Nazirlikdən marşrut və taksilərə sərt qaydalar
Avropa Yay Oyunları yaxınlaşdıqca ictimai nəqliyyata nəzarət daha da sərtləşdirilir. Axar.az-ın daha əvvəl yazdığı kimi, yarışmaya qədər marşrut və taksi sahəsində ciddi dəyişikliklər olacağı təsdiqlənməkdədir.
Xüsusilə olimpiya oyunları keçirilən yerlərdə ictimai nəqliyyatın daha müasir tələblərə uyğunlaşdırılması istiqamətində tədbirlər görülür. Artıq Nəqliyyat Nazirliyi sərnişinlərə xüsusi icazə olmadan xidmət göstərən taksi və avtobus sürücülərinə qarşı mübarizəni sərtləşdirmək niyyətində olduğunu bəyan edib.
Nazirliyin “Trend”ə danışan mətbuat katibi Namiq Həsənovun sözlərinə görə, keyfiyyətin artırılması məqsədilə qanunsuz xidmət göstərən taksi və avtobus sürücülərinə münasibətdə reydlərə başlanır. Həsənov bildirib ki, taksi sürücüləri öz fəaliyyətlərini qanuniləşdirmək üçün xüsusi icazələr almalıdırlar: “Reydlər həm də qanunsuz sərnişin daşıyan kiçik tutumlu avtobusların sürücülərinə qarşı da aparılır. Bütün bu hallar aşkar edilib aradan qaldırılacaq”. Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzinin xarici və daxili müşahidə kameralarından əldə edilən məlumata görə, 2014-cü ildə marşrut sürücülərinin sükan arxasında telefonla danışması ilə bağlı 23.309 hal, siqaret çəkməsi ilə bağlı 12.750, avadanlığın işinə müdaxilə ilə bağlı 59.941, eləcə də qanunsuz parketmə ilə bağlı 20.333 hal qeydə alınıb.






