənim vergi ilə bağlı heç bir problemim yoxdur, ola da bilməz”.

Ş.Tovuzlu sənətçilərin ölkə çıxışına qadağa qoyulması məsələsinə isə bu cür mövqe bildirdi: “Ola bilsin ki, sənətçilər ölkə xaricinə təkcə toylara görə deyil, digər məsələlər ilə bağlı və yaxud istirahət üçün gedir. O demək deyil ki, müğənni ölkədən gedirsə məhz qazanc dalınca gedir. Şəxsən mən ildə 2-3 dəfə yalnız Moskvaya toya gedə bilərəm. Heç toy olmasın, bəlkə istirahətə gedirik, niyə ölkədən çıxışa qadağa qoyulsun ki? Sadəcə müğənnilərə başa salınmalıdır ki, bəli, sən vergi borcunu ödəməlisən. Mən ayda 5-10 toya gedən müğənniyəm və hər zaman vergimi ödəyirəm”.

Картинки по запросу Tamada Nazilə Səfərli

Tamada Nazilə Səfərli də qeyd etdi ki, hər kəs qanunlara tabe olmalıdır: “Bu ölkədə yaşayıb, qazanırıqsa, deməli, vergini də ödəməliyik. Qanunlara hər kəs tabe olmalıdır. Bəli, sənətçilər də vətəndaşdır. Qanunu pozan vətəndaş da ölkədən çıxa bilməz. Əslində vergiləri verməklə dövlətə öz sevgimizi bildirməliyik”.

X.GƏRAY
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR