İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlikdən fermerlərə mühüm təklif

2161 20.07.2019 09:20 İqtisadiyyat A A

 

Qarpız sahələrdə niyə qalıb?

Qarpız mövsümü başlanar-başlanmaz regionlardan istehsalçı fermerlərin narazılıqları da başlayıb. Belə ki, bu günlərdə ölkə mətbuatında bir sıra bölgədə qarpızın sahələrdə qaldığı, alıcı tapılmadığı bildirildi. Bərdə rayonunun Lənbəran kəndində təsərrüfat sahibləri qarpız alıcısının azlığından narazıdır. Onlar qarpıza qoyduqları mayanı belə çıxara bilmədiklərini deyirlər (Xəzərxəbər.az).

Bu rayon şirin və keyfiyyətli qarpızı ilə tanınsa da, məhsulun satılmaması bu sahəyə marağı azaldır. Hazırda paytaxt bazarlarında qarpızın 1 kiloqramının qiyməti 40 qəpik civarında olsa da, rayonda sahələrdə 20 qəpiyə təklif olunan qarpıza alıcı tapılmır. Fermerlər deyirlər ki, əgər vəziyyət belə davam edərsə, gələn il qarpız əkməyəcəklər.

Fermerlərin bu narazılığı nə qədər əsaslıdır? Dövlət, aqrar sahəyə məsul olan Kənd Təsərrüfatı Nazirliyi fermerlərin öz məhsullarını bazara çıxarması üçün hansı dəstəyi verə bilər?

“Yeni Müsavat”ın suallarını cavablandıran kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli bildirir ki, ötən il bazarlarda qiymətlərin əlverişli formalaşması ilə əlaqədar olaraq cari ilin əkini üçün qarpız sahələrinin artırılmasına böyük maraq olub: “Bir il ərzində sahələr 300 hektardan çox artırılıb, fermerlər tərəfindən toxumçuluq işinin gücləndirilməsi üçün yerli toxumlardan istifadə ilə yanaşı xarici ölkələrdən də bizim iqlimə uyğunlaşmış toxumlar gətirilərək əkilib. Nəticədə bu ilki mövsümdə qarpız bazara 0.50-0.60 qəpik həddində daxil oldu ki, bu da istehlakçıların marağına uyğun idi. Amma bu qiymət örtük altında yetişdirilən məhsullara aid idi, artıq iyulun əvvələrindən açıq sahədən məhsul yığılmağa başlayıb və bazardakı qiymətlər alıçılar üçün bir az da əlverişli mövqeyə gəlib. İki gün əvvəl paytaxtın ən böyük topdansatış məntəqələrində qarpız 0.23-0.32 qəpikdən təklif olunub, pərakəndə bazarda isə qiymətlər 0.35-0.45 qəpik həddində müəyyənləşib. İyulun 19-na, yəni bu günə olan məlumata görə isə qarpızın səyyar satışlarda qiyməti 0.25-0.30 qəpik, yemiş isə 0.35-0.40 qəpikdir. Hesab edirik ki, əhalinin alıçılıq qabiliyyəti baxımından bu il qarpız-yemişin qiyməti çox əlverişlidir. Əsas istehsalçı rayonlarımızda fermerlərlə apardığımız söhbətlərə əsasən deyə bilərik ki, sahədəki qiymət torpaq adamlarını qane edir. Üstəgəl, bu ilki mövsüm məhsuldarlıq baxımından qarpız üçün uğurlu olub. Əgər ötən il fermer sahədən 18-20 ton məhsul yığırdısa, bu il 25-30 ton yığır. Bu il sahələrdən təxminən 364 min tondan çox qarpız-yemiş yığılacaq. Bu, ötən ilkindən təxminən 15 min ton çoxdur”.

Nicat Nəsirli ile ilgili görsel sonucu

Ekspertin sözlərinə görə, qarpız-yemiş yeganə məhsuldur ki, nə idxalda, nə də ixracda rol oynayır: “Cüzi həcmdə xaricə satırıq, elə o qədər də alırıq”.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov isə deyir ki, hazırda qarpızın sahələrdən alış qiyməti 20-25 qəpik, paytaxt və böyük şəhərlərdə pərakəndə satış qiyməti 35-40 qəpikdir: “Ötən il iyul ayında qarpızın pərakəndə satış qiyməti 70-90 qəpik təşkil edirdi. Yerində isə 40-45 qəpiyə satılırdı. Əlverişsiz iqlim şəraiti ötən il məhsulun az olmasına səbəb oldu ki, bu da yüksək qiymətə gətirdi. Bu il həm əlverişli iqlim şəraiti var, həm də 2018-ci illə müqayisədə daha 300 hektar artıq sahədə qarpız əkilib, ümumilikdə qarpız sahələrinin həcmi 15100 hektar təşkil edir. Qarpız sahələrində orta məhsuldarlıq ötən ilə görə (158 s/ha) 2 sentner yüksəkdir və hazırda 160 s/ha təşkil edir. Bostanın kənarında qarpızın 1 kiloqramının 20 qəpiyə satılması fermerlər üçün əlverişli qiymət hesab olunmalıdır. Buna görə də hansısa fermerin 20 qəpiyə narazı qalması əsassızdır. Digər tərəfdən, açıq sahələrdən qarpız yığımı 4-5 gündür başlanıb. Azərbaycanda heç vaxt qarpız 4-5 gün ərzində tamamilə satılmayıb. Bu, elə bitkidir ki, bir neçə həftə ərzində satılır. Fermerlər niyə indidən məhsul qaldı deyə narazılıq etsin ki? Məhsulu əkən fermer əvvəlcədən onun satış bazarını da müəyyənləşdirməlidir, bu, bazarın tələbidir”.

Vüqar Hüseynov ile ilgili görsel sonucu

Bununla belə, V.Hüseynov qeyd edir ki, hansısa fermer məhsulunu satmaqda çətinlik çəkirsə, Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edərək, təşkil olunan “Kənddən şəhərə” yarmarkalarına qoşula bilər: “Məhsulu bazara çıxararkən maya dəyərinə təsir edən əsas iki amil var: nəqliyyat xərci və bazarda yer haqqı. ”Kənddən şəhərə" yarmarkalarında yer haqqı yoxdur, istənilən fermer öz məhsulunu tam ödənişsiz formada gətirib burada sata bilər. Nəqliyyat xərcinə gəldikdə, biz bu məsələdə də həqiqətən məhsulunu bazara çıxara bilməyən istehsalçıya dəstək verə bilərik. Yeganə şərtimiz budur ki, istehsalçı öz məhsulunu yarmarkada bazar qiymətinə deyil, daha ucuz satsın. Yəni bu gün pərakəndə satışda qarpız 40 qəikdirsə, bizim yarmarkada bu, 25-30 qəpikdən yüksək ola bilməz. Kimi bu qiymət qane edirsə və həqiqətən Bakıya məhsul gətirməyə imkanı çatmırsa, müraciət eləsin Dövlət Aqrar Ticarət Şirkətinə, ona dəstək verilsin".

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR