Xarici vətəndaşlar müvafiq şirkətlərin vasitəçiliyi ilə ov icazəsinin alınması üçün müraciət edirlər.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.
Direktor deyib ki, vasitəçilik funksiyasını yerinə yetirən şirkətlər üzərinə müəyyən öhdəlik götürməlidirlər ki, xaricilər Azərbaycan qanunlarına riayət etsinlər: "Etiraf edilməlidir ki, əvvəl xarici vətəndaşların qanunu pozma halları olub. Buna görə də bu ildən qanunlara hörmət edilməsi, qanunsuz ovların qarşısını almaq üçün xarici vətəndaşlar üçün ovu təşkil edən şirkətlərin üzərlərinə müəyyən öhdəliklər qoyulub".
Onun sözlərinə görə, nazirliyə ovla bağlı çox sayda müraciət daxil olur: "Bu ilin ov mövsumü may ayında başlayıb. İlk növbədə Dağıstan turuna icazə verilib. Avqustun 24-dən quş ovuna icazə verilib, oktyabrın ortalarından su bataqlıq quşların ovuna icazə veriləcək. Ov mövsümünün fevral ayının sonu, martın əvvəllərində başa çatdırılması nəzərdə tutulur".
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, bəzən ovçular ov icazələrinin sayının artırılmasıni istəyirlər: "Ov icazələrinin sayı ovlamaq istəyənlərin sayına görə deyil, populyasiyaların sayına görə müəyyən edilir. Ən çox müraciətlər sənədlərlə bağlı olur. Yerli vətəndaşlar ov icazəsi almaq üçün ov bileti almalıdır. Bu bileti alan vətəndaşlar nazirliyin yerli şöbələrinə müraciət edə bilərlər". (Trend)






