İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlikdən “Yeni Müsavat”ın yazdıqlarına reaksiya gəldi

2556 20.07.2019 10:20 Ölkə A A

“Vüsal Muradova istədiyi ləvazımatlar yaxın günlərdə təqdim olunacaq”

“1 il 4 aydır ki, özünüməşğulluq proqramına qoşulmuşam. Dövlətdən bir vətəndaş olaraq ”Canon D 800" fotoaparatı, bir də foto-video montaj işlərini görmək üçün noutbuk - “Lenovo Y 520" istəyirəm ki, işləyim. İşsizlikdən ailəm dağılıb, maddi vəziyyətim ağırdır” - Vüsal Muradov ötən ay “Yeni Müsavat”a bu sözlərlə müraciət etmişdi.

Deyir ki, onu yenidən redaksiyamıza gətirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmilərinin olduqca ləng addımlarıdır: “2018-ci ilin aprelində özünüməşğulluq proqramına qoşuldum. Proqrama qoşulanda böyük ümidlərim vardı. Düşünürdüm ki, nəhayət, işimi qurub ailəmi dolandıracaq qədər pul qazana biləcəyəm. Bu qədər vaxt keçib, amma işim dalana dirənib. Hər ay vəd verirlər, yaxşı olacaq deyirlər. Bu müddətdə işləsəydim, artıq maddi durumum da düzəlmişdi. Xahiş edirəm nazirlik rəsmiləri mənim məsələmlə maraqlansınlar, nəhayət ki, həll etsinlər...”

Qeyd edək ki,  Vüsal Muradov redaksiyamıza ötən dəfə müraciət edəndə bildirib ki, əvvəllər restoranlarda foto-video xidmətləri göstərib. Onun qəzetimizə dediklərindən sitat: “Uyğun ləvazımatlarım olmadığından sonradan işsiz qaldım. Özünüməşğulluq proqramına qoşulmaqda məqsədim o idi ki, işə başlamaq üçün ləvazımatları dövlətdən alım. 2018-ci ilin aprelində 1 aylıq kurs keçdilər. Biznes-plan tərtibatını öyrətdilər. Kurs yekunlaşdı, sonda biznes-plan yazdım. Planda mənə fəaliyyət üçün 2 ləvazimat - fotokamera ”Canon D 800", (həmin vaxt qiyməti 1600 manat idi) bir də foto-video montaj işlərini görmək üçün noutbuk - “Lenovo Y 520" (qiyməti həmin dövrdə 2200 manat idi) alınmasını yazdım. Qeyd etdiyim ləvazımatlar mənim ortabab fəaliyyətim üçün bəs edirdi, ona görə də biznes planda bu ləvazımatları yazdım. Əslində isə daha professional ləvazımatlara ehtiyacım var. Düşündüm ki, bu ləvazımatlarla pul qazanıb özümə daha professional ləvazımatlar alaram”.

received_614716705684562.jpeg (344 KB)

Vüsal Muradov

Vüsal Muradov deyir ki, 2018-ci ilin aprelində biznes-planı təqdim edəndən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Bakı Şəhər Məşğulluq İdarəsində olub: “Biznes-planı təqdim etdiyimdən düz 8 ay sonra, 2019-cu ilin yanvarında məni Dərnəgül qəsəbəsindəki Məşğulluq Mərkəzinə çağırdılar. Ortaya bir müqavilə qoydular. Özümə də işimə tam yararsız ləvazımatlar  - ”Canon D 800" əvəzinə “Canon D 400", hanısının ki, qiyməti 750 manatdır, bir də ”Lenovo Y 520" əvəzinə 800-1000 manat arası qiyməti olan “Lenovo” noutbuku vermək istəyirdilər. Dedim ki, bu ləvazımatlar mənim işimə yaramır. Kameranın göstəriciləri normal çəkilişə imkan vermir, təqdim etdikləri noutbukda çəkdiklərimi də montaj edə bilməyəcəyəm. Çünki montaj proqramları həmin noutbukda sadəcə işləmir. Mənə həmin ləvazımatları biznes-planda yazdığım ləvazımatların qiymətinə, onların adı ilə vermək istəyirdilər. Müqavilədə də mənə 3 min 800 manatlıq  ləvazımatların təqdim edildiyi yazılmışdı. Müqaviləni imzalamağımı istəyirdilər. Müqavilədə mənə “Canon D 800", ”Lenovo Y 520" təqdim olunduğu yazılsa da, reallıqda mənə daha ucuz qiymətə olan, mənim işimə yaramayan ləvazımatları vermək istəyirdilər. Lakin mən həmin müqaviləni imzalamaqdan imtina etdim. Sənədlərlə mənə 3 min 800 manatlıq, reallıqda isə 1750 manatlıq ləvazımat veriləcəkdi".

Vətəndaş Vüsal Muradov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etdiyini bildirdi: “Nazirdən başqa hamısının, müavinin, Məşğulluq Xidmətinin rəisi Fuad Musayevin qəbulunda oldum. O mənə vəd etdi ki, problem həll ediləcək. Martda onun qəbulunda olmuşam, bu günə qədər də mənə ləvazımat vermirlər. Maddi sıxıntılar ucbatından ailəm dağılıb. Nazirlikdəki məmurlar get-gələ salmaqla ailəli insanları çıxılmaz duruma salırlar”.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Nizami rayon Məşğulluq Mərkəzinin direktoru İlqar Şıxəliyevlə əlaqə saxlayıb. Direktor bildirib ki, vətəndaş Muradova istədiyi ləvazımatlar yaxın günlərdə təqdim olunacaq: “Standart paketlər var, həmin standart paketlərdən kənara çıxmaq olmur. Vüsal Muradova da standart paket təklif olunur. Lakin həmin paketə daxil olan avadanlıqlar Vüsal Muradovu qane etmədiyindən iyulun 15-də başlanan fərdi yanaşma qaydasında ona istədiyi ləvazımatlar təqdim olunacaq. Bu haqda cənab nazir tapşırıq verib, heç bir problem qalmayıb. Gün söhbətidir, bu gün-sabah, 2-3 günə Vüsal Muradova istədiyi avadanlıqlar təqdim olunacaq”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR